Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-635/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Mirzəyevin sədrliyi, Ramil Firudin oğlu Qurbanovun katibliyi İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Nizami Rayon DYPŞ YNH-nin inspektoru polis leytnantı Nümayəndə1 Mais oğlu oğlunun, Bakı Şəhəri Nizami Rayon DYPŞ-nin nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs iştirakı ilə Bakı şəhəri, Nizami rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 333.3-cü maddələri ilə nəzərdə tutulan inzibati tənbehin tətbiq edilməsi barədə protokola 15 mart 2022-ci il tarixdə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair toplanmış material Nizami RPİ-i tərəfindən baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında işitrak edən Nizami Rayon DYPŞ YNH inspektoru polis leytnantı Nümayəndə1 Mais oğlu izahat verərək bildirmişdir ki, 11.03.2022-ci il tarixdə 102 xidmətində məlumat daxil olmuş, Bakı şəhəri Nizami rayonu Rizvan Teymurov küçəsində yol nəqliyyat hadisəsi baş verildiyi bildirilmişdir. Bundan sonra o, hadisə yerniə getmiş, **-UO-*** dövlət qeydiyyat nişanlı Ford Fusion markalı avtomobillə **-VH-*** dövlət qeydiyyat nişanlı BMVV markalı avtomobilin sürücülərinin iştirakı ilə yol nəqliyyat hadisəsi törədildiyini müəyyən etmişdir. Hadisə zamanı "xxxx" ASC-nin nümayəndəsi və sürücülər hadisə yerində olmuşlar. İlkin olaraq sürücüləri dinlədikdən sonra sürücülərin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparmışdır.11.03.2022-ci il tarixli 2/4242 nömrəli protokola əsasən hadisəni törədən sürücü Şəxs spirtli içki qəbul etdiyi və sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir. Bundan sonra müvafiq olaraq sürücülərin izahatı alınmış və 14.03.2022-ci il tarixdə Şəxs barəsində sonuncunun AR İXM-nin 327.1 və 333.3-cü maddələri ilə təqsirli bilinməsinə dair İXP ******* nömrəli 14.03.2022-ci il tarixli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibatə xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 11.03.2022-ci il tarixdə əsas yol ayrıcına daxil olan zaman YHH Qanunun tələblərinə uyğun olaraq saga dönmə nişanını yandırıb, yolun sol hərəkət hissəsinin boş olduğunu müəyyən etdikdən sonra hərəkətə başlamış və bu zaman yolun əks hərəkət zolağında olan **-VH-*** dövlət qeydiyyat nişanlı avotomobillə toqquşmuşdur. Həmin küçədə yolun sağ hissəsində Ford Tranzit markalı iri qabaritli avtomobil saxladığından onunla həmin avtomobili görmək imkanı olmamışdır. Həmin avotomobil İXM-nin 327.4-cü maddəsinin tələblərini pozaraq əks hərəkət zolağında olduğundan hadisənin qarşısını ala bilməmişdir. Hadisə vaxtı spirtli içkidən qəbul etməmiş və sərxoş vəziyyətdə olmamışdır. Heç bir əsas olmadan polis əməkdaşları onu avtomobilindən kənarlaşdırmış, avtomobilini duracağa yerləşdirmişlər. Bu zaman protokol tərtib edilməmişdir. Bundan sonra YNH inspektorunun göstərişinə uyğun olaraq sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün Nizami metrostansiyasının yaxınlığında yerləşən Respublikası Narkoloji Mərkəzinə getmişlər. Həmin zaman xüsusi texniki vasitəyə uzaqdan üfləmiş və guya onun 1.990 promil içkili olmasını həkim narkoloq ona bildirmişdir. O da bununla razılaşmayıb spritli içki qəbul etmədiyini bildirib AR NKnin 27.06.2014-cü il tarixli qərarına uyğun olaraq qan analizinin verilməsini tələb etmiş, lakin bundan imtina edilmişdir. Həmin vaxt hal şahidləri iştirak etməmişlər. Hadisənin səhəri günü ərizə ilə AR Səhiyyə Nazirinə və AR DİN Nizami Rayon DYPŞ-ə ərizə ilə müraciət edərək ondan sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müvafiq qan analizinin götürülməsini təmin etməyi xahiş etsə də, müsbət cavab verilməmişdir.12.03.2022-ci il tarixdə YNH inspektoru Nümayəndə1 çağırışı əsasında Nizami rayon DYPŞ-nə gedib hadisə barəsində yazılı izahat vermis, hadisə yerinin sxemi ilə tanış olmuş və izahatında özünü təqsirli bilmədiyini bildirmişdir. Həmin vaxt ona hər hansı bir qərardad və ya protokol təqdim edilməmiş, hüquq və vəzifələri izah edilməmişdir. Bundan sonra 14.03.2022-ci il tarixdə YNH inspektoru Nümayəndə1 onun mobil istifadəsində olan mobil nömrəyə zəng edərək məhkəməyə gəlməli olduğunu bildirmişdir. Barəsində tərtib olunmuş İXP4508547 nömrəli 14.03.2022-ci il tarixli protokol ona təqdim edilməmiş, onunla tanış olmamış, protokol onun işitrakı olmadan tərtib edilmiş, O öz mülahizələrini və etirazını protokolda qeyd edə bilməmiş və imzalaya bilməmişdir. Qeud olunanlara əsasən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil izahat verərək bildirmişdir ki, hazırkı material üzrə protokol tərtib edilən zaman AR İXM-nin 57, 69.2, 96, 100, 101-ci maddəsinin tələbləri kobud pozulmuşdur. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxs avtomobilin idarə olunmasından kənarlaşdırılan zaman AR İXM-nin 96-cı maddəsininin tələbləri pozularaq protokol tərtib edilməmişdir. Bundan başqa hüquqlarını müdafiət etdiyi şəxs tibbi müayinədən keçirilən zaman AR İXM-nin 69-cu maddəsinə əsasən hal şahidlərinin işitrakı mütləq olduğu halda iştirakları təmin edilməmişdir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublı̇ kasi Nazı̇ rlər Kabı̇ netı̇ nı̇ n iyun 2014-cü il tarixli 209 nömrəli qərarın 2.7-ci bəndinə və həmçinin qüvvədə olan inzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, həmin şəxs tibbi müayinəyə göndərilir. Lakin onun bu hüququ təmin edilməmişdir. Bundan başqa inzibati xəta haqqında protokol AR İXM_nin 101.2-ci maddəsində nəzərdə tutulan müddət pozulmaqla qəbul edilmişdir. Belə ki, həmin maddənin tələbindən aydın olur ki, İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2-ci maddəyə əsasən, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Eyni zamanda tərtib edilmiş protokol AR İXM-nin 100-cü maddəsində nəzərədə tutulan tələblərə cavab vermir. Belə ki, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməmiş, həmin protokol imzalamaq üçün ona təqdim edilməmiş və o, öz mülahizələrini məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs barəsində şikayəti yoxdur. Avtomobilin təmiri ilə bağlı razılığa gəlmişdirlər. Məhkəmə iclasında işitrak edən AR DİN Nizami rayon DYPŞ-nin nümayəndəsi Bakı Şəhəri Nizami Rayon DYPŞ-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə 11.03.2022-ci il tarixli inzibati icraat başlanma haqqında qərardad təqdim edərək bildirmişdir ki, protokolun iki gün müddətindən sonra imzalanmasına səbəb həmin qərardad olmuşdur. Şəxsin təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırarıb,işdə iştirak edən şəxsləri dinləyərək hesab edir ki, Şəxs AR İXM-nin 327.1 və 333.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan İXP4508547 nömrəli 14.03.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs AR İXM-nin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən, Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan 11.03.2022-ci il tarixli ərizədən və poçt qəbzlərindən görünür ki, Şəxs ərizə ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası DİN Nizami rayon DYPŞ-nə müraciət edərək, 11.03.2022-ci il tarixli 2/4242 nömrəli protokolun nəticələrindən narazı qaldığını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014cü il tarixli 209 nömrəli qərarına uyğun olaraq ondan qan və sidik analizinin nümunələrinin götürülməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.3-cü maddəsinə əsasən sürücü saxlanıldığı zaman nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir.Hazırkı inzibati xəta protokolunda təsvir olunan hadisə baş verən zaman belə bir protokol tərtib olunmamışdır. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən işə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Lakin Şəxs saxlanıldığı zaman tibbi müayinəyə göndərilməyi haqqında protokol ümumiyyətlə tərtib edilməmiş, izahat vermək və protokolun məzmunu barədə öz mülahizəsini təqdim etmək hüququ məhdudlaşdırılmışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 2.7-ci bəndinin və inzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, həmin Qaydaların 2.7-ci bəndinə və həmçinin qüvvədə olan inzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, həmin şəxs tibbi müayinəyə göndərilir. Lakin o hətta öz vəsaiti hesabına tibbi müayinədən keçməyi tələb etsə də əsassız olaraq və heç bir səbəb göstərilmədən müraciətindən imtina olunmuşdur. Bundan başqa Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinin tələbinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Lakin nə "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında" 2/4242 nömrəli 11.03.2022-ci il tarixli protokolda, nə də və inzibati xəta haqqında İXP ******* nömrəli 14.03.2022-ci il tarixli protokolda onun içkili olduğunu "müəyyən edən" alkotester aparatının son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir. Bundan başqa, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2/4242 nömrəli 11.03.2022-ci il tarixli protokoldan görünür ki, həmin vaxt hal şahidləri işitrak etməmişlər. Halbuki, AR İXM-nin 69.2-ci maddəsinə əsasən, şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Göründüyü kimi sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburi olduğu halda hal şahidləri dəvət olunmamış, sənədləşmə onların iştirakı olmadan aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir Bundan başqa məhkəmə dövründə Nizami rayon DYPŞ-nin nümyaəndəsi tərəfindən təqdim edilmiş 11.03.2022-ci il tarixli qərardadla bağlı məhkəmə bildirir ki, həmin qərardad inzibati xəta haqqında iş üzrə icraatın materialları məhkəməyə təqdim edilən zaman iş materiallarında olmamışdır. Həmiçinin həmin qərardadın qəbul edilməsi üçün YNH əməkdaşı tərəfindən həmin idarəyə təqdim edilmiş raport müvafiq olaraq qeydiyyatdan keçməmişdir. Məhkəmənin şifahi sorğusu əsasında həmin raportun qeydiyyatdan keçməsi barədə məlumatın təqdim edilməsi xahiş edilsə də, belə bir sənədin mövcud olmadığı bildirilmişdir. Bu səbəbdən məhkəmə həmin qərardada tənqidi yanaşır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda AR İXM-nin 102-ci maddəsinində tələblərini nəzərə alır. Belə ki, AR İXM-nin 102.1-ci maddəsinə əsasən, sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 398-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. İş materiallarından isə aydın olur ki, 12.03.2022-ci il tarixdən sonra hər hansı prosessual hərəkət aparılmamışdır. Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsinə əsasən, İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Hadisə 11.03.2022-ci il tarixdə baş versə də, İXP ******* nömrəli protokol 14.03.2022-ci il tarixdə tərtib edilmişdir. Bundan başqa protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs təqdim edilməmiş, protokol onun tərəfindən imzalanmamış və həmin protokola dair barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz mülahizələrini təqdim etmək hüququ pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir; 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır; 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır; 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur; Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən qeyd edilməlidir ki, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid olmadığı halda, Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidd olsa da, həmin xətaya dair hissədə işə müvafiq orqanda baxılmamış, iş məhkəməyə göndərilmişdir. AR İXM-nin 34.1-ci maddəsinə əsasən, Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. AR İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki,Şəxs təqsirliliyi sübuta yetirilmədiyi, o cümlədən təqsirliliyin sübuta yetirilməsi üçün qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyi üçün barəsində AR İXM-nin 333.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hissədə işin icraatına xitam verilməlidir. AR İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllədənin 327.1-ci maddəsində nəzərdə tutulaninzibatə xəta haqqında işlərə məhkəmələr tərəfindən baxılmadığı üçün həmin hissədə protokol həmin protokolu tərtib edən orqana geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-nin 40, 99, 100, 101, 109, 110 və 114cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R AR A AL D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. AR İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllədənin 327.1-ci maddəsində nəzərdə tutulaninzibatə xəta haqqında işlərə məhkəmələr tərəfindən baxılmadığı üçün həmin hissədə protokol geri həmin protokolu tərtib edən orqana qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(007)-635/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-635/2022
16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver