Məhkəmə qərarları › İş №3(007)-636/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-636/2022

15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-636/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs, xx.xx.1987-ci ildə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" QSC-də sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2an, barəsində Bakı Şəhəri Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs, 15 mart 2022-ci il tarixdə Bağırov körpüsündən üzü metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olarkən DYP əməkdaşları tərəfindən saxlanılaraq mobil telefonla danışdığı üçün qanunun tələbi ona izah edilərkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin polis sahə inspektoru X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs, 15 mart 2022-ci il tarixdə Bağırov körpüsündən üzü metronun “Koroğlu” stansiyası istiqamətində idarə etdiyi “Qazel” markalı nəqliyyat vasitəsilə hərəkətdə olarkən DYP əməkdaşları tərəfindən saxlanılaraq mobil telefonla danışdığı üçün qanunun tələbi ona izah edilərkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra, hadisə yerinə post-patrul xidməti əməkdaşları efir vasitəsilə çağırılmış və polisin qanuni tələbinə qəsdən tabe olmayan şəxs polis bölməsinə gətirilmişdir. Orada o, şəxsiyyətini müəyyən etdikdən sonra Şəxs barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs, inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları inkar edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək, izahatında bildirdi ki, 15 mart 2022-ci il tarixdə, təxminən saat 10:15 radələrində o, YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona telefondan istifadə etdiyini bildirmişlər və ondan protokol tərtib edilməsi üçün sənədlərini istəmişlər. O, barəsində protokol tərtib edilməməsi üçün sənədlərini təqdim etməmişdir və qanunsuz tələbə etiraz etmişdir. Polis əməkdaşlarından əlində telefon saxlamadığı halda, hansı səbəbdən barəsində qanunsuz protokol tərtib ediləcəyini soruşduqda polis əməkdaşları ona inzibati protokoldan şikayət verə biləcəklərini izah etmişlər, lakin o, protokolun tərtib edilməsinə etiraz etdikdə onu post-patrul xidməti əməkdaşları polis bölməsinə gətirmişlər. Bundan əlavə, Şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, polis əməkdaşları tərəfindən saxlanılarkən mobil telefon onun əlində deyil, qulağı ilə çiyni arasında olmuşdur və heç yerdə yazılmayıb ki, məhz həmin qaydada telefonla danışmaq qadağandır. Bununla yanaşı, telefon qulağı ilə çiyni arasında olduğu vəziyyətdə, o, problemsiz surətdə ötürücü qutusu mexaniki olan nəqliyyat vasitəsini rahat idarə edə bilir və bu ona maneə yaratmır. Bununla yanaşı, məhkəmə iclasında polis əməkdaşının şübhəli bilinən istənilən halda sənəd təqdim edilməsini tələb edə bilməsi ilə bağlı səsləndirilmiş fikirlərlə razı deyil, çünki o, məlumatlıdır ki, İXM-nin 37-ci maddəsinə əsasən, polis əməkdaşı yalnız stasionar postlarda ondan sənəd tələb edə bilər, əks halda isə tələb edə bilməz. Çünki o, öz hüquqlarını hamıdan yaxşı bilir. Göstərdiklərini nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və xahişini müdafiə edib, əlavə olaraq bildirdi ki, hazırda bu barədə sübutu olmasa da, onda olan məlumata görə, Şəxs 3-cü dərəcəli əlildir, himayəsində iki azyaşlı uşağı vardır, ilk dəfə inzibati xəta törətmişdir və cinayət məsuliyyətinə cəlb edilməmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin DYPŞ-nin yolpatrul xidməti inspektoru X1 ifadəsində bildirdi ki, 15.03.2022-ci il tarixdə saat 10:20 radələrində avtopatrulda xidmət apararkən, Keşlə qəsəbəsi, D.Aslan küçəsində hərəkətdə olan “Qazel” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə mobil telefonla danışdığına görə, “saxla” əmri verilmişdir. O, sürücüyə yaxınlaşıb, özünü təqdim etmiş və sürücüyə saxlanılma səbəbini izah edərək, sənədlərini təqdim etməsini ondan xahiş etmişdir. Bu zaman, sürücü mobil telefonla danışmadığını, əsassız olaraq onu saxladıqlarını, heç bir qayda pozuntusu etmədiyini bildirmişdir. O, göstərilən faktla bağlı, inzibati protokol tərtib ediləcəyini və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə və digər yuxarı orqanlara şikayət vermə hüququnun olmasını izah etmiş, lakin sürücü yenidən israrla onun qanuni tələbinə tabe olmamışdır. Bundan sonra, o, vətəndaşa post-patrul xidməti əməkdaşlarını çağıracağı barədə xəbərdarlıq etsə də, sürücü “sənədləri vermirəm, kimi istəyirsənsə get çağır” deyə cavab vermişdir. Bundan sonra, o, efir vasitəsilə pos-patrul xidməti əməkdaşlarını hadisə yerinə çağırmış və sürücü barəsində inzibati protokol tərtib edilməsi üçün polis bölməsinə dəvət edilmişdir. Əlavə olaraq qeyd edir ki, göstərdiyi bütün xüsusatlar onun geyim formasında olan “bədən kamerası” adlanan cihazda qeydə alınmışdır və o, həmin videogörüntüləri və səs yazılarını məhkəməyə təqdim edir. Məhkəməyə təqdim edilməklə, məhkəmə iclasında proses iştiraklarının iştirakı ilə tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş yol-patrul xidməti əməkdaşının “bədən kamerası” adlanan cihazında qeydə alınmış videogörüntülər və səs yazılarına baxış zamanı DYP əməkdaşları tərəfindən saxlanılan zaman Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı aşkar edilməklə, öz təsdiqini tapmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. “Yol patrul xidməti haqqında Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının 12.05.2017-ci il tarixli, Q25-001-17 nömrəli qərarının 7.7-ci bəndinə əsasən, ekipajda iki YPX inspektorundan biri patrul avtomobilindən düşərək dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yaxınlaşır, özünü sürücüyə təqdim edir və bundan sonra dayandırılmanın səbəbini bildirməklə ondan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1ci bəndində nəzərdə tutulmuş sənədlərin təqdim olunmasını tələb edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci bəndinin 1-ci hissəsinə əsasən sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən məhkəmə iclasındakı davranışını nəzərə alaraq və onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli Şəxs hazırkı işlə bağlı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 15 mart 2022-ci il, saat 10:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar