Məhkəmə qərarları › İş №3(007)-653/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-653/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-653/2023 13.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhər Statistika İdarəsinin rəis müavini X2 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 389-cu maddəsi ilə MN seriyalı ******* nömrəli, 27 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən 2022-ci ilin (rüblük) 12-istehsal (tikinti) (Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) hesabatı İV rüb üzrə yanvar ayının 20-dək təqdim edilməmişdir. Xəta 21 yanvar 2023-cü ildə baş vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X6 izahatında bildirdi ki, inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, protokolda qeyd olunan tarixdə MMC-nin fəaliyyəti mövcud olmayıb. Bu barədə arayışı da məhkəməyə təqdim edir. İcraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, qanunla müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Şəhər Statistika İdarəsinin rəsmi statistika hesabatından görünür ki, 2022-ci ilin (rüblük) 12-istehsal (tikinti) (Malların istehsalı, təqdim edilməsi və xidmətlərin göstərilməsi haqqında) hesabatı İV rüb üzrə yanvar ayının 20-dək təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş 09 fevral 2023-cü il tarixli arayışdan isə görünür ki, 2022-ci ilin 4-cü rübündə Şəxs MMC-nin fəaliyyəti olmamışdır. Belə olan halda, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar