Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-666/2021 05.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, xx xxx 1987-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi ev 4, mənzil 38-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ 24-cü PŞ-dən daxil olmuş 17 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 17 oktyabr 2020-ci il tarixdə saat 22:18-də Bakı şəhəri, Nizami rayonu ərazisində komendant rejimini qaydasını pozmuşdur. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Hərbi vəziyyət elan edilməsi haqqında” 27 sentyabr 2020-ci il tarixli Fərmanına əsasən 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş və hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsinə əsasən xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olma - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş materiallarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün tövsif olunmuşdur. Lakin məhkəmə hesab edir ki, müddətin keçməsi ilə bağlı şəxs məsuliyyətdən azad olunmaqla iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hansı ki, iş materialları ilə müəyyən olunur ki, inzibati xəta ilə bağlı protokol xətanın aşkar edildiyi 17 oktyabr 2020-ci il tarixdə tərtib edilməsinə baxmayaraq, material baxılması üçün vaxtında göndərilməmiş, 22 yanvar 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, bununla da işin məhkəməyə daxil olmasınadək artıq üç aydan çox müddət keçmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 38, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-666/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-666/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver