Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-668/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru (qanuni təmsilçi) Qurbanov Nurlan Hicran oğlunun iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 445.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş 17 mart 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 8A, mənzil 24 olan Şəxs MMC-yə aid “Expargo” daşıma şirkətinin internet səhifəsində daşıma tarifləri milli valyutada göstərilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, inzibati xəta faktı vətəndaşın müraciəti əsasında aşkar olunaraq qeydə alınmış, Şəxs MMC-yə aid “Expargo” daşıma şirkətinin internet səhifəsində daşıma tariflərinin milli valyutada göstərilməsinə dair sübut götürülərək materiala əlav edilmiş və MMC-nin barəsində inzibati xəta haqqında prookol tərtib olunmuşdur. Protokol qanuni və əsaslı olduğundan Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru (qanuni təmsilçi) Qurbanov Nurlan Hicran oğlu izahatında göstərmişdir ki, MMC-nin barəsində protokolun tərtib olunmasının əsası kimi qeyd edilən internet səhifəsində daşınma tariflərinin milli valyutada göstərilməməsi barədə vətəndaşın müraciətində qeyd olunan düzgün məlumat deyil, onun bildirdiyi sübut deyildir. İnzibati protokol tərtib olunarkən Şəxs MMC-nin fəaliyyətinin beynəlxalq poçt və yükdaşımalar olduğu və bu fəaliyyət sahəsində tariflərin istinad üçün xarici valyuta ilə göstərilməsinin tam şəkildə qanunauyğunluğu faktı nəzərə alınmamışdır. MMC-nin veb saytında tariflər istinad üçün xarici valyuta ilə göstərilsə də, yekun hesablaşmaların əməliyyat tarixinə müvafiq USD/AZN məzənnəsinə əsasən AZN ilə aparılacağı açıq-aşkar şəkildə qeyd olunmuşdur. MMC-nin veb saytında beynəlxalq daşınma tariflərinin xarici valyuta ilə göstərilməsinə səbəb, həmin əməliyyatların beynəlxalq xarakter daşımasıdır. Daşınmanın məhz iki və ya bir neçə dövlət arasında həyata keçirilməsi beynəlxalq daşınmanın xarici elementi olub, onun xarakterik əlamətini təşkil edir. Bu cür əməliyyatlar həyata keçirən digər şirkətlər də veb saytlarında qiymətləri xarici valyuta ilə göstərirlər. Nümunə kimi "xxxx" QSC-nin veb saytında xaricdə başlayan uçuş biletlərinin qiymətlərinin ABŞ dolları ilə göstərilməsini, digər poçt şirkətlərin veb saytlarında daşınma qiymətlərin ABŞ dolları ilə göstərilməsini, X3 və s. qurumların beynəlxalq yükdaşımalar üçün tarifləri xarici valyuta ilə qiymət göstərmələrini qeyd etmək olar. Nazirlər Kabinetinin 305 nömrəli qərarının 2.1.4-cü bəndinə əsasən Dövlət Gömrük Komitəsinin “Smart Customs” tətbiqində limitlər ABŞ dolları ilə hesablanır və göstərilir. Şəxs MMC-nin bağlamalarının çatdırılma prosesində başlanğıc nöqtə Türkiyə Respublikası və ABŞ, təyinat nöqtəsi isə Azərbaycan Respublikasıdır. Daşınma prosesi tamamilə beynəlxalq daşınma kateqoriyasına aiddir. Görülmüş xidmətlərin böyük əksəriyyəti ölkə xaricində baş verir, aviadaşınmanı həyata keçirən daşıyıcı şirkətlər olan “X5” və “Silkway Airlines” ilə olan hesablaşmalar ABŞ dolları ilə həyata keçirilir. Poçt daşınmalarında iştirak edən şirkətlər həm daşınma qiymətini, həm məhsulun dəyərini Dövlət Gömrük Komitəsinə elektron formada xarici valyuta ilə təqdim edirlər. Bu səbəbdən veb saytda beynəlxalq daşınmaların xarici valyuta ilə göstərilməsi təbii bir prosesdir və bütün daşıyıcı şirkətlər kimi Şəxs MMC də burada istisna deyil. Bundan başqa, inzibati protokolda şikayət edən müştərinin kompüter ekranından çəkilmiş foto-material Şəxs MMC-nin xarici valyuta ilə əməliyyat apardığına dair sübut kimi göstərilmişdir. Halbuki, veb saytda olan xarici valyuta ilə göstərilmiş qiymət tamamilə istinad üçündür və bu ekran görüntüsü heç bir halda rəsmi sənəd sayılmır. Əgər protokol tərtib olunmadan həmin müştəridən rəsmi bank çıxarışı tələb olunsa idi, müştərinin yekun ödənişlərinin Azərbaycan manatı ilə icra olunduğu görünəcəkdi. Şəxs MMC daşınma şirkətində ödənişlər “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən yalnız manatla həyata keçirilir. Eyni zamanda, müştərilər bağlamaları təhvil alarkən onlara təqdim olunan yekun qəbzdə ödəniş AZN-lə göstərilir və müştəri ödənişi AZN-lə edir. Veb sayt üzərindən olan ödənişlər istinad üçün ABŞ dolları ilə göstərilsə də, yekun ödəniş AZN-lə olunur. Bunu yoxlamaq üçün Şəxs MMC-nin veb saytında ödəniş etdikdən sonra bank çıxarışına baxmaq kifayətdir. Lakin protokol tərtib olunarkən bu məqamlar tamamilə göz ardına alınmış, Şəxs MMC-nin sanki xarici valyuta ilə əməliyyat apardığı iddiası irəli sürülmüşdür. Halbuki, valyuta əməliyyatları tamamilə müştərinin bankının səlahlyyətindədir, əgər müştəri USD/AZN məzənnəsindən narazı qalıbsa, bu barədə müraciət həmin banka ünvanlanmalıdır. Şəxs MMC-nin veb saytında yekun hesablaşmaların əməliyyat tarixinə müvafiq USD/AZN məzənnəsinə əsasən AZN ilə aparılacağı açıq-aşkar qeyd olunmuşdur. Şəxs MMC-nin yüz mindən çox müştərisi vardır. Əgər həmin şikayətdə qeyd olunan məqam reallığı əks etdirsə idi, dövlət qurumlarına bu barədə minlərlə şikayət daxil olardı. Şikayət edən vətəndaş Xanlar Sətullayev tərəflərindən araşdırılmış, müəyyən edilmişdir ki, o, www.yenilik.az xəbər saytının rəhbəri kimi vəzifəsindən sui-istifadə etmiş, dəfələrlə “Expert MMC”-nin əleyhinə qərəzli xəbərlər paylaşmışdır. Həmin müştəri öz qərəzli yanaşması ilə əlində heç bir sübut olmadan onlara qarşı iddia irəli sürmüşdür, onun təqdim etdiyi sübutlar tam əsassızdır. Rəqib şirkətlər də haqlı otaraq tarifləri ABŞ dolları ilə göstərdiyi halda yalnız Şəxs MMC-yə şikayət edilməsi qərəzli yanaşmadan xəbər verir. Bundan başqa, digər uyğunsuzluq rəqib şirkətlərin veb saytlarında da daşınma tarifləri eyni qaydada, ABŞ dolları ilə göstərilməsinə baxmayaraq protokolun yalnız Şəxs MMC üçün tərtib edilməsidir. Poçt daşımaları həyata keçirən “Starex.az”, “Limak.az”, “Dynamex.az” kimi şirkətlərin də veb saytlarında qiymətlər ABŞ dolları ilə göstərilmişdir. Lakin protokolun yalnız Şəxs MMC-yə tərtib olunması ayrı-seçkilikdir və birbaşa azad rəqabət şərtlərini pozur. Bütün şirkətlər kimi, Şəxs MMC də bazarda tətbiq olunan standart prosedurlarla işləyir, Beynəlxalq poçt daşımalar sistemində qiymətlərin ABŞ dolları ilə göstərilməsi standartdır və müştərilər üçün də anlaşılandır. Əgər daşınma tariflərini şirkətlərin veb saytlarında xarici valyuta ilə göstərmək qadağandırsa, bu barədə prokol bütün şirkətlərə eyni vaxtda tərtib olunmalı və icra olunmalıdır. Onlarla şirkətin veb saytında qiymətlərin ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, yalnız Şəxs MMC-nin belə bir maddə ilə təqsirləndirilməsi rəqabət prinsiplərini tamamilə pozur. Qeyd edilənlərlə bağlı rəsmi məktubla İqtisadiyyat Nazirliyinə müraciət etmişlər, hələ ki, müraciətlərinə cavab verilməmişdir. Şəxs MMC-nin veb saytında xarici valyuta ilə göstərilmiş qiymətlər tamamilə istinad üçün olduğuna və bütün hesablaşmalar müştərinin bankı tərəfindən əməliyyat tarixinin məzənnəsinə müvafiq olaraq AZN ilə aparıldığına, bununla da inzibati xəta haqqında protokol əsassız olduğuna görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Şəxs MMC-yə aid “Expargo” daşıma şirkətinin internet səhifəsindən çıxarışdan görünür ki, daşıma tarifləri milli valyutada deyil, ABŞ dolları ilə göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli 58 nömrəli Fərmanına əsasən Respublikada müstəqil maliyyə, pul-kredit siyasətinin aparılmasını, onun daxili bazarının qorunmasını milli valyutanın - manatın möhkəmləndirilməsini, bankmaliyyə uçot və hesablaşmalarının sadələşdirilməsini təmin etmək məqsədi ilə, 1994-cü il yanvar ayının 1-də saat 00-dan etibarən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının Mərkəzi Bankının pul nişanı - manat yeganə ödəniş vasitəsi elan edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, daşıma fəaliyyəti ilə məşğul olan Şəxs MMC-nin internet səhifəsində daşıma tarifləri milli valyutada deyil, xarici valyutada, yəni ABŞ dolları ilə göstərilmişdir, bu inzibati xətanın isə məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilməsi məhkəmə tədqiqi zamanı toplanaraq tədqiq olunmuş sübutlarla tam təsdiq olunur. Şəxs MMC-nin direktoru (qanuni təmsilçi) tərəfindən də həmin xətanın törədilməsi faktiki olaraq istisna olunmur, irəli sürülən dəlillər isə işin icraatına xitam verilməsinə əsas deyildir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 445.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 445.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 445.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə - min yüz manatdan min altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127- 4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 445.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1100 (bir min yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-668/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-668/2022
21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver