Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-678/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş 23 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, İcbari sığorta bürosu tərəfindən ötürülmüş məlumata əsasən Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin olunmamışdır. Şəxs MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı etiraz və mülahizələrini göndərərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz və mülahizələr onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir, iş materialı məhkəmənin icraatındadır. Hesab edirlər ki, həmin protokol əsassız olaraq, inzibati xətalar qanunvericliyinin tələblərinin, o cümlədən hüquqi şəxsin hüquqlarının kobud pozuntusu ilə tərtib olunduğundan, iş üzrə icraata xitam verilməlidir. Protokolun tərtib olunması onunla əsaslandırılmışdır ki, “İcbari sığorta bürosu tərəfindən ötürülmüş məlumata əsasən xx.xx.2025-ci il tarixdən AR-nin Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin olunmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir”. Hesab edirlər ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə görə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1., 8.1-1, 8.1-2 və 8.2-ci maddələrinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. İcbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Bu Qanunun 50-1.0.3-cü maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanılır. Bu Qanunun Xüsusi bölməsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Hazırda mübahisələndirilən məsələ üzrə baş verənləri aşağıdakı ardıcıllıqla məhkəmənin nəzərinə çatdırırlar və bunları müşayiət edən sübutları etiraza əlavə edirlər: 1. X4 Xidmətinin Bakı şəhər İdarəsi 13 yanvar 2025ci il tarixli, 3-17-5/2-2316/2025 saylı məktubu ilə Şəxs MMC-yə müraciət edərək qeyd etmişdir ki, İcbari sığorta bürosunun məlumatına əsasən Şəxs MMC (VÖEN **********) tərəfindən 44 nəfər işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmadığı müəyyən edilmişdir. Odur ki, 7 iş günü ərzində işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməli və görülmüş tədbirlər barədə həmin İdarəyə məlumat verilməlidir. Qısa müddət ərzində uyğunsuzluqlar aradan qaldırılmadığı və tələb olunan məlumatlar təqdim edilmədiyi halda barələrində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlər görüləcəyi haqda xəbərdarlıq edilmişdir. Bu məktub, poçt vasitəsi ilə göndərilmiş və 27 yanvar 2025-ci il tarixdə ərazi üzrə poçt şöbəsinə daxil olmaqla onlara rəsmi qaydada təqdim edilmişdir. 2. X4 Xidmətinin Bakı şəhər İdarəsi 17 yanvar 2025-ci il tarixli, 3-17-5/2-4367/2025 saylı məktubu ilə Şəxs MMC-nin işəgötürəni X3 müraciət edərək qeyd etmişdir ki, altsistem vasitəsi ilə aparılan təhlillər zamanı Şəxs MMC tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsi məqsədilə müvafiq müqavilənin bağlanılmadığı müəyyən edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək məqsədilə işəgötürən və ya nümayəndəsi xx.xx.2025-ci il tarixdə saat 15:00-a iclasa dəvət edilmişdir. Bu məktub, poçt vasitəsi ilə göndərilmiş və 23 yanvar 2025-ci il tarixdə ərazi üzrə poçt şöbəsinə daxil olmaqla onlara rəsmi qaydada təqdim edilmişdir. 3. X4 Xidmətinin Bakı şəhər İdarəsinin eyni tarixli və nömrəli, eyni məzmunlu məktubu Şəxs MMC-nin işəgötürəni X3 ünvanlanmış, məktub poçt vasitəsi ilə göndərilmiş və 25 yanvar 2025-ci il tarixdə ərazi üzrə poçt şöbəsinə daxil olmaqla onlara rəsmi qaydada təqdim edilmişdir. 4. X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 23 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu 24 yanvar 2025-ci il tarixli məktubla Şəxs MMC-nin işəgötürəni X3 göndərilmiş və 03 fevral 2025-ci il tarixdə ərazi üzrə poçt şöbəsinə daxil olmaqla onlara rəsmi qaydada təqdim edilmişdir. 5. X4 Xidmətinin Bakı şəhər İdarəsi 24 yanvar 2025-ci il tarixli, 3-17-5/2-6657/2025 saylı məktubu ilə Şəxs MMCnin işəgötürəni X3 müraciət edərək qeyd etmişdir ki, 23 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola baxılmasında iştirak etmək məqsədilə işəgötürən xx.xx.2025-ci il tarixdə saat 11:00-a iclasa dəvət edilmişdir, həmin məktub 06 fevral 2025ci il tarixdə ərazi üzrə poçt şöbəsinə daxil olmaqla onlara rəsmi qaydada təqdim edilmişdir. Göründüyü kimi, Şəxs MMC-nin ünvanına göndərilmiş, inzibati xəta haqqında protokolun tərtibində iştirak etmələri ilə bağlı məktublardan biri iclasın keçirildiyi 23 yanvar 2025-ci il tarixində, digəri isə iclasdan 2 gün sonra, 25 yanvar 2025-ci il tarixdə poçt şöbəsinə daxil olmuş və daha sonra onlara təqdim edilmişdir. Belə olan halda məlumatları olmadığı iclasda iştirakları faktiki mümkün ola bilməzdi. Buna baxmayaraq və İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan hüquqları (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və s.) pozulmuş, iştirakları olmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hansı ki, iclasda iştirak etdikləri və sübutları təqdim etdikləri halda, əsassız olaraq inzibati qaydada məsuliyyətə cəlb edilməz və barələrində inzibati qaydada tənbeh tətbiq edilməzdi. Sübutların mövcudluğu və real olmaqla qanuniliyi ilə bağlı qeyd edirlər ki, Şəxs MMC, o cümlədən MMC-yə aid “Xəzər” klinikası uzun illərdir əmək qanunvericiliyinin tələblərinə ciddi şəkildə riayət edir və işçilərin hüquqlarının qorunmasını daim prioritet hesab edir. Şəxs MMC 2016-cı ildən etibarən "xxxx" ASC ilə əməkdaşlıq edərək, bütün işçilər üçün icbari sığorta müqaviləsi bağlamış və hər il qanunvericiliyə uyğun olaraq bu müqavilənin yenilənməsini təmin etmişdir. MMC-nin qüvvədə olan sığorta müqaviləsi 13 fevral 2025-ci il tarixinədək, yəni 23 yanvar 2025-ci il tarixdə inzibati xəta haqqında protokolun tərtib olunmasınadək etibarlı olmuşdur. Yuxarıda istinad etdikləri 17 yanvar 2025-ci il tarixli, 3-17-5/2-4367/2025 saylı məktubun poçt vasitəsi ilə 23 yanvar 2025-ci il tarixdə onlara rəsmi qaydada təqdim edilməsindən dərhal sonra, 24 yanvar 2025-ci il tarixdən etibarən aidiyyəti əməkdaşları tərəfindən X4 Xidmətinin rəsmi elektron poçt ünvanı vasitəsi ilə (Elektron ünvan 1) müvafiq yazışmalar aparılmış və Şəxs MMC-nin qüvvədə olan sığorta müqaviləsinin 13 fevral 2025-ci il tarixinədək etibarlı olmasına dair izahat təqdim edilmiş, müəssisə tərəfindən işçilərin icbari sığortalanmasının tam olaraq qanunvericiliyin tələblərinə uyğun həyata keçirildiyi və mövcud sığorta müqaviləsinin qüvvədə olduğu açıq şəkildə bildirilmişdir. Eyni zamanda bu kimi məlumatları özündə əks etdirən rəsmi məktubları da 24 yanvar 2025-ci il tarixdə X4 Xidmətinin rəsmi elektron poçt ünvanına daxil edilmişdir. Belə ki, həmin elektron ünvandan onların elektron ünvanlarına daxil olan bildirişdə, yazışmaların rəsmi məktubla aparılması təklif edilmişdir. Bu da onu göstərir ki, X4 Xidməti Şəxs MMC-nin qüvvədə olan sığorta müqaviləsinin 13 fevral 2025ci il tarixinədək etibarlı olması ilə bağlı məlumatlı olmuşdur. Bundan başqa Şəxs MMC-nin ünvanına göndərilmiş, inzibati xəta haqqında protokola baxılmasında iştirakla bağlı məktub iclasın keçirildiyi 04 fevral 2025-ci il tarixindən 2 gün sonra, 06 fevral 2025-ci il tarixdə poçt şöbəsinə daxil olmuş və daha sonra onlara təqdim edilmişdir. Belə olan halda məlumatları olmadığı iclasda iştirakları faktiki mümkün ola bilməzdi. Buna baxmayaraq və İnzibati Xətalar Məcəlləsinin 61 və 112-ci maddəsində nəzərdə tutulan hüquqları (inzibati xəta haqqında işə baxılarkən: işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur; inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir; fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir; iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir; işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur; edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir) pozulmuş, iştirakları olmadan inzibati xəta haqqında protokola baxılaraq inzibati qaydada tənbeh olunma barədə qərar qəbul edilmişdir. Hansı ki, iclasda iştirak etdikləri və sübutları təqdim etdikləri halda, əsassız olaraq barələrində inzibati qaydada tənbeh tətbiq edilməzdi. Digər yandan Şəxs MMC ilə "xxxx" ASC arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmışdır, müqavilə ilinin qüvvədə olma müddəti 13 fevral 2024-cü il tarixdən 12 fevral 2025-ci il tarixinədək müəyyən edilmişdir və bu müqavilə də elektron sistemdə mövcud olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi birbaşa olaraq onu təsbit edir ki, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir, belə sübutetmə məhz inzibati araşdırma orqanının vəzifəsidir. Lakin qərarını mübahisələndirdikləri orqan inzibati xəta törətdiklərini və bu xətanın törədilməsində təqsirli olmalarını qanunda nəzərdə tutulduğu kimi müəyyən və sübut etməmiş, yuxarıda istinad etdikləri sübutların əldə olunmasında və ya tərəflərindən təqdim olunmuş sübutların araşdırılaraq düzgün qiymət verilməsində maraqlı olmamışdır. Hesab edirlər ki, yuxarıda istinad etdikləri hallar məhkəmə qaydasında araşdırılmalı, Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmədiyindən, işin icraatına xitam verilməlidir. Qeyd etdiklərinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola dair iş üzrə icraata, inzibati xəta hadisəsi olmadığı əsası ilə, xitam verilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, İcbari sığorta bürosu tərəfindən ötürülmüş məlumatlara əsasən Şəxs MMC tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. Bu da Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinin tərkibini yaratdığı üçün bu barədə protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol bütün işçilərə deyil, orada işarələnmiş işçilərə şamil edilir. Məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X5 protokol əsasında Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, X1 əvvəlcə bütün işçilərin müqaviləsiz olduğu qeyd edilmiş, lakin sənədlər təqdim edildikdən sonra 6 nəfər işçinin müqaviləsinin olmadığı bildirilmişdir. Hansı ki, onlardan biri, yəni Aidə İsmayılova işdən çıxmışdır, digərləri - Nazənin Məmmədova, Könül Qurbanova, Elnarə Teymurova, Aysel Həmdullayeva və Vəfa Katexliyeva analıq məzuniyyətindədirlər. Sistemdə 42 nəfər işçi göstərilsə də, onlardan 36 nəfəri aktiv işçidir. Məhkəmədən Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: - 08 fevral 2022-ci il tarixdə Şəxs MMC ilə "xxxx" ASC arasında bağlanılmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin illik qoşmasından görünür ki, müqavilə xx.xx.2024-cü il tarixdə yenilənmiş və uyğun olaraq sığorta ödənişi edilmişdir, müqavilə xx.xx.2025-ci ilədək qüvvədədir. -“Xəzər” klinikasının baş həkimi İlqar Yusubov tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinə ünvanlanmış məktubdan görünür ki, müəssisə uzun illərdir ki, əmək qanunvericiliyinin tələblərinə ciddi şəkildə əməl edir və işçilərin hüquqlarının qorunması üçün bütün zəruri tədbirləri həyata keçirir. Şəxs MMC 2016-cı ildən etibarən "xxxx" ASC ilə əməkdaşlıq edərək bütün işçilər üçün icbari sığorta müqaviləsi bağlamışdır. Müqavilənin hər il qanunvericiliyə uyğun olaraq vaxtında yenilənməsi təmin edilir və hal-hazırda da qüvvədədir. Bu məsələ ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixində mailto:demx.bshi@sosial.gov.azElektron ünvan 2 rəsmi elektron poçt ünvanına müvafiq izahat təqdim edilmişdir. Həmin izahatda müəssisə tərəfindən işçilərin icbari sığortalanması prosesinin qanunvericiliyin tələblərinə tam uyğun aparıldığı və hazırkı sığorta müqaviləsinin qüvvədə olduğu açıq şəkildə bildirilmişdir. Mövcud icbari sığorta müqaviləsi 13 fevral 2025-ci il tarixinədək qüvvədədir və hələ də etibarlıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC ilə "xxxx" ASC arasında işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması barədə müqavilə xx.xx.2024-cü il tarixdə yenilənmiş, müqavilənin qüvvədə olma tarixi isə xx.xx.2025-ci ilədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi vaxt, yəni 23 yanvar 2025-ci il tarixdə müqavilə qüvvədə olduğu halda Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır. İcbari sığorta müqaviləsinin məzmunu və forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1., 8.1-1, 8.1-2 və 8.2-ci maddələrinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. İcbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Bu Qanunun 50-1.0.3-cü maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanılır. Bu Qanunun Xüsusi bölməsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən icbari sığorta müqaviləsi bağlanmadığı qeyd edilən işçilərdən Aidə İsmayılova işdən azad edilmişdir, digər işçilər Nazənin Məmmədova, Könül Qurbanova, Elnarə Teymurova, Aysel Həmdullayeva və Vəfa Katexliyeva isə analıq məzuniyyətində olmuşlar. Hansı ki, yuxarıda istinad olunan Qanunun 2.0.1-ci maddəsinin mənasına görə, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir. Adları qeyd olunan işçilər faktiki olaraq işlərini, xidməti fəaliyyətlərini həyata keçirmədiklərinə görə onlar istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə üzləşə və bunun nəticəsində də peşə əmək qabiliyyətlərini itirə bilməzdilər. Belə olan halda hüquqi şəxsin real olmayan hərəkətdə təqsirli hesab olunmasına hüquqi əsaslar yoxdur. Şəxs MMC-yə münasibətdə belə hal müəyyən olunmamışdır, 08 fevral 2022-ci il tarixdə Şəxs MMC ilə "xxxx" ASC arasında bağlanılmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin illik qoşması ilə təsdiq olunur ki, həmin müqavilə öz işini, fəaliyyətini faktiki həyata keçirən işçilərlə bağlı xx.xx.2024-cü il tarixdə yenilənmiş və sığorta ödənişi edilmişdir, müqavilə xx.xx.2025-ci ilədək, yəni iş üzrə inzibati xəta haqqında protokolun 23 yanvar 2025-ci il tarixdə tərtib edilməsi zamanı qüvvədə olmuşdur. Bu qeyd edilənlərə dair rəsmi məlumatlar hüquqi şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat aparan orqana verilməsinə baxmayaraq, nəzərə alınmamışdır. Həmçinin məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC ilə "xxxx" ASC arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmasına və elektron sistemdə mövcud olmasına baxmayaraq, həmin sığorta müqaviləsinin “İcbari sığorta bürosu” tərəfindən elektron sistemdə görünməməsi və ya müvafiq orqanlar arasında inteqrasiyanın, məlumat paylaşılmasının olmamasının özü belə, Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilərək tənbeh olunmasına əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-678/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-678/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver