Məhkəmə qərarları › İş №3(007)-684/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-684/2022

21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-684/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Sadiq oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonunun Baltalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR, ev 62-də yaşayan Şəxs Sadiq oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 18 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs Sadiq oğlu 05 yanvar 2022-ci il tarixdə saat 23 radələrində yol vərəqəsi ilə idarə etdiyi “Toyota Prius minik” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Q.Qarayev” metrostansiyası istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə “Xalqlar Dostluğu” metrostansiyası istiqamətinə doğru hərəkət edib, “Neftçilər dairəsi”nə çatmamış avtomobili saxlamış, yol hərəkəti qaydalarını pozaraq həmin yerdən geriyə doğru yolun sağ kənarı ilə 10 km/saat sürətlə hərəkət etdikdə, yolun “Xalq Bank”ın qarşısından keçən hissəsində yolun sağ kənarında səkidən bir metr yola tərəf məsafədə dayanmış piyada Zərərçəkmiş şəxs avtomobilin arxa hissəsi ilə vurmuş, nəticədə piyada yerə yıxılaraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Sadiq oğlu izahatında göstərmişdir ki, 05 yanvar 2022-ci il tarixdə saat 23 radələrində taksi kimi idarə etdiyi idarə etdiyi “Toyota Prius” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Q.Qarayev prospekti ilə “Xalqlar Dostluğu” metrostansiyası istiqamətində hərəkətdə olmuşdur. “Neftçilər” dairəsinə çatdığı vaxt avtomobildə olan xanım sərnişinın xahişi ilə avtomobili saxlayıb təxminən 10 metr geriyə vermişdir. Həmin vaxt avtomobilin arxası ilə nəyəsə toxunmuş, düşüb baxanda yolun kənarında səkidən bir metr yola tərəf məsafədə dayanmış piyadanı avtomobilin arxası ilə vurduğunu başa düşmüşdür. Zərərçəkmiş şəxsə qarşı vurduğu maddi ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Əməlindən səmimi peşmandır. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində cərimə təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 05 yanvar 2022-ci il tarixdə saat 23 radələrində evə getmək üçün taksi gözləmək məqsədi ilə Bakı şəhəri, Q.Qarayev prospektində “Xalqlar Dostluğu” metrostansiyası istiqamətində yolun sağ kənarında, səkidən bir metr yola tərəf məsafədə dayanmışdır. Bu vaxt geriyə hərəkət edən “Toyota Prius” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa hissəsi ilə vuraraq ona xəsarət yetirmiş və o, yerə yıxılmışdır. Hazırda ona dəymiş ziyan ödənildiyinə görə Şəxs Sadiq oğluna qarşı şikayəti və tələbi yoxdur. İşdə olan canlı şəxsin ekspertizasına dair 14 yanvar 2022-ci il tarixli 18 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər - sol dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında əzilməsi, sol diz oynağının ön səthinin sıyrığı - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 09 fevral 2022-ci il tarixli 8/159 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota-Prius” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Piyada yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətlərinə aid deyildir. İşdə olan 28 fevral 2022-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Sadiq oğlunun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü toplanmış material Nizami Rayon Məhkəməsinə təqdim edilməsi üçün Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Sadiq oğlu Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs Sadiq oğlu həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Sadiq oğlunun əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Sadiq oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs Sadiq oğlunun şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXMnin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs Sadiq oğlu fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Sadiq oğlu Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 150 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar