Məhkəmə qərarları › İş №3(007)-685/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-685/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-685/2025 19.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, prokuror - Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs ona məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 74 ünvanında yerləşən mağazanı dövlət qeydiyyatına alınmadan 2024-cü ilin dekabr ayının əvvəllərindən başlayaraq Zərərçəkmiş şəxs aylıq 500 manat müqabilində aralarında olan şifahi razılığa əsasən icarə müqaviləsi bağlamadan icarəyə verib, ümumilikdə 500 manat ziyan vurmaqla qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma inzibati xətasını törətmişdir. Bu barədə Nizami rayon prokuroru Pərviz İbayev tərəfindən xx.xx.2025-ci il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X4 bildirmişdir ki, Şəxs ona məxsus Bakı şəhəri, Nizami rayonu, Qara qarayev 74 ünvanında yerləşən mağazanı dövlət qeydiyyatına alınmadan 2024-cü ilin dekabr ayının əvvəllərindən başlayaraq Zərərçəkmiş şəxs aylıq 500 manat müqabilində aralarında olan şifahi razılığa əsasən icarə müqaviləsi bağlamadan icarəyə vermiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu hal tərəflərin izahatları, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla öz təsdiqini tapmışdır. Odur ki, şəxs barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək qeyd olunan inzibati xətanı törətmədiyini, icarəyə götürdüyü mağazanın bir hissəsinin Zərərçəkmiş şəxs icarəyə vermədiyini bildirdi. Həmçinin üz çıxışında polis bölməsində verdiyi ifadələrin təhrif olunduğunu, ifadələrin ona məxsus olmadığını qeyd etdi. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs bildirdi ki, o Şəxsyə məxsus mağazanı icarəyə götürməmiş, baş vermiş hadisə nəticəsində ona heç bir zərər dəyməmişdir. Məhkəmə iclasında çıxış edən Şəxs vəkili Vəkil qeyd etdi ki, Şəxs tərəfindən qeyd edilən inzibati xəta törədilməmişdir. Polis bölməsində alınmış ifadələr təzyiq altında verilmiş və reallığı əks etdirmir. Şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğuna dair sübutlar iş materiallarında aşkar edilməmişdir. Zərərçəkmiş şəxs və Şəxs Qasımov Valehlə icarə müqaviləsi bağlamaqla Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən mağazaları ayrı-ayrılıqda icarəyə götürmüş, vergi öədəyicisi kimi qeydiyyatdan keçmişlər. Qeyd olunanlar şəxsin əməlində İXM-nin 398-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu istisna edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində inzibati icraat açılması məsələsinə baxılması üçün barəsində material Nizami rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2024-cü ilin dekabr ayının əvvəllərindən Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətmədiyini bildirsədə, iş materiallarına əlavə edilmiş izahatlarla, fotoşəkillərlə şəxsin İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi öz tədiqini tapır. Belə ki, iş materiallarında olan fotoşəkillərə baxış keçirilərkən APPLE BAKU mağazasının daxilində Lombardın fəaliyyət göstərməsi öz əksini tapır. Həmçinin Zərərçəkmiş şəxs tərəfindən verilmiş ilkin izahatda qeyd olunan mağazanın 1.5-kv.m hissəsini 300 manat müabilində icarəyə götürməsi, 7-8 gün ərzində icarə əsasında işlətməsi, həmçinin qanuni əsas olmadan fəaliyyət göstərdiyinə görə müştərilərə X1 adına qeydiyyatdan keçmiş girov biletlərinin təqdim olunması qeyd edilmişdir. Həmçinin izahatı alınan Elvin Məmmədov bildirmişdir ki, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi lombardda kassir kimi çalışır və ona təqdim olunmuş telefonu məhz Zərərçəkmiş şəxs təhvil vermişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs icarə müqaviləsi əsasında mağazanı X3 icarəyə götürməsi faktı, həmin mağazanın bir hissəsinin(1.5 kv.m) Zərərçəkmiş şəxs icarəyə verməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan hal iş materillarına əavə edilmiş şəkillər, tərəflərin izahatları ilə tam sübut olunur. Həmçinin qeyd olunmalıdır ki, qanunsuz sahibkarlıq fəaliyyətiin həyata keçirilməsi nəticəsində 500 manat gəlirin əldə edilməsi iş materiallarının araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Zərərçəkmiş şəxs verdiyi ilkin izahatında 300 manat müqabilində mağazanı icarəyə götürdüyünü bildirmişdir. Beləliklə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində Şəxs tərəfindən 300 manat gəlir əldə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarı nəzərdən keçirib, proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.1980-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində əldə edilmiş gəlirin iki misli miqdarında, yəni 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar