Məhkəmə qərarları › İş №3(007)-691/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-691/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-691/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin 18 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, hüquqi şəxs Şəxs MMC (VÖEN **********) onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan nümayəndəsi X2 həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli, 25 nömrəli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ə dair sanitariya-epidemioloji qaydalar və normativlərə cavab verməyən və “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.07.2018-ci il tarixli, 302 nömrəli Qərarının 2.21.3-cü yarımbəndinə əsasən məcburi sertifikatlaşdırılmalı olan, 2021-ci ilin noyabr ayında Türkiyə Respublikasından və İran İslam Respublikasından Azərbaycan Respublikasına-Bakı Baş Gömrük İdarəsinə gətizdirilmiş ümumi çəkisi 26049 kq olan bibər məhsulunu 08.12.2021-ci il tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhsuldan sınaq üçün nümunələr götürüldükdən sonra sertifikatlaşdırılmadan satdığına, bununla da, Azərbaycan Respublikası İXM-in 447.0.4-cü maddəsində nəzərdə tutulmuş qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması yolu ilə istehlakçıların hüquqlarını pozma inzibati xətasını törətdiklərinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunanlar Şəxs MMC-nin nümayəndəsi X1, AQTA-nın Bakı Regional Bölməsinin İdxal və ixraca nəzarət sektorunun böyük məsləhətçisi X3 araşdırma zamanı verdikləri izahatlar, “İdxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi haqqında” 26.11.2021-ci il tarixli İD ********** nömrəli və 26.11.2021-ci il tarixli İD ********** nömrəli ərizələr, AQTA-nın Bakı Regional Bölməsinin “Malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə” 13.12.2021-ci il tarixli 42/FN və 43/FN nömrəli qərarları, “Tomato brown rugose fruit” virusunun aşkar edilməsi barədə 30.11.2021-ci il və 10.12.2021-ci il tarixli sınaq protokolları, AQTA-nın Bakı Regional Bölməsinin 03.12.2021-ci il tarixli “Məhsul nümunələrinin götürülməsi” aktları ilə təsdiq edilir. X2 verdiyi izahatda bildirmişdir ki, Şəxs MMC-nin direktoru Nargilə Qədimovadır, ona verilmiş etibarnamə əsasında müxtəlif növ meyvə və tərəvəzləri cəmiyyətin adından idxal edir. MMC ilə “KuzeyPort Loj Güm İTH İHR” adlı xarici şirkət və sahibkar Vahid Ragami arasında bibər məhsulunun alınması barədə müqavilələr bağlanmış, 2021-ci ilin noyabr ayında müvafiq olaraq Türkiyə Respublikasından və İran İslam Respublikasından Azərbaycan Respublikasına 25 tona yaxın bibər məhsulu gətirilmiş, həmin tarixdə sənədləşmə işləri yekunlaşdıqdan sonra məhsul “Meyvəli” adlanan yerdəki anbara yerləşdirilmiş, 08.12.2021-ci il tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhsuldan sınaq üçün nümunələr götürülmüş, bundan sonra həmin məhsulların satışının aparılmaması barədə tələbə əməl etməyərək onun tərəfindən bibər məhsulu müxtəlif şəxslərə satılmışdır. Mallar satıldıqdan sonra bibər məhsulunda virusun olması barədə məlumat almışlar. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həmin faktla əlaqədar aparılmış araşdırma nəticəsində əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən 09.03.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, inzibati məsuliyyətə cəlb edilmə məsələsinə baxılması üçün toplanmış material Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Odur ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinə göndərilməlidir. Hüquqi şəxs, Şəxs MMC - hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ev 10, mənzil 112 olan (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi, qərarın və toplanmış materialın baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında icraatı başlamış Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Şəxs MMC-nin direktoru Nargilə Qədimovadır, ona verilmiş etibarnamə əsasında müxtəlif növ meyvə və tərəvəzləri cəmiyyətin adından idxal edir. MMC ilə “KuzeyPort Loj Güm İTH İHR” adlı xarici şirkət və sahibkar Vahid Ragami arasında bibər məhsulunun alınması barədə müqavilələr bağlanmış, 2021-ci ilin noyabr ayında Türkiyə Respublikasından və İran İslam Respublikasından Azərbaycan Respublikasına 25 tona yaxın bibər məhsulu gətirilmiş, həmin tarixdə sənədləşmə işləri yekunlaşdıqdan sonra məhsul “Meyvəli” adlanan yerdəki anbara yerləşdirilmiş, 08 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhsuldan sınaq üçün nümunələr götürülmüş, həmin məhsulların satışının aparılmaması tapşırılsa da, onun tərəfindən bibər məhsulu müxtəlif şəxslərə satılmışdır. Mallar satıldıqdan sonra bibər məhsulunda virusun olması barədə məlumat almışlar. MMC-nin maddi vəziyyətinin nəzərə alınaraq, aşağı həddə cərimə təyin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin 09 mart 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs MMC-nin vəzifəli şəxslərinin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması ilə bağlı Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş şəxslərin əməllərinə hüquqi qiymət verilməsindən ötrü materialların aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozularaq qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə-fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar