Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-7/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X4, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, X4 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin 01 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X14 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Barəsində tərtib olunan inzibati tənbeh vermə haqqında qərarı aşağıda qeyd edilən səbəblərə əsasən qanunsuz və əsassız hesab edir. Belə ki, qərarda X1nın (bundan sonra “Vətəndaş”) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulumuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi qeyd edilmişdir. Sözügedən vətəndaş heç bir zaman “Umbrella by Cozynest” uşaq bağçasına (bundan sonra “Bağça”) işçi kimi əmək funksiyalarının yerinə yetirilinəsi üçün cəlb edilməmişdir. İnzibati orqanın onun İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi barədə nəticəyə gələrkən hansı sübutlara istinad etməsini müəyyən etmək olmur. X13! Aydın qızının onun tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı heç bir əsaslı dəlil və sübut yoxdur. Bu hal onu təsdiq edir ki, qəbul edilən qərar əsassızdır, inzibati xəta hadisəsi mövcud deyil. Vətəndaşın formal izahatı yoxlanmadan, heç bir sənədlə, faktla təsdiq edilmədən X12 Xidməti tərəfindən sübut kimi qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra “İXM”) 75.0.7-ci maddəsinə görə işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. İXM-nin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati xətanın törədilmə faktı yalnız vətəndaşın şikayəti əsasında təsdiqləndiyi nəzərə alınsa, inzibati orqan inzibati xəta haqqında protokolun tərtib edilməsi müddətini ötmüşdür. Müddətin ötürülməsi protokolun etibarsızlığına səbəb olduğundan inzibati tənbeh vermə haqqında qərarda həmin protokola istinad edilməsi əsassız və qanunaziddir. Göstərilənlərə əsasən hesab edir ki, barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə ziddir, maddi və prosessual normaların tələbləri pozularaq qəbul olunmuşdur və buna görə ləğv edilməli, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Barəsində X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* №-li inzibati tənbeh vermə haqqmda qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X10 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, X6 onun rəhbəri olduğu “Umbrella by Cozynest” uşaq bağçasında fəaliyyət göstərməmiş, övladı ilə birlikdə gəlibgetmişdir. X6 onlara müraciət etmişdir ki, işləmək istəyir, həmin şəxsə müəllimlərin yanında təcrübə üçün icazə vermişlər, sonra görmüşlər ki, uyğun deyil, dayandırmışlar. Hal-hazırda fəaliyyətlərini dayandırmışlar. İyul ayında X6 yaxınlaşıb, 15 gün işləyib, sentyabrda isə şikayət edib. Onun müqavilə bağlanıb sonra sınaq müddəti təyin oluna biləcəyi barədə məlumatı olmamışdır. X2 təqdim etdiyi videogörüntülərdə olan bağça onun rəhbəri olduğu bağçadır, X6 bağçada işləyib, sadəcə o, əmək müqaviləsi bağlandıqdan sonra sınaq müddəti təyin olunacağını bilməmişdir. Özü 5 il bağça fəaliyyəti göstərmiş, heç bir işçini qanunsuz işə götürməmişdir. Hazırda heç yerdə işləmir. O, X3 demişdir ki, 15 gün işləsin, əgər işi xoşlarına gəlsə, onu işə götürəcəkdir. 5 il fəaliyyət göstərdiyini, heç kəsin ondan şikayət etmədiyini nəzərə alaraq, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X11 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, X8 daxil olmuş şikayət üzrə araşdırma ilə müəyyən edilmişdir ki, fərdi sahibkar Quliyeva (Abıyeva) Əminə İlqar qızı tərəfindən X1 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuş, protokol əsasında fərdi sahibkar barəsində inzibati tənbeh tətbiq edilmişdir. X1 müraciət edərək bildirmişdir ki, uşaq bağçasında fəaliyyət göstərmiş, lakin ödəniş edilməmişdir. Əmək müqaviləsi bağlanılmamış, vətəndaş əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilmişdir. İstəsələr müqavilə bağlayıb sınaq müddəti təyin edə bilərdilər. Törədilmiş inzibati xətaya görə üç min manatdan beş min manatadək cərimə nəzərdə tutulur, lakin fərdi sahibkar minimum məbləğdə cərimə edilmişdir. Şikayətin əsassız olduğunu, qərarın qanuni əsaslarla qəbul olunduğunu nəzərə alaraq, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, o, 26 iyul 2023-cü il tarixdə X4 rəhbərlik etdiyi “Umbrella by Cozynest” uşaq bağçasında işə başlamış, həmin vaxtdan 16 avqust 2023-cü il tarixədək qeyd olunan bağçada işləmişdir. 18 iyul 2023-cü il tarixdə instagram hesabında elan görmüş, zəng etmiş, CV göndərmiş, görüşə çağırmışlar, əmək haqqı şərtləri barədə danışmışlar, 26 iyuldan işləməyə başlamışdır. İlk 2 gün Nigar xanımın yanında çalışmışmışdır. İlk öncə övladı ilə birlikdə gəlməmiş, sonra digər müəllimlərin övladlarını gətirdiklərini görmüş, Əminə xanımdan soruşmuş, o da demişdir ki, 100 manat əmək haqqından çıxılması şərti ilə övladını bağçaya gətirə bilər. Onunla əmək müqaviləsi bağlanacağı bildirilsə də, bağlanmamış, bu barədə tələbinə məhəl qoyulmamışdır. Həmin bağçada işlədiyini təsdiq edən videogörüntülər də var, onları yaddaş kartında (flaş kart) məhkəməyə təqdim etmişdir. Bundan başqa vhatsap yazışmaları, səs yazıları da vardır, onlarla da onun bağçada işləməsi, əmək müqaviləsi bağlanmadığı, pulunun ödənilmədiyi, yalnız 18 sentyabr 2023cü il tarixdə 130 manat pul ödənildiyi təsdiq olunur. Uşağı autizm xəstəsidir, lakin həmin pul uşağının xəstə olmasına görə deyil, bağçada işləməsinə görə, əmək haqqı kimi ona verilmişdir. Əslində işlədiyi müddətdə ilk ay üçün ona əmək haqqı kimi 350 manat, sonra 400 manat ödəniləcəyi barədə razılaşmışlar. 100 manat isə uşağı özü ilə bağçaya apardığına görə çıxılmalı olmuşdur. Onu bağçaya rus sektoru üzrə müəllimə kimi işə götürmüşlər. Bağçada ünsiyyət problemləri olmuş, həm də natəmizlik olmuşdur. Bağça rəhbərliyinin xoşuna gəlməmişdir ki, o, irad bildirir, ona görə işdən ayrılmalı olmuşdur. Əmək haqqı ödənilmədiyinə, hüquqları pozulduğuna görə X7 şikayət edərək müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi tərəfindən tərtib olunmuş 23 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, fərdi sahibkar Quliyeva (Abıyeva) Əminə İlqar qızı tərəfindən X1 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir; -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin 01 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, fərdi sahibkar Quliyeva (Abıyeva) Əminə İlqar qızı 23 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, X1 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində inzibati cərimə edilmişdir; -X2 məhkəməyə təqdim etdiyi vhatsap yazışmalarının mətnindən və ödəniş barədə paylaşımdan görünür ki, X6 ilə X10 arasında 18 iyul 2023-cü il tarixdən 18 sentyabr 2023cü il tarixədək olan müddətdə, X2 “Umbrella by Cozynest” uşaq bağçasına işə qəbul olunmasına razılıq verilməsi, onun görəcəyi və gördüyü işlər mövzusunda müzakirələr, söhbətlər aparılmış, X4 təklifi ilə X6 ona plastik kart nömrəsi göndərmiş, onun kart hesabına əmək haqqı qismində 18 sentyabr 2023-cü il tarixdə 130 manat pul ödənilmişdir. -X2 məhkəməyə təqdim etdiyi yaddaş kartında (flaş kart) olan videogörüntülərə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilərkən həmin şəxsin izahatında qeyd olunanların, yəni “Umbrella by Cozynest” uşaq bağçasında işlədiyi zaman bu görüntülərin qeydə alındığı müəyyən edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, X10 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz həmin vəzifəli şəxs, “Umbrella by Cozynest” uşaq bağçasının direktoru tərəfindən törədilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən yuxarıda istinad olunan inzibati xəta haqqında protokolun tərtib edilməsinə və mübahisələndirilən qərarın qəbul edilməsinə, sözügedən bağçada 26 iyul 2023-cü il tarixdən 16 avqust 2023-cü il tarixədək işləmiş X1nın fərdi sahibkar Quliyeva (Abıyeva) Əminə İlqar qızı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi əsas olmuşdur. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə görə, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Hazırkı halda məhkəmə hesab edir ki, vəzifəli şəxs X10 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz vəzifəli şəxs X10 tərəfindən törədilmişdir. Əmək münasibətlərinin yaranması əsasları, bunun üçün mühüm şərtlər qanunvericilikdə konkret olaraq müəyyən edildiyindən, ondan kənar yaranmış münasibətlər, işçinin əmək müqaviləsi bağlanılmadan və elektron informasiya sisteminə daxil edilmədən, peşəkarlıq səviyyəsinin müəyyən olunmasınadək işə cəlb edilməsi, artıq həmin tələblərin pozulması deməkdir ki, bunun üçün də məsuliyyətin müvafiq növləri müəyyən edilmişdir. Burada, xüsusilə nəzərə alınmalıdır ki, inzibati qaydada tənbeh edilmiş X4 özü törədilmiş inzibati xətanı etiraf edir, lakin onun irəli sürdüyü dəlillər işin icraatını istisna edən, inzibati tənbeh tətbiq olunmasına dair qərarın ləğvinə əsas verən hallar kimi qəbul edilə bilməz, bunun üçün hüquqi əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X4 haqqında 3000 manat miqdarında inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi, maddənin sanksiyası həddində olmaqla həmin vəzifəli şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X4 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X4 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin 01 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-7/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-7/2024
16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver