Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-7/2025 07.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 16 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 16 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qərarı ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Başçısının müavini İldırım Mehdiyev tərəfindən 04 noyabr 2024-cü il tarixdə qəbul edilmiş qərar poçt vasitəsi ilə onun ünvanına 27 noyabr 2024-cü il tarixdə gəlmişdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Polis İdarəsinin 23-cü Polis şöbəsi tərəfindən hüquq və vəzifələri ona izah edilmədən, iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol ona təqdim edilməmiş və heç bir araşdırma aparılmamışdır. Eyni zamanda inzibati tənbeh vermə haqqında qərarda da qərarın tərtib olunması və İXM-nin 115-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsi, ev 63/3A ünavanda yerləşən evdə heç bir özbaşına tikinti aparılmamışdır. Həmin ev 2014-cü ildə tikilmişdir. 2014-cü ildə isə həmin ev tikilərkən İcra Hakimiyyətinin şifahi razılığı ilə tikilmişdir. İcra Hakimiyyətinin razılığı olmadan heç bir tikinti aparmaq mümkün deyil, dərhal həmin tikilini sökdürərlər. O, avqust ayında evinin damından yağış yağanda su axdığı üçün təmir etdirmək istəmiş, lakin icazə vermədikləri üçün təmiri dayandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə cərimə nəzərdə tutulsa da həmin obyektdə heç bir tikinti quraşdırma işləri aparılmamış, lakin təmir işləri aparmaq istəmişlər. Faktiki olaraq görünür ki, inzibati xəta barədə heç bir araşdırma aparılmamış, 23-cü Polis bölməsinin şikayəti əsasında onun barəsində qərar qəbul edilmişdir. Onun göstərilən inzibati xətanı törətməyinin nə ilə sübuta yetirildiyi isə aydın deyildir. O, həmçinin verilən suallara cavab olaraq bildirdi ki, qeyd olunan ev 2013-cü ilin sentyabr ayında tikilmiş, həmin evin sökülməsi ilə bağlı deyil, evin damı ilə bağlı problem yaşanmışdır. Evin damına su damdığı üçün damı açıb parket vurmaq istəmiş, polis əməkdaşları gələrək ona dam örtüyünü əvvəlki vəziyyətə qaytarılması və sökülməsi barədə xəbərdarlıq etmiş, o da xəbərdarlıq nəticəsində deyilənlərə əməl edərək tikintini saxlamış və tikilini əvvəlki vəziyyətinə qaytarmış, evin damını sökmüşdür. O, bu hadisədən sonra İcra Hakimiyyətinə yaxınlaşmış və onlar tərəfindən də qeyd olunan nöqsanların aradan qaldırılması bildirilmişdir. Bundan 2 ay sonra ona 900 manat məbləğində cərimə olunduğu məlum olmuşdur. Bundan əlavə İcra Hakimiyyəti tərəfindən qərar qəbul edilərkən onun iştirakı təmin olunmamış, çağırılaraq izahatı alınmamışdır. Əgər, o, qərar qəbul edilərkən oraya çağırılsa idi, tərəfindən dam örtüyünün sökülməsi və əvvəlki vəziyyətə qaytarılması müəyyən oluna bilərdi. Qərar qəbul etmiş orqanın nümayəndəsi evdə qaz və suyun olmadığını bildirsə də, həmin ev üçün işıq və su çəkilmiş və tərəfindən 2021-ci ildən texniki şərtlər əsasında ödəniş edilir. Bununla da, həmin ev özbaşına tikili olsa belə ordada yaşayış olması öz təsdiqini tapır. Bununla bağlı sübutlarını da məhkəməyə təqdim etmişdir. Qeyd olunanların nəzərə alınaraq, şikayətin təmin edilməsini və qərarı ləğv edib icraata xitam verilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X5 bildirdi ki, inzibati xəta haqqında protokol özbaşına tikili ilə bağlı tərtib olunmuşdur, tikilinin damı ilə bağlı deyil. Özbaşına tikili ilə bağlı inzibati protokol tərtib olunduqdan sonra tərəfindən həmin tikiliyə baxılır, şəkli çəkilir. Şikayətçinin evinin qapısı, pəncərəsi, qaz və su təchizatı yoxdur. İcra Hakimiyyətinin səlahiyyətinə aid olmadığı üçün qanunsuz tikilinin sökülməsi ilə bağlı iddia qaldıra bilmir. Məhkəmə tərəfləri dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 16 saylı qərara əsasən X6 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə təqsirli bilinib 900 manat məbləğində cərimə edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol əsasında qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, X6 tərəfindən mübahisələndirilən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 16 saylı qərarı qəbul edilərkən barəsində inzibatə xəta haqqında qərar qəbul edilən X4 iştirakı təmin edilməmiş, ona İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş, onun iştirakı olmadan xx.xx.2024cü il tarixli MN ******* nömrəli protokol əsasında mübahisə edilən qərar qəbul edilmişdir. Halbuki, qərar qəbul edilərkən şikayətçinin iştirakı təmin ediləcəyi təqdirdə onun tərəfindən protokolun tərtib olunmasına səbəb olan nöqanlar və pozuntuların aradan qaldırılması müəyyən ediləcəkdir. Məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, şikayətçiyə xəbərdarlıq edildikdən sonra, o qeyd olunan nöqsanları dərhal aradan qaldırmış, dam örtüyünü əvvəlki vəziyyətə qaytarmışdır. Beləliklə, müvafiq icra hakimiyyəti tərəfindən İXM-nin 395.1ci maddəsi ilə qərar çıxarılan zaman inzibati xəta tərkibinin əlamətləri mövcud olmamışdır. Qeyd olunan bu hallar şikayətçi tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkillər ilə öz təsdiqini tapmışdır. Qeyd olunan halların əksi qərarı qəbul edən orqan tərəfindən sübut edilməmişdir. Belə ki, şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmiş və müvafiq sübutlar kifayət qədər vaxt verilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı çıxarmış orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, işin yuxarıda istinad olunan, faktiki müəyyən edilmiş hallarına əsasən mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində İXM-in 395.1-ci maddəsi ilə qəbul edilmiş Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 16 saylı qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-7/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-7/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver