Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-704/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Qazax rayonunun Kəmərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonunun Kəmərli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsindən daxil olmuş 30 mart 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 30 mart 2022-ci il tarixdə saat 11:00 radələrində Babək prospektində “Lada” satış mərkəzinin qarşısında YPX əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X5 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 30 mart 2022-ci il tarixdə saat 11 radələrində Babək prospektində “Lada” satış mərkəzinin qarşısında avtomobilini saxladığı vaxt yol polisi əməkdaşı yaxınlaşıb bildirmişdir ki, “led” işıqlardan istifadə etdiyinə görə avtomobil duracağa getməlidir. O, izah etmişdir ki, belə qadağa yoxdur, həm də həmin işıqları dəyişmək, problemi aradan qaldırmaq mümkündür, avtomobilin duracağa aparılmasına əsas yoxdur. Belə ki, ilk növbədə onun qayda pozuntusuna yol verməsi barədə protokol tərtib edilməlidir, belə protokol isə tərtib edilməmişdir. Bundan sonra post-patrul əməkdaşları çağırılmışdır. Bundan başqa, yol polisi əməkdaşı iddia etmişdir ki, o, həmin şəxsi videogörüntüyə almışdır, hansı ki, bunun da əsası yoxdur, avtomobilində olan videoregistrator avtomatik çəkir, o, çəkilişi özü aparmamışdır, yol polisinin fəaliyyətini də çəkməmişdir. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin YPX Alayının MEB-nün YPX inspektoru X3 izahatında göstərmişdir ki, 30 mart 2022-ci il tarixdə saat 11:00 radələrində Babək prospektində xidmətdə olarkən “Kia” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili qayda pozuntusuna görə saxlamışdır. Belə ki, avtomobildə işıq cihazından istifadə qaydası pozulmuşdur. O, sürücüyə izah etmişdir ki, “led” lampalar sökülməlidir. Lakin sürücü onu videogörüntüyə çəkməyə başlamışdır. Onun xidməti fəaliyyətini çəkdiyinə görə sürücüyə xəbərdarlıq etmişdir ki, bu hərəkətə yol verməsin, qanunsuzdur. Sürücü onun qanuni tələblərinə tabe olmadığı üçün kömək çağırmış, onu 23-cü polis bölməsinə təhvil vermişlər. Müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. Raportla rəhbərliyə müraciət edərək sürücünün barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol onun, yol hərəkəti qaydaları əleyhinə xətaya yol verdiyi halda barəsində inzibati xəta protokol tərtib olunmasını tələb etməsi ilə bağlı tərtib edilmişdir. Sözügedən maddənin tələbinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Qanunun mənasına görə, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması üçün polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra etməli, inzibati xətanın subyekti isə onların qanuni tələblərinə qəsdən tabe olmamalıdır. Hazırkı halda isə, məhkəmə tədqiqi zamanı belə xətaya yol verilməsi müəyyən olunmur, Şəxs inzibati xəta haqqında protokol tərtib edilmədən, məsuliyyəti müəyyən olunmadan avtomobilinin cərimə meydançasına aparılmasına etiraz etmişdir, YPX əməkdaşını isə videogörüntüyə almamış, yalnız avtomobildə videoregistrator mövcud olmuşdur, inzibati xəta haqqında protokolu tərtib edən orqan tərəfindən hər hansı videogörüntü, o cümlədən polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olan və ya xələl gətirən videogörüntü aşkar edilərək sübut qismində götürülməmişdir. Belə olan halda, Şəxs qeyd olunanlarla bağlı hərəkəti polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Bir sözlə, ilk növbədə tələbin özü qanuni olmalıdır ki, ondan imtina da müvafiq məsuliyyətə səbəb olsun. Şəxs münasibətdə isə bu hal baş verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X4 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-704/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-704/2022
30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver