Məhkəmə qərarları › İş №3(007)-705/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-705/2022

30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-705/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X3 nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X6 iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 69, mənzil 80-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 30 mart 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs, ondan maddi ziyana görə 1334 manat pulun X3 xeyrinə tutulması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(007)-2289/2021 nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə borc məbləğini ödəməyərək icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X4 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(007)-2289/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir, iş hazırda həmin məhkəməyə daxil olmuşdur, lakin bunu təsdiq edən sənəd icra şöbəsinə daxil olmadığına görə icra sənədinin icraatı dayandırılmamışdır. Ona görə hesab edir ki, barəsində inzibati protokolun tərtib olunması əsassız olmuşdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 nümayəndəsi X5 icra sənədinin verilməsinə əsas olmuş qətnamədən apellyasiya şikayəti verildiyinə görə həmin instansiya məhkəməsinin qərarının qəbulunadək hazırki işə baxılmasının mümkün olmamasını başa düşür. Hər hansı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, icra sənədinin verilməsinə əsas olmuş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(007)-2289/2021 nömrəli qətnaməsindən Şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir, iş apellyasiya instansiyası məhkəməsinin icraatındadır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs mübahisələndirilən məhkəmə qərarı əsasında verilmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməyə, icra sənədini üzrsüz səbəbdən icra etməməyə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsassız olmuşdur. Halbuki, həmin maddənin tələbinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, borclu Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, ümumiyyətlə, onun əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə müdafiəçi X7 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar