Məhkəmə qərarları › İş №3(007)-707/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-707/2022

14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-707/2022 14.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin 04 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin 04 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 23-cü polis bölməsi tərəfindən barəsində 04.12.2020-ci il tarixli, MN-0863410 nömrəli inzibati xəta haqqında protokol və 04.12.2020-ci il tarixli, MN-0917604 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarın surətini 14.03.2022-ci il tarixdə rəsmi qaydada qəbul etmişdir. 23-cü PB-nin 04.12.2020-ci il tarixli qərarında tibbi maskadan istifadə etmədiyi qeyd edilərək 100 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən tarixdə o, açıq havada, insanların olmadığı yerdə siqaret çəkərkən polis əməkdaşı ona yaxınlaşaraq protokol tətbiq etmişdir. Siqaret çəkmək üçün qadağan olunmuş yerdə siqaret çəkməmişdir. Hesab edir ki, barəsində tətbiq edilmiş protokol və inzibati tənbeh etmə haqqında olan 04.12.2020-ci il tarixli qərar qanunsuzdur. 23-cü polis bölməsinin 04.12.2020-ci il tarixli, MN-0917604 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onun barəsindəki protokol heç bir sübut olmadan tərtib edilmişdir, özünü təqdim etməsinə baxmayaraq polis bölməsinə aparılmışdır. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X3 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, X2 epidemiya qaydalarını pozaraq tibbi maskadan istifadə etmədiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Belə ki, o, inzibati xətanı vizual aşkar etmiş, X2 da inzibati xətanı yerində etiraf etmiş, bunun səbəbini siqaret çəkməsi ilə izah etmişdir. Lakin həmin şəxs inzibati xəta aşkar olunan vaxt siqaret çəkməmişdir. Soyadını demədiyi və özünü tam olaraq təqdim etmədiyi üçün məcbur olub, qanunvericiliyin tələbinə uyğun olaraq, şəxsiyyətini müəyyənləşdirmək üçün həmin şəxsi polis bölməsinə dəvət etmiş, orada şəxsiyyətini müəyyən etdikdən sonra protokol tərtib etmiş, izahatını protokola yazdırmış, protokolun surətini özünə təqdim etmişdir. Tərtib olunmuş protokol əsasında X2 inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X3 tərəfindən tərtib olunmuş 04 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə epidemiya qaydalarını pozaraq tibbi maskadan istifadə etməməklə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X1 barəsində həmin protokol tərtib edilmişdir; -Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin 04 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 04 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən “epidemiya qaydalarını pozaraq tibbi maskadan istifadə etmədiyinə görə X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, Respublika ərazisində xüsusi karantin rejiminin elan olunmasına, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi qaydada müəyyən edildiyinə və 04 dekabr 2020-ci il tarixdə bununla bağlı qərar qüvvədə olmasına baxmayaraq, Qanunun tələbləri X2 tərəfindən pozulmuşdur ki, bu da, inzibati məsuliyyətə səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 189 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları həmin qadağalaırn müddəti uzadılmaqla yanaşı, 29 may 2020-ci il tarixli 189 nömrəli qərara əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Bu Qərarların tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qərardan şikayət vermiş X2 Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi qaydada müəyyən edildiyinə baxmayaraq, 04 dekabr 2020-ci il tarixdə həmin qaydaları pozaraq fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə etməməklə Nazirlər Kabinetinin bununla bağlı qərarının tələblərini pozmuş, onun bu hərəkəti nəticədə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olmuşdur. Həmin maddənin tələbinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Bu zaman nəzərə alınmalıdır ki, qərardan şikayət vermiş X1 özü yol verdiyi inzibati xəta hadisəsini etiraf edir, onun irəli sürdüyü dəlillər isə mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas deyildir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 04 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin 04 dekabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar