Məhkəmə qərarları › İş №3(007)-71/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-71/2022

28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-71/2022 28.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Ticarət sahəsi auditi üzrə 1-ci şöbəsinin dövlət vergi müfəttişi X1 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 602.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş materiala əsasən Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında vergi yoxlamasının keçirilməsi üçün zəruri sənədlərin təqdim olunması haqqında 28.10.2021-ci il tarixli tələbnamədə qeyd olunan sənədlər Şəxs tərəfindən təqdim olunmamış və yaranan suallara yazılı və şifahi izahat verə bilməmişdir. Bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Ticarət sahəsi auditi üzrə 1-ci şöbəsinin dövlət vergi müfəttişi Ə.K.Əhmədov tərəfindən 29.12.2021-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Ticarət sahəsi auditi üzrə 1-ci şöbəsinin dövlət vergi müfəttişi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 27.10.2021-ci il tarixli Qərarına əsasən "xxxx" MMC-də səyyar vergi yoxlaması təyin edilmişdir. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə çıxarılmış və tələbnamədə qeyd olunan sənədlərin təqdim olunması tələb edilmişdir. 15 gün ərzində tələbnamədə qeyd olunan 23 adda sənəddən 3 ədəd sənəd təqdim edilmişdir. Məhkəmədən qərar qəbul edərkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. 19.01.2022-ci il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, onların müraciəti əsasında "xxxx" MMCdə səyyar vergi yoxlaması təyin edilmişdir. Pandemiya, evdən işləmələri, bayram günləri ilə əlaqədar və Dövlət Vergi Xidmətinin portalına sənədləri tam yerləşdirmək mümkün olmadığından sənədləri verə bilməmişlər. Sonra mühasib sənədlərin təqdim edildiyini bildirmişdir. Bu məsələni araşdırmaq üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 oktyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, səyyar (kameral) vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23, 36, 37 və 42-ci maddələrinə əsasən müvafiq zəruri sənədlərin təqdim olunması "xxxx" MMC-dən tələb edilmiş, sənədlərin 19 noyabr 2021-ci il tarixədək vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə və ya həmin idarənin Bakı şəhəri, H.Əliyev prospekti 115 ünvanında təqdim olunması bildirilmişdir. - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 19 noyabr və 22 noyabr 2021-ci il tarixli bildirişlərindən görünür ki, yoxlamanın əhatə etdiyi dövr üzrə tələbnamədə göstərilən sənədlərin yoxlamaya təqdim edilmədiyi və sənədlərin yoxlamaya təqdim edilməməsi səbəbindən yoxlamanın aparılmasının mümkün olmadığı "xxxx" MMC-yə izah edilmişdir. Tələbnamədə nəzərdə tutulan məlumatların dərhal təqdim edilməsi xahiş edilmiş, əks təqdirdə cəmiyyətin məsul şəxsləri tərəfindən tələbnamədə nəzərdə tutulan məlumatların təqdim edilməməsinin, habelə zəruri hərəkətlərin yerinə yetirilməməsinin yoxlamanın keçirilməsinə bilərəkdən mane olmaq kimi qiymətləndiriləcəyi və qanunla müəyyən edilmiş bütün tədbirlərin görüləcəyi "xxxx" MMC-yə izah edilmişdir -Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi tərəfindən tərtib olunmuş 19 noyabr, 23 noyabr, 03 dekabr və 29 dekabr 2021-ci il tarixli aktlardan görünür ki, zəruri sənədlərin təqdim olunması barədə tələbnamə "xxxx" MMC tərəfindən icra olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən MMC-də aparılan səyyar vergi yoxlaması ilə əlaqədar yoxlamanın əhatə etdiyi dövr üzrə zəruri sənədlər vergi orqanının yoxlamanı həyata keçirən vəzifəli şəxslərinə və ya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında İXM-nin 32 və 33-cü maddələrinə müvafiq olaraq Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar