Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-71/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu”nun nümayəndəsi X1 iştirakı ilə, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu”nun barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 12 dekabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi- Tədqiqat İnstitutu” mülkiyyətində olan nəqliyyat vasitəsini 27 noyabr 2023-cü il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusunun daxil olduğu 05 dekabr 2023-cü il tarixdən 5 gün müddətində verməmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu”nun nümayəndəsi X3 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsindən daxil olmuş sorğu 05 dekabr 2023-cü il tarixdə İnstitutda kitabxanaçı vəzifəsində çalışan X2 verilmişdir, hansı ki, onun məktub və bildirişləri qəbul etmək səlahiyyəti yoxdur. Bununla yanaşı, sorğuda qeyd olunan **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü barədə məlumat və müvafiq sənədlər daha əvvəldən, 13 noyabr 2023-cü il tarixli məktubla Nizami RPİ-nin DYPŞ-nə təqdim olunmuş, həmin tarixdə də şöbənin əməkdaşı tərəfindən imza edilərək alınmışdır. Buna baxmayaraq təkrarən həmin ay üçün sorğu verilmişdir. Məlumatlarda yenilik olduğu halda tərəflərindən bu barədə də əlavə olaraq aidiyyəti üzrə bildirilərdi. Təkrar sorğu daxil olduğuna görə cavabı və təsdiqedici sənədi 14 dekabr 2023-cü il tarixdə də göndərmişlər. İnstitutun qeyd olunanlarla bağlı əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-si tərəfindən “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu”na ünvanlanmış bildirişdən görünür ki, İnstituta məxsus **-PD-*** dövlət qeydiyyat nişanlı “LF 7240 820 minik” markalı nəqliyyat vasitəsinin iştirakı ilə 27 noyabr 2023-cü il tarixdə saat 17:57-də Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı elektron protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan poçt xəbərnaməsinin surətindən görünür ki, qeyd olunan sorğu 05 dekabr 2023-cü il tarixdə imza edilərək alınmışdır. Məhkəməyə təqdim edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu”nun 13 noyabr 2023-cü il tarixli 3-22-5/3-12-3/2023 nömrəli məktubunun surətindən görünür ki, sorğuda qeyd olunan **-PD-*** dövlət qeydiyyat nişanlı “LF 7240 820 minik” markalı nəqliyyat vasitəsi, onu idarə edən sürücü barədə məlumatlar Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinə göndərilmiş, 13 noyabr 2023-cü il tarixdə ünvan sahibinin səlahiyyətli şəxsi tərəfindən imza olunaraq qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır; 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir; 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 58-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinə görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Nizami RPİ-nin DYPŞ-nin sorğusunun “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi- Tədqiqat İnstitutu”na 03 dekabr 2023-cü il tarixdə göndərilməsindən daha əvvəl, 13 noyabr 2023-cü il tarixdə sorğuda qeyd olunan **-PD-*** dövlət qeydiyyat nişanlı “LF 7240 820 minik” markalı nəqliyyat vasitəsi, onu idarə edən sürücü barədə məlumatlar Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinə təqdim edilmiş, həmin tarixdə ünvan sahibinin səlahiyyətli şəxsi tərəfindən imza olunaraq qəbul edilmişdir. Lakin həmin məktub və məlumatlar araşdırılmadan, hüquqi əsaslar olmadığı halda, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu”nun mülkiyyətində olan nəqliyyat vasitəsini 27 noyabr 2023-cü il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın DYPŞ-nin sorğusunun daxil olduğu 05 dekabr 2023cü il tarixdən 5 gün müddətində verilməməsi əsası ilə İnstitutun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, sorğu İnstitutun müvafiq səlahiyyətli vəzifəli şəxsi tərəfindən deyil, onu qəbul etməyə səlahiyyəti olmayan və məsuliyyəti müəyyən edilməmiş əməkdaşı tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu”nun əməlində Azərbaycan Respublikası İXMnin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, İnstitutun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu”nun əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-71/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-71/2024
25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver