Məhkəmə qərarları › İş №3(007)-712/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-712/2021

25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-712/2021 25.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1963-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ADY QSC-də bələdçi işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-1609/2019 saylı qətnaməsi ilə, cavabdeh Şəxs 7000,00 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxsdən dəfələrlə icra sənədlərinin icra edilməsi tələb olunsa da, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzürsüz səbəbdən icra sənədini icra etməmiş və nəticədə X2 icra sənədi üzrə ödənilməmiş 7000.00 manat borcu yaranmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X5 məhkəmədə bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-1609/2019 saylı icra sənədi şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. Borclunun ünvanına tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, tələb könüllü müddət ərzində ödənilməmişdir. Sonrakı müddət ərzində borclu şöbəyə dəvət olunmuş, ondan izahat alınmış, izahatında isə borcunu tələbkarın xeyrinə ödəyəcəyini bildirsə də, hal-hazıradək borcunu ödəməmişdir. Borclunun bu cür hərəkətləri tələbkarın haqlı narazılığına səbəb olmuş, borclunun məhkəmə qərarının icrasına qərəzli olması müəyyən edilmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları inkar edərək, inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək, izahatında göstərdi ki, o, icra sənədinin icrasından yayınmamış, borcunu ödəmək üçün əlindən gələni edir. Borcundan ödəniş etməməsinin səbəbini də dəfələrdə icra şöbəsində bildirmiş, bütün çağırışlara getmiş, heç vaxt icra məmurunun çağırışlarından yayınmamışdır. icra sənədi icraata götürüldükdən sonra 500 manat pul ödəmiş etmiş, sonradan isə karantin rejimi ilə əlaqədar gəlirləri azalmışdır. Onun borcunu tam şəkildə bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Lakin, hissə-hissə ödəməyə hazırdır. O, borcun hissə-hissə ödənilməsi ilə bağlı qərar çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Buna görə də onun məhkəmə qətnaməsini guya üzürsüz səbəbdən icra etməməsi həqiqətə uyğun deyil və onun əməlində inzibati xəta tərkibi yoxdur. Sonda Şəxs, inzibati məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmurunu və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında işdə olan sübutlarla Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-1609/2019 saylı qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Bununla əlaqədar məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədinin icrası ilə əlaqədar onun hərəkətləri- icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi tövsif edilə bilməz. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar