Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-74/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 13 noyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitəsini 27 oktyabr 2023-cü il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusunun daxil olduğu 03 noyabr 2023-cü il tarixdən 5 gün müddətində verməmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsindən daxil olmuş **-YY-*** dövlət qeydiyyat nişanlı “Land Rover” markalı avtomobili 27 oktyabr 2023-cü il tarixdə idarə etmiş və inzibati xəta törətməsi qeyd olunan sürücü barədə məlumatın verilməsinə dair sorğu 03 noyabr 2023cü il tarixdə daxil olmuş, 07 noyabr 2023-cü il tarixdə sorğuya cavab tərtib olunaraq Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinə təqdim edilmiş, eyni tarixdə də həmin orqanın səlahiyyətli şəxsi tərəfindən imzalanaraq qəbul edilmişdir. MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMC-yə ünvanlanmış bildirişdən görünür ki, MMC-yə məxsus **-YY-*** dövlət qeydiyyat nişanlı “X4 Rover minik” markalı nəqliyyat vasitəsinin iştirakı ilə 27 oktyabr 2023-cü il tarixdə saat 16:12-də Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı elektron protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan poçt xəbərnaməsinin surətindən görünür ki, qeyd olunan sorğu 03 noyabr 2023-cü il tarixdə imza edilərək alınmışdır. Məhkəməyə təqdim edilmiş Şəxs MMC-nin 07 noyabr 2023-cü il tarixli 209 nömrəli məktubunun surətindən görünür ki, sözügedən sorğuya cavab 07 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsində qəbul edilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Nizami rayon polis idarəsindən daxil olmuş 06 fevral 2024-cü il tarixli 3-13-52/2-4821/2024 nömrəli məktubdan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan **-YY-*** dövlət qeydiyyat nişanlı “X4 Rover minik” markalı nəqliyyat vasitəsini 27 oktyabr 2023-cü il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat 07 noyabr 2023-cü il tarixli 209 nömrəli məktubla göndərilmiş, eyni tarixdə Nizami rayon polis idarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır; 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir; 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 58-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinə görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Nizami RPİ-nin DYPŞ-nin sorğusunun Şəxs MMC-də 03 noyabr 2023-cü il tarixdə qəbul edilməsindən sonra, sorğuda qeyd olunan **-YY-*** dövlət qeydiyyat nişanlı “X4 Rover minik” markalı nəqliyyat vasitəsi, onu idarə edən sürücü barədə məlumatlar 07 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon polis idarəsinə təqdim edilmiş, eyni tarixdə ünvan sahibinin səlahiyyətli şəxsi tərəfindən imza olunaraq qəbul edilmişdir. Lakin həmin məktub və məlumatlar araşdırılmadan, hüquqi əsaslar olmadığı halda, Şəxs MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini 27 oktyabr 2023-cü il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın DYPŞ-nin sorğusunun daxil olduğu 03 noyabr 2023-cü il tarixdən 5 gün müddətində verilməməsi əsası ilə MMC-nin barəsində 13 noyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-74/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-74/2024
06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver