Məhkəmə qərarları › İş №3(007)-75/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-75/2024

19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-75/2024 19.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı F.Ə.Zeynallı tərəfindən xx.xx.2023-cü il tarixdə, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Şəxs MMC-yə məxsus “MAN” yük markalı, H014690 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə törədilmiş qayda pozuntusu ilə bağlı avtomobili idarə edən sürücü barəsində məlumatın verilməsinə dair Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən göndərilən bildirişi xx.xx.2023-cü il tarixdə almışlar. Dərhal həmin gün məlumatlar hazırlanmış və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nə göndərilməsi üçün "xxxx" MMC-nin AZ1031 saylı poçtuna təhvil vermişlər. Sözü gedən sənədlər Nizami RPİ-nin DYPŞ-nə poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmişlər. Məhkəmədən qeyd olunanları nəzərə alaraq Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs MMC-yə ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:14-də Şəxs MMC-nin mülkiyyətində olan “MAN” yük markalı, H014690 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Bakı şəhəri, Həmid Sultanov (Xocasən), 21a ünvanında dayanma qaydalarını pozmuşdur. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. Şəxs MMC-dən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. - həmin bildirişə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamənin surətindən görünür ki, Şəxs MMC-nə göndərilmiş bildiriş xx.xx.2023-cü il tarixdə imza edilərək qəbul edilmişdir. - Şəxs MMC-nin Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 75/23 nömrəli məktubundan və xx.xx.2023-cü il tarixli poçt qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixində, saat 17:14-də “MAN” yük markalı, H014690 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququna malik olan şəxsin X3 olması bildirilmiş və həmin məlumat Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. - xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nə ünvanlanmış göndəriş xx.xx.2023-cü il tarixdə, saat 14:35-ə təyinatı üzrə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ tərəfindən Şəxs MMC-yə göndərilmiş sorğu xx.xx.2023-cü il tarixdə Şəxs MMC-yə daxil olmuş, xx.xx.2023-cü il tarixdə sürücü barədə məlumat Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar