Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-754/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərtib edilmiş 29 mart 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən İD********** nömrəli müşayiət əsasında ölkəyə idxal edilmiş şərab məhsulu partiyası Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən anbarda 29 mart 2022-ci il tarixdə qida təhlükəsizliyi sertifikatı olmadan satılmışdır. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə həmin nümayəndənrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda, işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili X2 orderini əlavə etməklə ərizə verərək iş materialları ilə tanış olmaq və yazılı mövqelərini hazırlamaq üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, təyin olunmuş məhkəmə iclaslarında iştirak etməmiş və vəsatətinə uyğun olaraq etiraz və ya mülahizələrini təqdim etməmişdir, belə olan halda məhkəmə MMC-nin nümayəndəsinin və ya vəkilinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə ünvanlanmış 02 mart 2022-ci il tarixli İD********** nömrəli elektron ərizədən görünür ki, 06 mart 2022-ci il tarixdə İtaliya Respublikasından ölkəyə idxal ediləcək şüşə qablaşdırmalı “X4 Treviso Galie 0,75”, “X4 Lounge 0,75” adlı 81 ədəd şərab məhsuluna dair qida təhlükəsizliyi sertifikatının verilməsi xahiş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs MMC-nin direktoru X1 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə verdiyi 29 mart 2022-ci il tarixli yazılı izahatdan görünür ki, İD********** nömrəli müraciət əsasında ölkəyə idxal etdikləri şərab və şərab məhsulları qida təhlükəsizlik sertifikatı olmadan 40 korobka (qutu) satılmışdır. Amma məhsul idxal olunduqdan sonra AQTA nümayəndəsi tərəfindən məhsuldan analiz götürülmüşdür. Analiz cavabı müsbət çıxdıqdan sonra ödəniş üçün bildiriş gəlmişdir. Şəxs MMC olaraq bu ödənişi etdikdən sonra məhsulu satışa çıxarmışlar. Yəni, məhsullarında heç bir problem olmamışdır ki, AQTA ödəniş bildirişi göndərmişdir. Onlar müştəri qarşısında öhdəliklərini yerinə yetirmək üçün ödəniş etdikdən sonra məhsulun anbardan çıxışına icazə vermişlər. Belə hesab edir ki, bu, artıq sahibkarlığa qərəz bir haldır, süni şəkildə sertifikatın verilməsi uzadılır və sonra inzibati qaydada cərimələnirlər. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən 29 mart 2022-ci il tarixdə yerində aparılan araşdırma zamanı Şəxs MMC-nin sifarişi əsasında 06 mart 2022-ci il tarixdə İtaliya Respublikasından ölkəyə idxal edilən şüşə qablaşdırmalı “X4 Treviso Galie 0,75”, “X4 Lounge 0,75” adlı 81 ədəd şərab məhsulunun qida təhlükəsizliyi sertifikatı olmadan satılması müəyyən edilmişdir, hansı ki, MMC-nin direktoru özünün yazılı izahatında həmin faktı etiraf etmişdir. Qeyd edilənlərlə inzibati xətalar qanunvericiliyinin tələbləri Şəxs MMC tərəfindən pozulmuşdur ki, bu da, Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Sözügedən maddənin tələbinə görə, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi ilə istehlakçıların hüquqlarının pozulmasına görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-754/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-754/2022
11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver