Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-756/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi, qərardan şikayət verən şəxs X5 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 00100/0255 saylı inzibati tənbehvermə haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, o, ********** saylı VÖEN əsasında fiziki şəxs kimi fərdi sahibkarlıqla məşğul olur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 14 noyabr 2023-cü il tarixli 00100/02555 saylı qərarı ilə vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 5440 manatın 45 faizi həddində - 2448 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərardan narazıdır, inzibati xətalar qanunvericliyinin tələblərinin, o cümlədən hüquqlarının kobud pozuntusu ilə qəbul olunduğundan, həmin qərar ləğv edilməlidir. Qərarın qəbul olunması onunla əsaslandırılmışdır ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1-028819/2023 nömrəli, xx.xx.2023-cü il tarixli raportda Dövlət Gömrük Komitəsinin X4 Sistemi informasiya resursunun banklarla DGK arasında “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2023-cü il tarixdə alınmış məlumata əsasən ünvan 1 ünvanında qeydiyyatda olan X6 (VÖEN: **********) tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək müddət ərzində rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə ümumilikdə 3200 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından bağlanılmış müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş ümumilikdə az miqdarda, 3200 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. X6 apardığı xarici iqtisadi fəaliyyət nəticəsində Azərbaycan Respublikasının müvəkkil bank hesabına köçürülməli olan vəsaitləri apardığı fəaliyyətdən 180 gün keçənədək, ən geci müvafiq olaraq xx.xx.2023-cü il tarixədək qaytarmalı, yəni qanunun tələbindən irəli gələrək bu müddəti ötürməməli olduğu halda buna dair normaların tələblərinə riayət etməmiş, inzibati araşdırma başlanana qədər ünvanlanmış xəbərdarlıq və bildirişi almasına və inzibati araşdırma zamanı xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilən vəsaitləri müvəkkil bank hesabına köçürməmişdir. Bununla da, X6 təqsirli olaraq, barəsində protokol tərtib edilən hadisə üzrə əməli törətməsi müəyyən edilir. Sonda, vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, barəsində 5440 manatın 45%-i həddində, 2448 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Müvəkkil banka köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən, yəni ondan asılı olmayan səbəblərdən baş vermişdir, yəni onun hərəkət və ya hərəkətsizliyimin nəticəsi olmamışdır, xarici valyutanı köçürdüyü Gürcüstanda yerləşən fərdi sahibkar aralarında bağlanmış müqavilə öhdəliklərinə əməl etməmiş, müvafiq pul vəsaitini hesabına köçürməmişdir. Bununla bağlı tərəfindən zəruri tədbirlər görülmüş, dəfələrlə müraciətlər edilmişdir. Bu tədbirlər yetərli olmadığına və müsbət nəticələnmədiyinə görə məhkəmə proseduru başlatmaq qənaətinə gəlmiş, aidiyyəti məhkəmədə həmin məsələni mübahisələndirəcəkdir. Ona görə hesab edir ki, bu məsələdə təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz, bərəsində qəbul olunmuş qərar qanunsuz və əsassız olduğundan ləğv olunmaqla, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 483-cü maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 14 noyabr 2023-cü il tarixli, 00100/02555 saylı qərarına əsasən barəsində inzibati tənbeh tətbiq olunarkən İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmiş, İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmişdir. Lakin, qərara əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadığı, əksinə, məsuliyyətini yüngülləşdirən hal müəyyən olunduğu halda Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin qərarı ilə o, sanksiyada nəzərdə tutulan orta həddən də yuxarı - qırx beş faiz məbləğində cərimə olunmuş, bunun əsasları isə qərarda göstərilməmişdir. Ona görə hesab edir ki, iş üzrə icraata xitam verilməli olması ilə bağlı əsasları ilə razılaşmadıqda, mübahisələndirdiyi qərarı dəyişdirməklə məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran halların isə olmamasını nəzərə almaqla, barəsində tətbiq edilmiş cərimə məbləğini yüngülləşdirməklə maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə (otuz faiz) cərimə məbləği təyin edilməsi işin hallarına, pul vəsaitinin məbləğinə, faktiki maliyyə vəziyyətimə uyğun olardı. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 5440 manatın 45 faizi həddində - 2448 manat məbləğində inzibati cərimə tətbiq edilməsinə dair 14 noyabr 2023-cü il tarixli 00100/02555 saylı qərarı ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 bildirdi ki, barəsində tərtib edilmiş protokol və onun əsasında çıxarılmış qarar əsassızdır. Belə ki, o qeyd etdi ki, 3200 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaitin geri qayıtmaması onun təqsiri ucbatından baş verməmişdir. Həmçinin ona cərimə tədbiri tətbiq olunan zaman gəliri, məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmamışdır. Gəlirinin hər üç aylıq rüb üzrə 400-600 manat arası dəyişdiyini, maliyyə vəziyyətini nəzərə alaraq maddənin sanksiyasında nəzərdə tutulmuş minimal həddə cərimə təyin edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəblər barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunanlara əsaslanaraq məhkmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli İnzibati Tənbeh vermə haqqında qərara əsasən vəzifəli şəxs X6 İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinib 5440 manatın 45 faizi həddində, yəni 2448 manat məbləğində cərimə edilmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, İXM-nin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə baxılarkən İXM-nin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında qərar çıxarıla bilər. Həmçinin İXM-nin 135.1.5-ci maddəsinin tələbinə əsasən tətbiq edilmiş tənbeh İXM-nin 31-34-cü maddəsinə uyğun olmadan tətbiq edildikdə qərarın dəyişdirilməsi üçün əsaslar yaranır. Hazırki iş üzrə vəzifəli şəxs barəsində inizbati tənbeh tədbiri kimi cərimə tətbiq edilərkən onun maliyyə vəziyyəti məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmadan maddənin sanksiyasında nəzərdə tutulmuş yüksək həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli İnzibati Tənbeh vermə haqqında qərar dəyişdirilməli, vəzifəli şəxs X6 İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinib 3200 ABŞ dollarının 30 faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli İnzibati Tənbeh vermə haqqında qərar dəyişdirilsin, vəzifəli şəxs X6 İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 3200 ABŞ dollarının 30 faizi, yəni 960 (doqquz yüz altmış) ABŞ dolları məbləğində (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-756/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-756/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver