Məhkəmə qərarları › İş №3(007)-76/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-76/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-76/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş 21 dekabr 2021-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən "xxxx" ASC 21250.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 04 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 21250.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 05 dekabr 2021-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi iş üzrə icraata xitam verilməsinə dair yazılı vəsatət vermiş, vəsatəti onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Gürcüstanın "xxxx" MMC şirkəti arasında 05.11.2019cu il tarixli 1 nömrəli (Birinci Müqavilə) və 18.11.2019-cu il tarixli 2 nömrəli (İkinci Müqavilə) alqı-satqı müqavilələri imzalanmışdır. Hər iki müqaviləyə əsasən alıcı "xxxx" ASC tərəfindən 100 tonadək FeSiMn (ferrosilikomarqaneç) adlı kimyəvi maddənin satıcı "xxxx" MMC-dən satın alınaraq Azərbaycana idxal ediləcəyi nəzərdə tutulmuşdur. Eyni zamanda, Birinci Müqavilə qeyd olunan kimyəvi maddənin 1 tonunun qiyməti 850 ABŞ dolları məbləğində razılaşdırılmış, İkinci Müqavilə üzrə isə 1040 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Hər iki müqavilənin 4.3-cü maddəsində nəzərdə tutulmuş hesablaşma qaydasına əsasən alıcı sifariş etdiyi malın qiymətinin 100% məbləğini əvvəlcədən ödəməlidir. Bundan sonra, 2019-cu ilin dekabr ayının əvvəli "xxxx" ASC tərəfindən satıcıya müraciət edilərək Birinci Müqavilə üzrə 25 ton mal sifariş edilir. Bununla əlaqədar, satıcı tərəfindən 21250 ABŞ dolları məbləğində avans ödənişinin edilməsi ilə bağlı "xxxx" ASCyə 03.12.2019-cu il tarixli “#03” saylı invoys təqdim edilmişdir. Həmin invoys əsasında 03.12.2009-cu il tarixdə "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödəniş tapşırığı verilmişdir. Həmin tapşırıqda Birinci Müqavilə üzrə edilmiş sifarişə görə 21250 ABŞ dolları məbləğində ödənişin edilməsi nəzərdə tutulsa da, texniki səhv nəticəsində mühasibatlıq tərəfindən ödəniş tapşırığının mətnində Birinci Müqavilənin rekvizistlərinin əvəzinə İkinci Müqavilənin rekvizistləri göstərilmişdir. "xxxx" ASC tərəfindən ödənilən 21250 ABŞ dolları 04.12.2019cu il tarixdə "xxxx" MMC-nin bank hesabına daxil olmuşdur. Həmin ödəniş üzrə qeyd olunan mallar (FeSiMn(ferrosilikomarqaneç) netto 25, brutto 25,050 ton) 07.12.2019-cu il tarixdə müvafiq gömrük bəyannaməsinə əsasən tərəflərindən qəbul olunmuşdur. Nəzərə alınmalıdır ki, tərəflər arasında yalnız Birinci Müqavilə çərçivəsində müvafiq malların alqısatqısı baş tutmuşdur. Belə ki, Birinci Müqavilə üzrə "xxxx" ASC daha 3 dəfə müvafiq malları satıcıdan sifariş etmişdir. İkinci Müqavilə üzrə isə qiymət yuxarı olduğundan "xxxx" ASC tərəfindən ümumiyyətlə heç bir sifariş edilməmiş və hər hansı ödənişlər köçürülməmişdir. Həmçinin, iş üzrə materiallara əlavə edilmiş üzləşdirmə aktları, qarşı tərəfin öhdəliklərinin tam icrasına dair məktubu və digər sənədlərdən də göründüyü kimi müqavilənin tərəfləri olan "xxxx" ASC və "xxxx" MMC arasında öhdəliklər tam icra olunmuşdur. Ödəniş zamanı texniki səhv nəticəsində müqavilə rekvizistləri səhv yazılsa da tərəflərin müqavilə azadlığı və qarşılıqlı razılaşmalarına əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 07.12.2019-cu il tarixdə müvafiq malların idxalı həyata keçirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bank tərəfindən hesab edilmişdir ki, guya 03.12.2009-cu il tarixdə "xxxx" ASC tərəfindən edilmiş ödəniş İkinci Müqavilə üzrə həyata keçirilmiş, gömrük bəyannaməsinə əsasən idxal olunmuş mallar isə Birinci Müqaviləyə aid olmuşdur. Yəni, Mərkəzi Bankın gümanına görə "xxxx" MMC Birinci Müqavilə üzrə ödəniş almamış malları göndərmişdir, İkinci Müqavilə üzrə isə ödəniş almasına baxmayaraq malları göndərməmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, hər iki müqavilə üzrə alıcı tərəfindən ödənişlərin əvvəlcədən (avans şəklində) edilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, "xxxx" ASC tərəfindən edilmiş ödəniş Birinci Müqaviləyə aid olmasaydı, həmin müqavilə üzrə "xxxx" MMC tərəfindən heç bir mallar da göndərilməyəcəkdi. Lakin yuxarıda istinad olunmuş gömrük bəyannaməsindən göründüyü kimi, ödənilmiş qiymətə uyğun həcmdə müvafiq malların idxalı baş tutmuşdur. 03.12.2009cu il tarixli ödənişin əslində Birinci Müqavilə üzrə edildiyi həmçinin onunla təsdiq olunur ki, müvafiq X2 qiyməti əsasında (yəni, 1 ton mala görə 850 ABŞ dolları əsasında) həyata keçirilmşdir. Yuxarıda qeyd edildiyi kimi, İkinci Müqavilədə 1 ton malın qiyməti 1040 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlər aydın şəkildə göstərir ki, 03.12.2019-cu il tarixli ödəniş "xxxx" ASC tərəfindən Birinci Müqavilə üzrə edilmiş və həmin ödənişə uyğun olaraq 07.12.2021-ci il tarixdə satın alınmış mallar Azərbaycana idxal edilmişdir. Odur ki, Mərkəzi Bankın 21.12.2021-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokolu üzrə əslində inzibati xəta hadisəsi mövcud deyil. Sadəcə sənədlərin tərtibatında texniki səhvə yol verilmiş və ödənişin aid olduğu müvafiq müqavilənin rekvizistləri düzgün qeyd edilməmişdir. Səhvə yol verilmə halı isə inzibati xətanın baş verməsi kimi qiymətləndirilə bilməz, çünki yuxarıda göstərildiyi kimi, müvafiq ödənişin aid olduğu mallar Azərbaycana idxal edilmiş və gömrük bəyannaməsi vasitəsilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 21.12.2021-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolu əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X3 yazılı vəsatətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və ASC-nin hərəkətlərində inzibati xəta hadisəsi olmadığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə vəsatəti iş materialları ilə birlikdə tədqiq edib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC vasitəsi ilə 04 dekabr 2019-cu il tarixdə 21250.00 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı köçürülmənin aparıldığı tarixdən 2 il daxilində müvafiq malların ölkəyə idxalını, habelə idxal olunan xidmətlərin göstərilməsinin və ya qabaqcadan ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədlərin müvəkkil banka təqdim edilməməsi, bununla da, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın müvafiq tələblərinin pozulması əsası ilə "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin maddənin tələbinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X5 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Halbuki, "xxxx" ASC-dən vəsatətlə birlikdə məhkəməyə daxil olmuş sübutlarla, yəni müqavilələr, gömrük bəyannaməsi, ödəniş tapşırığı, üzləşmə aktı, o cümlədən vəsaitin köçürüldüyü "xxxx" MMC-nin məktubu ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Gürcüstanın "xxxx" MMC şirkəti arasında 05 noyabr 2019-cu il tarixli 1 nömrəli və 18 noyabr 2019-cu il tarixli 2 nömrəli alqı-satqı müqavilələri imzalanmışdır. "xxxx" ASC tərəfindən 1 nömrəli müqavilə üzrə malların alınması üçün 04 dekabr 2019-cu il tarixdə "xxxx" MMC-nin hesabına köçürülmüş 21250.00 ABŞ dolları məbləğində olan vəsait dəyərində məhsullar (mallar) 05 dekabr 2019-cu il tarixdə həmin müəssisə tərəfindən Azərbaycan Respublikasına göndərilmiş, müqavilənin predmeti olan məhsul (mal) 07 dekabr 2019-cu il tarixdə gömrük bəyannaməsinə əsasən qəbul olunmuş, bununla da 04 dekabr 2019-cu il tarixli müqavilə üzrə yerinə yetirilməmiş öhdəlik qalmamışdır. Lakin 03 dekabr 2009-cu il tarixdə "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödəniş tapşırığı verilərkən 1 nömrəli müqavilə üzrə edilmiş sifarişə görə 21250.00 ABŞ dolları məbləğində ödənişin edilməsi nəzərdə tutulduğu halda, texniki səhv nəticəsində mühasibatlıq tərəfindən ödəniş tapşırığının mətnində 1 nömrəli müqavilənin rekvizistlərinin əvəzinə 2 nömrəli müqavilənin rekvizistləri göstərilmiş, bu səbəbdən "xxxx" ASC-nin 21250.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 04 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq həmin məbləğdə vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim edilməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması nəticəsinə gəlinərək, ASC-nin barəsində hazırkı iş üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" ASC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından, yəni 04 dekabr 2019-cu il tarixdə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə, 07 dekabr 2019-cu il tarixdə müvafiq mallar ölkəyə idxal edildiyindən, "xxxx" ASC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hərəkətlərində Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar