Məhkəmə qərarları › İş №3(007)-762/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-762/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-762/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- “Güvən” vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zəngilan şəhəri, Rəsulzadə küçəsi ev 1də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 23/91, mənzil 132-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 04 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, “Şəxs keçmiş həyat yoldaşı görüş vaxtından əlavə övladını saxlayaraq anasına vermədiyi üçün uşağın anası Zərərçəkmiş şəxs Aliq qızı uşağı geri qaytarmağı dedikdə onu nalayiq ifadələrlə təhqir etmişdir”. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, protokolu tərtib edən polis sahə inspektoru xidməti fəaliyyəti ilə əlaqədar olaraq iştirak edə bilmir, ona görə o, prosesdə iştirak edərək inzibati xəta haqqında protokolu müdafiə edir. Şəxs keçmiş arvadı ərizə ilə polisə müraciət etmişdir. Şəxs polisə müqavimət göstərməmiş, çağırış barədə biləndən sonra polis əməkdaşları ilə gəlmişdir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun barəsində şikayət etdiyi qeyd olunan Zərərçəkmiş şəxs Aliq qızı onun keçmiş arvadıdır. Lakin şikayəti faktiki olaraq Könül deyil, onun anası etmişdir. Ayrılandan sonra oğlu Raul Könülün yanında qalmışdır. Sonuncu dəfə 03 fevral 2024-cü il tarixdə oğlunu xalasından, yəni Könülün bacısından götürmüş, demişdir ki, uşağı versinlər parka aparsın. Neçə dəfədir ki, uşağı götürməyə imkan vermirlər, ona görə xalasına demişdir ki, uşaq gedə onda qalsın. Lakin gecə zəng vurub onu söymüşlər. Onu dəfələrlə söyüblər, Könülün anası da zəng vurub söyüb. Oğlunu təhvil verəndən sonra, 04 fevral 2024-cü il tarixdə polis əməkdaşları onu bölməyə gətirmişlər ki, guya o, Könülü söymüşdür. Əslində isə o, Könülü söyməmişdir. 04 fevral 2024-cü il tarixdə keçmiş qaynanası onun barəsində şikayət etmişdir. Bu günlərdə o, ümumiyyətlə keçmiş arvadı Könüllə üz-üzə gəlməmiş, ona söyüş söyməmiş, uşağı xalasından götürmüş, ona da vermişdir. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlı olmasına baxmayaraq, Zərərçəkmiş şəxs Aliq qızı məhkəmə iclasında iştirak etmək üçün gəlməmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs Aliq qızı onun övladıdır, qızı Könüllə Şəxs evli olmuşlar. Onların ayrılmalarına baxmayaraq Elşən 24 saat onu yığıb zəng edir, qızı Könülü, onu təhqir edir. Uşağı götürür, günlərlə çıxır gedir, özləri uşağı zorla alırlar. Qızı işə girir, Elşən onun işlədiyi yeri tapır, qızı barədə yanlış məlumat verir, işinə mane olur. Elşən 03 fevral 2024-cü il tarixdə uşağı Könüldən götürmüş, qaytaranda uşağı xalasına, yəni onun digər qızına vermişdir. 04 fevral 2024-cü il tarixdə Elşən onları telefonda təhqir etmişdir. Elşən telefonda söyüş söymüş, sonra razılaşmışlar ki, Elşən bir yer desin, gedib oradan uşağı götürsünlər, lakin Elşən uşağı dediyi yerə gətirməmişdir. Sonra o, Könülə demişdir ki, uşağı o, götürməsin, bacısı götürsün. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol həmin şəxsin xırda xuliqanlıq etməsi ilə bağlı tərtib edilmişdir. Sözügedən maddənin tələbinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Yəni, maddənin tövsifedici əlaməti hesab olunan müddəadan da görünür ki, xırda xuliqanlıq adlanan xətanın baş verməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması, əməlin xırda xuliqanlıq hesab edilməsi üçün ictimai qayda pozulmalı, lakin bu qayda pozuntusu fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə müşayiət edilməməlidir. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə zərərçəkmiş şəxs qismində cəlb edilmiş Zərərçəkmiş şəxs Aliq qızı keçmiş ər-arvad olmuşlar, hazırkı inzibati xəta haqqında protokol, Şəxs həmin şəxslə birgə nikahlarından doğulmuş uşaqla görüşüb ünsiyyətdə olduqdan sonra onu himayəsinə verildiyi anasına vaxtında geri qaytarmadığından tərəflər arasında yaranmış münaqişəli vəziyyətlə bağlı tərtib olunmuşdur. Hansı ki, inzibati xəta haqqında protokolda xətanın hansı yerdə və vaxtda törədildiyi göstərilməmiş, ümumiyyətlə inzibati icraat zamanı bu kimi pozuntulara yol verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxs qismində cəlb edilmiş Zərərçəkmiş şəxs Aliq qızı ilə 2024-cü ilin fevral ayının 03-də və ya 04-də ictimai yerdə görüşməmişlər, onlar arasında ünsiyyət yalnız mobil telefon vasitəsi ilə olmuşdur. Məhkəmə tədqiqi zamanı Şəxs istinad edilən xətanı törətməsi, yəni ictimai qaydanı pozan hərəkətlərə yol verərək xırda xuliqanlıq etməsi işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunmuşdur, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin mənası baxımından inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübut etmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lakin qanunun həmin tələbinə əməl edilməmiş, Şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Ona görə məhkəmə belə qənaətə gəlir ki, hazırkı icraata münasibətdə Şəxs əməlinin Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə törədilən xırda xuliqanlığın təsiri altına düşməsi barədə qənaətə gəlinməsi üçün əsaslar yoxdur, həmin şəxsin əməlində istinad olunan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati qaydada tutulmuş Şəxs dərhal tutulmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal tutulmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar