Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-764/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin X8 Şöbəsinin yol-patrul xidməti inspektoru, polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 iştirakı ilə, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş 12.03.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş 12.03.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 27.02.2022-ci il tarixdə Bakı şəhəri, H.Əliyev prospekti “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olan vaxt Bakı şəhəri Nizami rayon DYPŞ-nin inspektorunun idarə etdiyi DYP avtomobili tərəfindən saxlanılmışdır. Saxlanılan vaxt inspektor heç bir sübut olmadan, heç bir videogörüntü olmadan əsassız şəkildə onun idarə etdiyi avtomaşını saxlamış və şifahi olaraq bildirmişdir ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbini pozmuşdur, ona protokol tərtib edir. O, buna qətiyyətlə etirazını bildirmişdir, amma buna baxmayaraq ona qərarsız protokol tərtib edərək ərazidən çıxıb getmişdir. O, tərtib edilən protokolu etiraz əlaməti olaraq qəbul etməmiş və yoluna davam etmişdir. 09.03.2022-ci il tarixdə həmin protokolun nüsxəsini əldə etmək üçün Bakı şəhər DYP-nə müraciət edərək nüsxəsini əldə etmişdir. Nizami RPİ-nin DYPŞ tərəfindən 12.03.2022-ci il tarixli qərar qəbul edilmiş, həmin qərar ordan 29.03.2022-ci il tarixdə çıxmış və onun ünvanına 31.03.2022-ci il tarixdə çatmışdır. Qanunun tələbləri inspektor tərəfindən kobud surətdə pozulmuş və sübuta yetirmədiyi halda ona protokol tərtib etmişdir. O, inspektorun bu kimi hərəkətlərinə kəskin şəkildə qanun çərçivəsində etirazını bildirmişdir. Sübuta yetirilməyən iddia sürücünün xeyrinə yekunlaşmalıdır. O, heç bir pozuntuya yol verməmiş, hərəkətdə olan vaxt hərəkət zolağını dönmə işıqları yandırmaqla heç bir avtomobilin hərəkətinə mane olmadan dəyişmişdir. Bakı şəhəri, H.Əliyev prospekti, “Koroğlu” metrostansiyası istiqamətində olan yolda xətlənmə qırıqqırıqdır, orada zolaq dəyişməyə heç bir məhdudiyyət yoxdur. Bundan başqa orada sürət həddi isə saatda 90-110 km/saatdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş 12.03.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin X8 Şöbəsinin yol-patrul xidməti inspektoru, polis serjantı X3 izahat verərək bildirmişdir ki, 27.02.2022-ci il tarixdə X5 idarə etdiyi avtomobillə Bakı şəhəri, H.Əliyev prospektində manevr etmə qaydalarını pozduğu üçün saxlamış, barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Araşdırma ilə bağlı X4 09.03.2022-ci il tarixdə Nizami RPİ-nin DYPŞ-nə dəvət etmişlər, lakin C.E.Hüseynli gəlməmişdir. 12.03.2022-ci il tarixdə X2 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Videogörüntülərin saxlanılma müddəti bir aydır. Bir ay müddət keçdiyindən X2 qeyd edilən inzibati xətanı törətməsini özündə əks etdirən videogörüntünün təqdim edilməsi mümkün deyildir. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş 12.03.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəməyə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 12.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən sübut təqdim olunmamışdır. İnzibati məsuliyyətə cəlb olunmuş X5 öz təqsirsizliyini sübut etməyə borclu olmadığından və sübut etmək yükü inzibati xəta hadisəsini aşkar edən orqanın üzərinə düşdüyündən, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair mötəbər sübut təqdim edilmədiyindən məhkəmə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş 12.03.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğu qənaətinə gəlmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş 12.03.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş 12.03.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-764/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-764/2022
18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver