Məhkəmə qərarları › İş №3(007)-764/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-764/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-764/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xanlarova Züleyxa Ramis qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ucar rayonunun Qazıqumlaq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, Daş Karxanası küçəsində nömrəsiz fərdi evdə kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 05 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 17 yanvar 2024-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 32 ünvanında yerləşən “Enza Home” mebel mağazasının yanında saxlanılan, X5 məxsus olan “Ford Transit” markalı **- JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən 150 manat dəyərində 01 ədəd usta ləvazimatları çamadanını gizli yolla oğurlayıb özgəsinin əmlakını talamaqla, zərərçəkmiş şəxs Polad Qasımova xırda talama yolu ilə 150 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X7 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməsi müşahidə kameraları ilə qeydə alınmış görüntülərlə öz təsdiqini tapmışdır, bundan başqa müəyyən etmişlər ki, Şəxs həmin vaxt Babək prospektində kafedə pivə içmiş, ödəniş etməyə pulu olmadığına görə telefonunu və şəxsiyyət vəsiqəsini girov qoymuşdur. Şəxs yeri müəyyən edildikdən sonra görüntülərlə tanış edilmiş və o, əməlini etiraf edərək bu barədə izahat vermişdir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 17 yanvar 2024-cü il tarixdə saat 23:00 radələrində Nizami rayonu, Babək prospekti 32 ünvanında yerləşən “Enza Home” mebel mağazasının yanı ilə piyada hərəkətdə olarkən “Ford Transit” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Özündən asılı olmadan avtomobilin yük yerindən 01 ədəd usta ləvazimatları çamadanını götürmüş, lakin sonra içərisində nə olduğuna baxmadan çamadanı yolun kənarına atıb getmişdir. Belə ki, həmin vaxt içkili olmuşdur. 04 fevral 2024-cü il tarixdə polislər tərəfindən saxlanılarkən bu əməlini etiraf etmişdir. Maddi imkanı olmadığına görə hazırda ziyanı ödəyə bilmir, lakin ödəniş edəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X8 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə baxılması üçün nəzərdə tutulan müddəti nəzərə almaqla onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısının 26 yanvar 2024-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X4 məxsus 150 manat dəyərində 01 ədəd usta ləvazimatları çamadanını gizli yolla oğurlamış şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti 23-cü PB-nə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 04 fevral 2024-cü il tarixli raportdan görünür ki, sözügedən material üzrə oğurluq əməlini törətmiş Şəxs müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməmiş və onunla barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 04 fevral 2024-cü il tarixdə saat 14:15-də tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 04 fevral 2024-cü il saat 14:15-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar