Məhkəmə qərarları › İş №3(007)-766/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-766/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-766/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxx 1994-cü il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi ev 71, mənzil 106-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 29 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs qanunsuz olaraq narkotik maddə qəbulunda şübhəli olduğu üçün 29 noyabr 2023-cü il tarixdə saat təxminən 01:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində 227 nömrəli orta məktəbin qarşısında saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü polis bölməsinə aparılmış, 29 noyabr 2023-cü il tarixdə Respublika Narkoloji Mərkəzində tibbi müayinə zamanı sidik nümunəsində istehlak etdiyi narkotik vasitə “THC” (+) aşkar edilmişdir. İnzibati xəta haqqında protokola dair material, müvafiq nöqsanlara görə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış, 23cü polis bölməsində inzibati icraat başlanmış, 08 yanvar 2024-cü il tarixdə icraat dayandırılmış, Şəxs yeri müəyyən edildikdən sonra 05 fevral 2024-cü il tarixdə icraat təzələnmiş və hazırda mahiyyəti üzrə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X3 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 29 noyabr 2023-cü il tarixdə hava yaxşı olduğu üçün dostu Aslanla birlikdə gəzintidə olmuşdur. Keşlə qəsəbəsində 227 nömrəli orta məktəbin qarşısında olarkən marixuanadan istifadə etmişlər. 5 dəqiqə sonra polis əməkdaşları gəlib onları aparmışlar. Özü idmanın taekvando növü ilə məşğul olmuş, idmandan uzaqlaşandan sonra boşluğa düşmüşdür. İlk dəfə narkotikdən istifadə etmişdir, belə şeylərdən uzaq adamdır, uzaq başı istifadə etdiyi qəlyan olmuşdur. Qeyd etdiklərini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq, barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd”inə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs narkotik vasitəni könüllü surətdə təhvil verməmişdir, qanunsuz olaraq narkotik vasitə istifadə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmış və tibbi müayinə zamanı bu fakt öz təsdiqini tapmışdır, ona görə həmin şəxsin maddənin qeydində nəzərdə tutulduğu qaydada inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs hazırda materialın məhkəməyə təqdim edilməsi zamanı tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə həmin maddənin tələbinə əsasən hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tətbiq edilməli olmadığından ona narkomaniyadan məcburi müalicə təyin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, məhkəmə xərcinin tutulmasına əsas olan ekspertiza keçirilməmişdir. Bundan başqa vəkilin iş materialları ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar