Məhkəmə qərarları › İş №3(007)-769/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-769/2024

16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-769/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X3 iştirakı ilə, X3 İ X10 Xidməti inspektoru X5 29 yanvar 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 İ X10 Xidməti inspektoru X5 29 yanvar 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bununla yanaşı, X4 şikayətə onun yaşayış yeri üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılması ilə bağlı yazılı vəsatət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 3(007)-5804/2023 nömrəli qərarında İXM-nin 529.3-cü maddəsi ilə onun sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmuşdur. 22 dekabr 2023-cü il tarixdə hakimin qərarına əsasən sürücülük vəsiqəsinə bir illik qoyulan məhdudiyyətə xitam verilmişdir. Həmin qərarı 08 yanvar 2024-cü il tarixdə DİN-nin Baş Dövlət Yol Polisinə sistemdən çıxarılması üçün təqdim etmişdir. 28 yanvar 2024-cü il tarixdə Bakı-Quba yolu 23-cü km-də Saray postunda adını sonradan bildiyi 1-ci X10 xidməti inspektoru X8 tərəfindən idarə etdiyi avtomaşınla saxlanılmış və sürücülük vəsiqəsi ilə birlikdə məhkəmənin qərarını inspektora təqfdim etmişdir. Buna baxmayaraq onun iştirakı olmadan ona inzibati protokol yazılmışdır. İXP ******* nömrəli protokol bir gün sonra yazılmışdır. 1-ci X10 xidməti inspektoru X8 tərəfindən qəbul edilmiş 29 yanvar 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onun sürücülük hüququna məhdudiyyət qoyulmuş, 22 dekabr 2023-cü il tarixdə bu barədə qərara məhkəmə tərəfindən xitam verilmiş, 07 yanvar 2024-cü il tarixdə məhkəmədən həmin xitam qərarını götürüb DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə aparıb şəxsən təqdim etmişdir. Orada ona demişlər ki, 10 gün ərzində həmin qərar sistemə daxil olunaraq məhdudiyyət silinəcəkdir. Ona vəzifəli şəxs tərəfindən, inzibati orqanda bu məlumat verildiyinə görə hesab etmişdir ki, artıq müəyyən edilmiş 10 gündən sonra sürücülük hüququ üzərində hər hansı məhdudiyyət qalmamışdır. Lakin 28 gün sonra onu yol patrul xidməti inspektoru X1, demişdir ki, sürücülük hüququnda məhdudiyyəti var, avtomobil idarə edə bilməz. O, sürücülük vəsiqəsi ilə birlikdə məhkəmənin 22 dekabr 2023-cü il tarixli xitam qərarını təqdim etmiş, lakin avtomobilini aparıb duracağa qoymuşlar. Yerində araşdırma aparılmasını, təqsiri varsa protokol tərtib olunmasını tələb etsə də, buna əməl etməmişlər. Səhər DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə yaxınlaşmış, orada əməkdaş ona demişdir ki, onlar sistemdə xitam qərarını görmürlər, araşdıracaqlar. Lakin hər hansı araşdırma aparmadan ona 300 manat cərimə yazmışlar. Hesab edir ki, qeyri-qanuni yazılmış cərimə silinməlidir. Qeyd etdiklərini, onun inzibati xətanın törədilməsində təqsiri olmadığını nəzərə alaraq, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş İ X10 Xidməti inspektoru X8 və ya səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə işin faktiki hallarını nəzərə almaqla həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, X3 28 yanvar 2024-cü il tarixdə saat 22:55-də Bakı-Quba yolu, 23-cü kmddə “Toyota Prius (Hibrid) minik” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən “nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə; yol nişanlarının tələblərinə riayət edilməməsinə; nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə; nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə” Azərbaycan Respublikası İXM-nin müvafiq olaraq 342.6, 327.1, 332.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsini təsdiq edən sübutlar toplanıb tədqiq edilmədən işə baxılmış və o, təqsirli bilinərək inzibati qaydada tənbeh olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - əlli manat məbləğində cərimə edilir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir; 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir; 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, X4 29 yanvar 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərar əsasında Azərbaycan Respublikası İXM-nin 342.6, 327.1, 332.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tətbiq olunsa da, o, qərarı yalnız İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissədə mübahisələndirmişdir. Həmin hissədə işin faktiki halları ondan ibarət olmuşdur ki, X4 01 iyul 2023-cü il tarixli, EQ seriyalı, 15422006 nömrəli elektron qərara əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsində təqsirli bilinərək cərimə edilmiş, həmin qərarı icra etmədiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 20 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və iş baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 3(007)-5804/2023 nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 01 il müddətinə məhdudlaşdırılmışdır. X3 vəsatəti əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 3(007)-5804/2023 nömrəli qərarı ilə həmin şəxsin nəqliyyat vasitələrini idarə etmə hüququnun 01 il müddətinə məhdudlaşdırılmasına dair eyni məhkəmənin 28 noyabr 2023-cü il tarixli qərarına xitam verilmiş və nəqliyyat vasitələrini idarə etmə hüququ bərpa edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir; 153.1-ci maddəsinə əsasən fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur; 153.4-cü maddəsinə əsasən xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, bu Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə, barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır; 153.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda, sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır: 153.5.1. nəqliyyat vasitəsini idarə etmək hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarə etmək vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün; 153.5.2. nəqliyyat vasitəsini idarə etmək hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün. Yuxarıda qeyd edildiyi kimi, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış X4 inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədiyindən, İXM-nin 152.5-ci maddəsinin tələbinə uyğun olaraq, bu barədə 28 noyabr 2023-cü il tarixli qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında 22 dekabr 2023-cü il tarixdə xitam verilmişdir. Belə olan halda isə, yəni nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verilməsi halında məhkəmənin qərarı dərhal DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin elektron bazasına daxil edilməlidir. Hansı ki, məhkəmənin 22 dekabr 2023-cü il tarixli qərarı bu məqsədlə X3 özü tərəfindən müşayiət (icraya dair) məktubu ilə birlikdə 07 yanvar 2024-cü il tarixdə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin müvafiq əməkdaşına təqdim edilmişdir. Qərar icra üçün həmin orqana daxil olduqdan sonra onun icrası təmin edilməli olduğu halda edilməmişdir. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş və onun əsasında hazırda mübahisələndirilən qərarı qəbul etmiş İ X10 Xidməti inspektoru X8 tərəfindən həmin hal nəzərə alınmadan və müvafiq araşdırma aparılmadan X4 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitəsinin idarə edilməsinə görə təqsirli bilinib, inzibati qaydada tənbeh edilmişdir. Bu halın araşdırılması, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verilməsinə dair qərarı icra üçün X2 qəbul etmiş müvafiq səlahiyyətli şəxsin müəyyən edilməsi, qərarın dərhal icra olunmamasının səbəblərinin müəyyən edilməsi, eyni zamanda şikayət vermiş şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş inspektorun izahatlarının alınması və sair sübutların araşdırılması yolu ilə mümkündür. Nəzərə alınmalıdır ki, inzibati xətalar qanunvericiliyinin (İXM-nin 8-ci maddəsi) tələblərinə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, X4 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyri-mümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli, daha sonra şəxsin təsirlilik məsələsi həll edilməlidir. Bu zaman məhkəmə əlavə olaraq qeyd edir ki, inzibati qərar qəbul edilərkən müvafiq prosessual pozuntuya da yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası İXMnin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. X4 mübahisələndirilən qərar əsasında Azərbaycan Respublikası İXM-nin 342.6, 327.1, 332.1 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsə də, İnzibati Xətalar Məcəlləsinin Ümumi hissəsi ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, X4 daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilərkən həmin Məcəllənin 34.3-cü maddəsinə istinad olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş səlahiyyətli vəzifəli şəxs tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X3 barəsindəki 29 yanvar 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, 28 yanvar 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsindəki 29 yanvar 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, 28 yanvar 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar İ X10 Xidməti inspektoru X6 (Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin vasitəsilə) göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar