Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-773/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru X1 iştirakları ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 16 yanvar 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, "xxxx" MMC 2425000.00 Rusiya rublu məbləğində olan vəsaiti bank hesabından 28 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsaitin 964825.48 Rusiya rublu hissəsi hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 29 dekabr 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə protokolun məzmununa uyğun izahat vermiş, lakin əlavə etmişdir ki, "xxxx" MMC-nin barəsində iş üzrə inzibati xəta haqqında protokol müvəkkil bank olan "xxxx" ASC-dən daxil olmuş sənədlər əsasında tərtib edilmişdir. "xxxx" MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi sənədlərlə tanış olmuşlar və araşdırma ilə müəyyən etmişlər ki, məhkəmə qərarları baxılan iş üzrə köçürməyə aiddir, həmin halı fors-major hal kimi qəbul edirlər. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru X2 izahatında göstərmişdir ki, Rusiya Federasiyasında yerləşən “Turinsk selluloz kağız zavodu” səhmdar cəmiyyəti ilə bağladıqları 22 dekabr 2021-ci il tarixli müqavilə əsasında 2425000.00 Rusiya rublu məbləğində olan vəsaiti bank hesabından 28 dekabr 2021-ci il tarixdə köçürməklə öhdəliklərini yerinə yetirmişlər. Lakin müqavilə tərəfi öz öhdəliyini yerinə yetirməmiş, həmin pulun 964825.48 Rusiya rublu hissəsi hesabına alınan mallar göndərilməmiş və ya pul geri qaytarılmamışdır. Tələb etmələrinə baxmayaraq pulu verməyəcəklərini bildirmişlər. Ona görə qanunda nəzərdə tutulan müddət daxilində Rusiya Federasiyasında iddia qaldırmışlar, Sverdlovsk vilayətinin Arbitraj Məhkəməsi tərəfindən mübahisəyə baxılaraq iddiaları təmin edilmiş, “Turinsk selluloz kağız zavodu” səhmdar cəmiyyətinin müqavilə öhdəliyini yerinə yetirməməsi sübuta yetirilməklə ödədikləri pul vəsaitinin onların xeyrinə tutulması qət edilmişdir. Qarşı tərəf apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti təmin edilməmiş, qərar qüvvədə qalmışdır. Məhkəmə qərarlarını tərcümə etdirərək banka təqdim etmişdir, hazırda məhkəməyə də təqdim etmişdir. Hesab edir ki, rəhbəri olduğu MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC vasitəsi ilə 28 dekabr 2021-ci il tarixdə 2425000.00 Rusiya rublu məbləğində pul vəsaiti ilə bağlı köçürülmənin aparıldığı tarixdən 2 il daxilində həmin vəsaitin 964825.48 Rusiya rublu hissəsi hesabına alınan müvafiq malların ölkəyə idxalını, habelə idxal olunan xidmətlərin göstərilməsinin və ya qabaqcadan ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədlərin müvəkkil banka təqdim edilməməsi, bununla da, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın müvafiq tələblərinin pozulması əsası ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin maddənin tələbinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibatı Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC vasitəsi ilə 28 dekabr 2021-ci il tarixdə müvafiq məbləğdə pul vəsaiti ilə bağlı köçürülmə aparıldıqdan sonra, həmin MMC-nin müqavilə bağladığı Rusiya Federasiyasında yerləşən “Turinsk selluloz kağız zavodu” səhmdar cəmiyyəti müqavilə öhdəliklərinə əməl etməmiş, bununla əlaqədar "xxxx" MMC tərəfindən verilmiş iddia ərizəsinə daur işə Rusiya Federasiyası Sverdlovsk vilayətinin Arbitraj Məhkəməsində baxılmış, həmin məhkəmənin 01 noyabr 2022-ci il tarixli A60-38401/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, müqavilə öhdəliyinin yerinə yetirilməməsi və əsassız varlanma hesab olunmaqla “Turinsk selluloz kağız zavodu” səhmdar cəmiyyətindən "xxxx" MMC-nin xeyrinə 1941470.48 Rusiya rublu miqdarında pul vəsaitinin tutulması qət edilmişdir. Apellyasiya qaydasında işə baxan Rusiya Federasiyasının On yeddinci Arbitraj Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli A60-38401/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sverdlovsk vilayətinin Arbitraj Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, məhkəmə işin faktiki hallarını Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarı ilə gəlinən hüquqi mövqe baxımından qiymətləndirməklə, "xxxx" MMC tərəfindən 2425000.00 Rusiya rublu məbləğində olan vəsaitin bank hesabından 28 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsindən sonra, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsaitin 964825.48 Rusiya rublu hesabına alınan malların (xidmətlərin) ölkəyə idxal olunmamasını və qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasını fors major hal kimi qəbul edir, belə qənaətə gəlir ki, bu, həmin hüquqi şəxsin iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir, ona görə "xxxx" MMC-nin qeyd olunanlarla bağlı hərəkətlərində inzibati xəta tərkibi yoxdur, MMC-nin həmin xətanın törədilməsində təqsiri istisna olunur, ona görə iş üzrə icraata xitam verilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi də məhkəmə iclasında eyni əsasla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-773/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-773/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver