Məhkəmə qərarları › İş №3(007)-783/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-783/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-783/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru X4 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 25 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi ev 2A, mənzil 48 olan Şəxs tərəfindən X3 19 iyun 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə (xidmətə) cəlb olunmuş, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada onunla bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə daxil edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi, həmin Xidmətin Hüquq İdarəsinin böyük məsləhətçisi X8 protokolda qeyd edilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs direktoru X6 barəsində vəzifəli şəxs qismində inzibati cərimə növündə tənbeh X9 Xidməti tərəfindən tətbiq edilmişdir, hüquqi şəxsin barəsində hazırda baxılan protokol isə, aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, Şəxs barəsində tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru X6 izahatında göstərmişdir ki, onların gördükləri iş mövsümidir, şirkətin işi daimi deyildir. X3 ilə bağlı yazdıqları əmək müqaviləsində səhv olmuş, sistemə də səhv getmişdir. X1 əmək haqqı vaxtlı-vaxtında ödənilmişdir. Həmin şəxs onun həmkəndlisidir. Müfəttişliyə onlardan şikayət üçün getməmişdir, işsiz olmuş, bunun üçün getmişdir. Müfəttişliyin nümayəndəsi ona ərizə yazdırmış, demişdir ki, bunun ona xeyri olacaqdır. O, bankdan faizlə kredit götürmüşdür ki, işçilərinin əmək haqqını vaxtlı-vaxtında ödəsin. Onun 4000 manatlıq cərimə ödəməsi demək, müəssisənin ləğv olunması deməkdir. Ortada şikayətçi yoxdur, dövlətə zərər yoxdur, 6 əvəzinə 7 yazılmışdır. Barəsində tənbeh tədbiri görülsə, müəssisə bağlansa, o qədər insan işsiz qalacaqdır, bu olanların isə heç kimə xeyri olmayacaqdır. X1 pulunu qəpiyinə qədər ödəmişdir. O, maddi maraq güdsəydi, cəzasına razı olardı, 1 manat da maddi maraq güdülməmiş, heç bir qanun pozuntusu olmamışdır. Birinci dəfədir bu hadisə olur, texniki səhv olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və ya 400-500 manat cərimə təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, o, köməklik edilməsi üçün Abşeron DOST mərkəzinə yaxınlaşmış, demişdir ki, uşaq oxudur, gücü çatmır, uşağını oxuda bilmir, ona müavinət təyin olunmasını xahiş etmişdir. Onu əmək müfəttişliyinə yönəltmişlər. Orada demişdir ki, onun heç kimdən şikayəti yoxdur. Bildirmişlər ki, ona köməklik edəcəklər və otağa aparıb ərizə yazdırmışlar. Demişdir ki, ondan ötrü kiməsə zərbə dəyər birdən, demişlər ki, narahat olmasın, heç nə olmayacaq, ona müaviət təyin olunacaq, dedikləri ərizəni yazsın, narahat olmasın. Sonradan əmək müfəttişliyinə yaxınlaşmış, demişdir ki, bu ərizəni yanlış yazdırmışlar, onun heç kimdən şikayəti yoxdur, gülə-gülə müdiriyyətin ona pul verib-vermədiyini soruşmuşlar. O da demişdir ki, müdiriyyət ona vaxtlı-vaxtında ödəniş etmişdir, onların nə borcu var, lakin cavab verməyib gülümsünmüşlər. Şirkətdə qış aylarında iş olmur, yaz aylarında iş olur. Qışda tək onun yox, hamının işi dayanır. O, şirkətdə 2023-cü ilin may ayında işləmiş, sonra iş dayanmış, daha sonra yenə yay aylarında işə geri qayıtmış, iyun-iyul aylarında Şəxsndə işləmişdir. O, zavodda xırda təmir işləri görmüş, “malyar”lıq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərmişdir ki, o, Şəxsndə baş mühasib vəzifəsində işləyir. Şirkət olaraq onların işinin zavodla bağlılığı yoxdur. X3 qarışdırır, çünki vətəndaşın giriş-çıxış ərizəsi var, orda tarix də göstərilmişdir, həmin şəxs iyulda işə götürülmüş, avqustda işdən çıxmışdır. Əgər, o, elə bir səhv etsə, sistemə niyə bilə-bilə bu məlumatı işləmişdir. Onlar sistemə məlumatı səhv vurmuşlar. Vətəndaş avqustda işdən çıxmışdır, o, şikayət edən idisə sentyabrda, oktyabrda şikayət edərdi, niyə 2024-cü ilin fevralında şikayət etmişdir. Onlar müəssisəni bağlamaq nöqtəsindədirlər. Vətəndaşı müqaviləsiz işlətməmişlər. Sistemə əmək müqaviləsini 2019cu il belə vura bilərlər. Vətəndaşın özünün işə götürüləndə də, işdən çıxanda da ərizəsi var. Müfəttişliyin iddiasının əsası yalnızca onların sistemə əlavə etdikləri məlumatdır, onlarda olan ərizəyə, vətəndaşın öz dediyinə baxmırlar, amma barələrində protokol tərtib edirlər. İşçini işə 2023-cü ilin iyul ayında götürmüşlər, həmin ilin iyun ayında ona görə ödəniş etmişlər ki, onun işləmədiyi dövrə pul yazmışdır, görmüşdür ki, onlarda əvvəl də işləmişdir, 19 iyuna da yazmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı mərkəzi vasitəsi ilə 18 dekabr 2023-cü il tarixdə qeydə alınmış 1A4XS4L230002 nömrəli müraciət vərəqəsindən görünür ki, X3 aşağıdakı məzmunda müraciəti qeydə alınmışdır: “O, Şəxs rəhbərliyi tərəfindən 16 avqust 2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə işdən azad olunmuşdur. Lakin vətəndaş Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə azad olunmalı olduğunu və ərizə təqdim etmədiyini bildirmiş, qanunvericiliyə uyğun olaraq müraciətinə baxılmasını və hüquqlarının bərpa olunmasını istədiyini demişdir”; - 1AX4S4L000300 nömrəli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X1 Şəxsnə təmir-tikinti ustası vəzifəsinə işə qəbul edilməsi barədə onunla şirkətin direktoru X6 arasında 19 iyun 2023-cü il tarixdə vaxtamuzd, 30 sentyabr 2023-cü il tarixədək əmək müqaviləsi bağlanmış, aylıq əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Həmin əmək müqaviləsi elektron sistemə 19 iyul 2023-cü il tarixdə daxil edilmişdir; -Ödəniş cədvəlindən görünür ki, Şəxsndə təmir-tikinti ustası vəzifəsinə qəbul olunmuş X2 2023-cü ilin iyun və iyul ayları ərzində hər ay 400 manat əmək haqqı hesablanmış və ödənilmişdir; -Şəxs üzrə 16 avqust 2023-cü il tarixli 16/08/23 nömrəli əmrdən çıxarışdan görünür ki, X3 ilə bağlanmış 1AX4S4L000300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verilmişdir; -Şəxs 12 fevral 2024-cü il tarixli məktubundan görünür ki, şirkətin bütün işçiləri, o cümlədən X3 müqavilə ilə işə cəlb olunmuş, əmək haqqı bank kartı vasitəsilə ödənilmiş, dövlət sosial ayırmalar vaxtında və tam şəkildə ödənilmişdir. Sistem xətası üzündən tarixdə yanlışlıq olmuş və həmin yanlışlıq şirkət tərəfindən aşkar edilib sistemdə düzəliş edilmişdir. Başqa sözlə, şirkət tərəfindən heç bir inzibati xətaya yol verilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, Şəxs tərəfindən X3 19 iyun 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək olan müddət üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən usta kimi işə (xidmətə) cəlb olunmuş, həmin müddət üçün əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməmişdir. Bu fakt, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı öz təsdiqini tapmışdır, buna dair mötəbər sübutlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə görə, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Baxılan işə münasibətdə məhkəmə hesab edir ki, inzibati xətalar qanunvericiliyinin tələbləri Şəxs tərəfindən pozulmuşdur ki, bu da, İXM-nin 192.1-ci maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs tərəfindən törədilmişdir. Əmək münasibətlərinin yaranması əsasları, bunun üçün mühüm şərtlər qanunvericilikdə konkret olaraq müəyyən edildiyindən, ondan kənar yaranmış münasibətlər, işçinin əmək müqaviləsi bağlanılmadan və elektron informasiya sisteminə daxil edilmədən işə cəlb edilməsi, artıq həmin tələblərin pozulması deməkdir ki, bunun üçün də məsuliyyətin müvafiq növləri müəyyən edilmişdir. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusuna əsaslanaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi təmsil edən şəxslərin və şahidlərin irəli sürdükləri dəlilləri əsassız hesab edir və hüquqi şəxsi inzibati məsuliyyətdən yayındırmağa cəhd edilməsi kimi qiymətləndirir, hansı ki, həmin göstərilənlər işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunur. Belə ki, məhkəmə bir daha xatırladır ki, vətəndaş X1 Şəxsnə usta vəzifəsinə işə qəbul olunaraq işləməsi, onunla 19 iyun 2023-cü il tarixdə əmək müqaviləsi bağlanılsa da, əmək müqaviləsi bildirişinin 19 iyul 2023-cü il tarixədək elektron informasiya sisteminə daxil edilməməsi işin mübahisəsiz halıdır, bu hal, işdə olan digər sübutlarla təsdiq olunmaqla yanaşı, şirkətin direktorunun 12 fevral 2024-cü il tarixli məktubu ilə və eləcə də məhkəmədə verilən izahatların özü ilə etiraf edilir. Bununla da, məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla şirkətin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş hüquqi şəxsin barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin hüquqi şəxsi (müvafiq vəzifəli şəxslərinə münasibətdə) qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar