Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-79/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 242-ci maddəsi ilə olan inzibati materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 242-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. 30 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 30 dekabr 2023-cü il tarixdə günorta saatlarında 8-ci km bazarında 15 qutu satışı və istifadəsi qadağan olunmuş “Petards” pirotexniki maddəni satmaq məqsədilə gətirmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokola dair material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) - qeyd olunan maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Eyni Məcəllənin 242-ci maddəsinə əsasən xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının, həmin ərazilərin mühafizə rejiminin pozulması - qeyd olunan maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, törədilməsi ehtimal olunan inzibati xəta faktiki olaraq istehsalı və satılması qadağan olunmuş malların satılması ilə müşayiət olunmuşdur, hansı ki, bu xəta Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinin təsiri altına düşməklə həmin maddə ilə tövsif olunmalıdır. Həmin Məcəllənin 242-ci maddəsində nəzərdə tutulan inzibati xətanın isə həmin əməllə hər hansı bağlılığı yoxdur. Buna baxmayaraq, Şəxs yol verdiyi inzibati xəta səhvən Azərbaycan Respublikası İXM-nin 242-ci maddəsi ilə tövsif edilmiş, eləcə də işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadda da həmin maddə qeyd olunmaqla belə xətaya dair işə baxılmasının səlahiyyətli orqana aid olmaması göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı göstərilən qaydada inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, əməl düzgün tövsif edilmədiyi, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş 04 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon icra şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-79/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-79/2024
10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver