Məhkəmə qərarları › İş №3(007)-79/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-79/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-79/2025 17.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı rayonu, N.Səmədov küçəsi, ev 64 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokol və ona əlavə edilmiş material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin X3 Şöbəsinin polis baş leytenantı X1 tərəfindən xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 16:56 radələrində “X4” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nizami rayonu, Qara Qarayev prospekti ilə “Ruslan 93” marketin qarşısında 3-cü zolaqla hərəkət edib 3-cü zolaqdan 2-ci zolağa doğru manevr edən zaman öz zolağı ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin yoluna çıxan zaman sürücü ona siqnal işarəsi ilə xəbərdarlıq etdikdən sonra o yolun ortasında avtomobilini saxlamış, həmin sürücü yüksək səs tonu ilə ona niyə belə sürdüyünü deyərək irad bildirmiş, o da tələsdiyini bildirərək ondan üzr istəmişdir. Tələsdiyinə görə diqqətsizlik etmiş, qarşısına çıxmışdır, amma toxunmadan çıxıb getmişdir. Pəncərədən baxanda da görmüşdür ki, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə heç bir zərər yoxdur. Zərərçəkmiş şəxs bölmədə ona demişdir ki, 100 manat cərimə olunmuş, avtomobili zədələnmişdir. O, dəymiş ziyanı ödəmək istəsə də razılaşmamış, ona avtomobil idarə edə bilməməyini bildirmiş, sığorta vasitəsilə təzminat ödənilməsini istəmişdir. İdarədə göstərilən videodan görünür ki, axşamdır, uzaqdan körpünün yaxınlığında 2 avtomobil dayanmış, sonra çıxıb getmişdir, videogörüntüdə başqa heç nə yoxdur. Həmin gün Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil iş materiallarında fotoşəkli olan **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil deyil, göy rəngli “Toyota Prius” markalı avtomobil olmuşdur. Onda olan məlumata görə Zərərçəkmiş şəxs boynunda olan xəsarəti başqa hadisə zamanı almışdır. Hadisə oktyabrın 15-də olmuş, onu isə noyabr ayının 16-sı saxlamışlar. Ona görə izahatında hadisənin 15 noyabrda olduğunu qeyd etmişdir. 15 oktyabr 2024-cü il tarixdə onun idarə etdiyi avtomobil Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə toxunmamış, heç bir zədə yetirməmişdir. Onun təqsirinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, 15 oktyabr 2024-cü il tarixdə, saat təxminən 15-16 radələrində Qara Qarayev prospektindən Dərnəgül istiqamətinə körpü üzərində sol zolaqda orta xətlə hərəkətdə olmuşdur. Bu zaman heç bir dönmə işığından istifadə etməmişdir. Çünki o Dərnəgül istiqamətinə gedən zaman sağ işıqları yandırmalı deyil. O, hərəkətdə olan zaman qarşı tərəf sağ zolaqdan sol zolağa daxil olmuşdur. Kamera görüntülərində də bu görünür. O, anidən əyləci basdığı üçün başı oturacağa dəymiş, boynu zədələnmişdir. Həmin an avtomobilin zədələndiyini özü də hiss etməmişdir. Körpünün üzərində qarşı tərəfə qışqıraraq avtomobili sağa çəkib saxlamasını istəmişdir. Şəxs həmin anda ondan üzr istəməmişdir, əgər istəsə idi ona sürüb getməsini deyəcəkdi. Şəxs avtomobili saxlamamış, yanından “nolub e” deyərək sürüb getmişdir. O da onun arxasınca getmiş, amma Dərnəgül yolunda tıxac olduğu üçün ona çata bilməmişdir. O, həmin gün 102 xidmətinə zəng edib məlumat versə də hadisə yerinə heç kim gəlməmişdir. Ayın 16-sı həkim müayinəsindən keçmək üçün müraciət etmişdir. Avtomobildə olan zədələri özü düzəltdirmişdir. Nizami rayon Polis İdarəsində ona hadisə ilə bağlı videogörüntü göstərmişlər. O, qarşı tərəfin hərəkətinə görə xəsarət almışdır, buna görə də həmin gündən bəri heç yerdə işləyə və avtomobil idarə edə bilmir. Qarşı tərəfi gözləmək üçün məcbur olub avtobus zolağında saxlamışdır və buna görə 100 manat cərimə olunmuşdur. Onun idarə etdiyi avtomobil göy rəngdə deyil, “Toyota Prius” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı, boz rəngli avtomobildir. Şəxs avtomobilə dəymiş zərəri və müalicə xərclərini ona ödəməmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xəta haqqında protokol üzrə işə mahiyyəti üzrə baxılıb yekun nəticəyə gəlinməsi mümkün deyildir, əlavə araşdırma aparılması üçün material geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş materialdan görünür ki, Zərərçəkmiş şəxs hansı səbəbdən Sumqayıt şəhəri TTY xəstəxanasına idarə etdiyi avtomobildə idarəetməni itirib yol kənarına çırpılması nəticəsində xəsarət almasını bildirməsi, izahatında hadisənin xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində baş verməsini göstərməsi, DİN-nin 102 xidmətinə müraciət edib-etməməsi, müraciət edibsə hansı tarixdə, hansı məzmunda müraciət etməsi, Zərərçəkmiş şəxs həmin gün hansı avtomobili idarə etməsi və bunun nə ilə təsdiq olunması kimi hallar araşdırılmamış və bu barədə məhkəməyə sübut təqdim olunmamışdır. Qanunverici, inzibati xətalar haqqında işlər üzrə icraatda sübutetmə yükünü bilavasitə inzibati icraatı aparan orqanın üzərinə qoymuş, inzibati xəta törətməsi ehtimal olunan şəxsin isə öz təqsirsizliyini sübuta yetirməli olmamasını təsbit etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqdim olunmuş sübutlar əsasında ətraflı araşdırma aparılaraq yekun nəticəyə gəlinməsi mümkün olmadığına görə, inzibati xəta haqqında material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində təsbit edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nizami RPİ-nə geri qaytarılsın. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar