Məhkəmə qərarları › İş №3(007)-792/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-792/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-792/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin rəhbəri Şəxs iştirakları ilə, Hüquqi ünvanı: ünvan 1 "xxxx" MMMC-nin rəhbəri Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-865/2024 saylı icra vərəqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 2517/2518-ci məhəllədəki 2 saylı yaşayış binasının 2-ci girişin 1-ci mərtəbəsində yerləşən 50a saylı mənzilin altındakı ümumi sahəsi 60 kv.metr olan qeyri yaşayış sahəsi zirzəmisi üçün pay haqqının tam ödənildiyini təsdiq edən MMMC-nin maliyyə arayışının və həmin qeyri yaşayış sahəsinə diar "xxxx" MMMC-nin üzvlərinin ümumi yığıncağının qərarının Dövlət şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış Mərtəbəlik plan-cizginin Zərərçəkmiş şəxs İsmayıl oğluna verilməsi öhdəliyi Nizami-6 MMMC-nin rəhbəri Şəxs həvalə edilmişdir. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən “icraata başlamaq haqqında” qərar ilə xx.xx.2024-cü il tarixli, 2(007)-865/2024 saylı icra sənədi üzrə icraata başlanılmış və "xxxx" MMMC-yə tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən inzibati xətta haqqında xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib olunmuş xx.xx.2025-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Nizami rayon İcra Şöbəsinin icraatında olan icra işi üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-865/2024 saylı icra sənədinə əsasən "xxxx" MMMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1 məhkəmə iclasında çıxış edərək bildirdi ki, "xxxx" MMMC-nin rəhbəri Şəxs tərəfindən icra sənədində qeyd olunan öhdəliklər yerinə yetirilmədiyindən vəzifəli şəxs barəsində protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Nizami-6 MMMC-nin rəhbəri Şəxs çıxış edərək bildirdi ki, icra vərəqəsində qeyd olunan maliyyə arayışı və ümumi yığınacağın qərarı Zərərçəkmiş şəxs İsmayıl oğluna təqdim edilmişdir. Həmçinin təqdim olunması öhdəlik kimi müəyyən edilmiş plan-cizgini isə tələbkara təqdim etmiş, lakin tələbkar tərəf bunu qəbul etməyərək məhz Dövlət şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış Mərtəbəlik plan-cizginin təqdim edilməsini tələb etmiş, o da öz növbəsində bununla bağlı müvafiq quruma məktubla müraciət etmiş, qurum isə öz növbəsində məhkəmədən müraciət daxil olduğu təqdirdə, icra sənədinin icrası ilə bağlı məsələyə baxa biləcəkləri barədə məlumat vermiş, daha sonra Nizami rayon məhkəməsinin hakimi Həqiqət Əhmədova tərəfindən müvafiq məktubla Komitəyə müraciət olunmuş, cavab məktubunda qeyd olunmuşdur ki, qanunvericiliklə Mərkəzə qeyri yaşayış sahəsinə dair plan cizginin təsdiq edilməsi, yəni plan bölgünün verilməsi vəzifəsi həvalə olunmamışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs İsmayıl oğlunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə çıxış edərək bildirmişdir ki, icra vərəqəsi üzrə qeyd olunan öhdəliklərin borclu tərəfindən yerinə yetirilməsini tələb edir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Nizami-6 MMMC-nin rəhbəri Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında araşdırılmış məlumatlarından bəlli olur ki, Nizami-6 MMMC-nin rəhbəri Şəxs xx.xx.2024-cü il tarixli, 2(007)-865/2024 saylı icra sənədi üzrə müvafiq öhdəlikləri yerinə yetirmiş, maliyyə arayışı və ümumi yığınacağın qərarını Zərərçəkmiş şəxs İsmayıl oğluna təqdim etmişdir. Plan-cizginin təqdim edilməsi ilə bağlı öhdəliyin yerinə yetirilməsi ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, hüquqi şəxsin rəhbəri tərəfindən müvafiq tədbirlər görülmüş, aidiyyatı quruma müraciət olunmuş və qurum tərəfindən təqdim olunmuş cavab məktubunda Mərkəzə qeyri yaşayış sahəsinə dair plan cizginin təsdiq edilməsi, bölgü planının verilməsi vəzifəsinin qanunvericiliklə müəyyən edilməməsinin qeyd olunması hüquqi şəxsin rəhbərinin məsuliyyətini aradan qaldırmış olur. Belə olduğu təqdirdə Nizami-6 MMMC-nin rəhbəri Şəxs hərəkətlərində İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda inzibati xətanın subyekti olan Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: "xxxx" MMMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar