Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-794/2022 04.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X1, zərərçəkmiş "xxxx" MMC-nin direktoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-Şəxs iştirakları ilə, xx xxxxxxx 1984-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Salyan rayonunun, Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 93 qeydiyyatda olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ 24-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş 03 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 05 yanvar 2022-ci il tarixdə "xxxx" MMC-nin yanacaq doldurma məntəqəsində 485 manat məbləğində nağd pulu xırda talama yolu ilə oğurlayaraq zərərçəkmiş şəxsə 485 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə dəfələrlə əlaqə saxladığı zaman hər dəfə gələcəyini bildirsə də, polis şöbəsinə gəlməmişdir. Şəxs tapmaq üçün Salyan rayonuna qədər getmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərmişdir ki, o, xəstə olduğundan polis çağırdığı zaman polis şöbəsinə gedə bilməmişdir. Bundan başqa, Salyan rayonunda iş olduğu zaman fəhlə kimi işləmək üçün gedirdi. Faktiki olaraq Xırdalan şəhərində yerləşən evində qalır. İşləmədiyi üçün pulu geri qaytara bilməmişdir. Hazırda anası ilə yaşayır və anası xəstə qadındır. Onun azyaşlı bir övladı var. 3 aydır uşağın saxlanılması üçün aliment ödənişlərini edə bilmir. Anası bu hadisədən xəbər tutduqdan sonra öz pensiyasından zərərçəkən şəxsə ödəməyə hazır olduğunu bildirmişdir. Dəymiş maddi ziyanı ödəməmişdir. O, pulu ödəməyə hazırdır, zərərçəkmiş şəxsin pulunu mayın 15-ə kimi qaytaracaqdır. Əməlindən səmimi peşmandır. Onun məhkumluğu olmamışdır. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, o, 2003-cü il tarixdən Nizami rayonu B.Çobanzadə küçəsi ilə B.Nuriyev küçəsinin kəsişməsində yerləşən “Adast MMC”-yə məxsus yanacaqdoldurma məntəqəsinin direktoru vəzifəsində işləyir. Şəxs isə "xxxx" MMC-də kassir kimi işləmişdir. 02.01.2022-ci il tarixdə bayram ilə əlaqədar qeyd olunan YDM-nin kassiri 3-4 gün müddətinə öz yaşadığı Lənkəran rayonuna getmişdir. Bu səbəbdən də o, növbə rəislərinə yığılan pulları özlərinin yığıb ona təhvil vermələrini istəmişdir. 05.01.2022-ci il tarixdə işə gələn zaman növbə rəisi Fuadın işə gəlməməsini öyrənmişdir, həmin vaxt onun istifadəsində olan mobil nömrələri ilə əlaqə saxlamaq istədikdə onun mobil nömrəsinə zəng çatmırdı. YDM-nin kassiri olmadığı vaxtlarda YDM-də yığılan pullar oranın kassasına qoyulurdu, kassanın açarı isə həmin vaxtlarda YDM-nin növbə rəislərində olurdu. Həmin vaxt o, xəzinədara kassanı saymasını demişdir, xəzanadar kassanı saydıqda yığılan pulun 485 manatının əksik olmasını bildirdi. O, həmin vaxt yenidən Fuadla telefon əlaqəsi saxladıqda o, ehtiyacının olması səbəbindən pulu götürdüyünü, bir iki gün ərzində qaytaracağını dedi. 07.12.2022-ci il tarixdə o, yenidən onunla telefon əlaqəsi saxlamaq istədikdə onun mobil nömrəsinə zəng çatmırdı. Qeyd olunan hadisə nəticəsində ona 485 manat maddi ziyan dəymişdir. Lakin Şəxs ona vurduğu maddi ziyanı ödəməmişdir. Şəxs onun pulunu geri qaytarsın. O, Şəxs həbs olunmasını istəmir. Bu hadisələrdən öncə də Şəxs 300 manat pul götürmüş, lakin o, Şəxs bağışlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ona hörmətsizlik etmişdir. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ 24-cü PŞ-nin təhqiqatçısının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 yanvar 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş naməlum şəxsin müəyyən edilərək barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti 24-cü PŞ-nə təqdim olunmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs iş üzrə dəymiş maddi ziyanı ödəməmişdir, zərərçəkmiş şəxs isə həmin ziyanın ödənilmədiyini və xəta törədən şəxslə barışmadıqlarını göstərmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, xəstə anasının onun himayəsində olmasını, yetkinlik yaşına çatmayan övladının olmasını, zərərçəkmiş şəxsin onun barəsində inzibati həbs tətbiq edilməməsini dair istəyini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Məhkəmə bundan başqa hesab edir ki, Şəxs inzibati tənbeh müddətinin əvvəli qərarın faktiki icraya başlandığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinin tələbinə uyğun olaraq, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, qərarın icrası Şəxs yaşayış yeri üzrə Bakı şəhər probasiya idarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 240 (iki yüz qırx) saat müddətinə ictimai işlər növündə tənbeh tətbiq edilsin. Şəxs inzibati tənbeh müddətinin əvvəli qərarın faktiki icraya başlandığı vaxtdan hesablansın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №3(007)-794/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-794/2022
04.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver