Məhkəmə qərarları › İş №3(007)-8/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-8/2024

19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-8/2024 19.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair Bakı şəhəri Sabunçu rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri İbrahim Ləmbəranskiy tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar məhkəməyə daxil olmuşdur. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 15 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs MMC (VÖEN:**********) - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan Nümayəndə2 Məmmədiyyə oğlu Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şahid4, Şahid1, o cümlədən də X3 2023-cü ilin mart ayından xx.xx.2023-cü il tarixədək qaynaqçı kimi işlərə cəlb etməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) görülməsinə cəlb etməklə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Nümayəndə2 əməlləri CM-in 162-1-ci maddəsinin tərkib əlamətini yaratmadığından CPM-in 39.1.2-ci maddəsinə əsasən onun barəsində cinayət işinin başlanması sübutların qiymətləndirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarla rədd edilmişdir. Qeyd olunanlar sübutların qiymətləndirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətindən daxil olmuş 27 sentyabr 2023-cü il tarixli, 3-17-5/2-237695/2023 nömrəli cavab məktubu, Şahid4, Şahid1, X1, Şahid2 ifadələri və toplanmış digər sənədlərlə təsdiq edilir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 adları çəkilən işçilərin özünə kömək məqsədi ilə işə cəlb edilməsi barədə Nümayəndə2 məlumat verdiyini, həmçinin həmin şəxslərin əmək haqqlarını da Nümayəndə2 verdiyi vəsait hesabına ödədiyini bildirmişdir. Şahid4, Şahid1, Füzuli Məmmədov öz ifadələrində Natiq Mikayılovun ara-sıra sexə gəldiyini və iş şəraiti ilə tanış olduğunu, həmin vaxt isə onların orada işlədiklərini deyib, Nümayəndə2 adları çəkilən şəxslərin sexdə qeyri-rəsmi olaraq fəaliyyət göstərmələrindən məlumatlı olduğunu bildirmişlər. Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X4 Xidmətindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-17-5/2-237695/2023 nömrəli cavab məktubundan görünür ki, X7 adına “Əmək və Məşğulluq” (ƏMAS) altsisteminə 01 yanvar 2023-cü il tarixdən 01 avqust 2023-cü il tarixədək əmək müqaviləsi bildirişi daxil edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 mart tarixli, 1621 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron prokurorlu” informasiya sistemi haqqında əsasnamənin 11.2.21ci maddəsinə əsasən şəxsin əmək müqaviləsinin olub-olmamasına dair məlumatlar həmin sistem vasitəsi ilə yoxlanılarkən məlum olmuşdur ki, Şahid1 və Şahid4 barəsində “Əmək və məşğulluq” altsisteminə 01 yanvar 2023-cü il tarixdən 02 iyun 2023-cü il tarixədək istər Şəxs MMC ilə, istərsə də hansı işə götürənlə bağlanmış əmək müqaviləsi bildirişi daxil olmamışdır. Odur ki, “X8” MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak etmiş Bakı şəhəri Sabunçu rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Nümayəndə1 Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək, inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanunvericiliyin tələbinə uyğun olaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 vəkil tərəfindən təqdim edilmiş yazılı vəsatətin dəlillərini müdafiə edib inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə3 çıxış edərək bildirdi ki, MMC-nin direktoru barəsində Sabunçu rayon məhkəməsinin icraatında hal-hazırda cinayət işi mövcuddur, qeyd olunan səbəbdən inizbati iş üzrə icraatın dayandırılması məsələsi məhkəmə tərəfindən nəzərdən keçirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərmişdir ki, o, Şahid4, Zaur Babayevi, Şahid1 tanıyır, Zaur Babayev və Şahid4 qaynaqçı, Şahid1 quraşdırıcı işləmişdir. Qeyd olunan şəxslərlə əmək müqaviləsi bağlanmamış, həmin şəxslər onun tərəfindən işə cəlb olunsalar da, əmək haqqı Nümayəndə2 tərəfindən onun kartına köçürülmüş vəsait hesabına ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 izahatında göstərmişdir ki, Zaur Babayev və Şahid4 qaynaqçı, Şahid1 quraşdırıcı işləmişdir. Şahid2 isə həm qaynaqçı, həm quraşdırıcı işləyir, sahə rəisidir. Şahid2 işləri çatdıra bilmədiyi üçün həmin şəxsləri dəvət etmiş, bildiyinə görə onları o, işə götürmüşdür. Əmək haqqları gündəlik olaraq Şahid2 tərəfindən ödənilmişdir. Hadisə olan günü o, işdə olmamış, sonradan bu barədə öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 izahatında göstərmişdir ki, o və Zaur Babayev qaynaqçı, Şahid1 quraşdırıcı işləmişdir. Onu işə Şahid2 götürmüş və işlədiyi dövrdə əmək haqqını Şahid2 vermişdir. Nümayəndə2 isə iş yerində görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərmişdir ki, onu işə Şahid2 götürmüş, işlədiyi dövrdə əmək haqqını Şahid2 ödəmiş, həmin vaxt əmək müqaviləsi olmamış, baş vermiş hadisəyə qədər Nümayəndə2 görməmiş, Nümayəndə2la əmək müqaviləsi bağlandıqdan sonra tanış olmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan “Əmək və Məşğulluq” (ƏMAS) altsistemindən əldə olunmuş məlumatlardan görünür ki, Şahid4 ilə Şəxs MMC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, Şahid4 qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir. Şahid1 ilə Şəxs MMC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, Şahid1 montajçı vəzifəsinə işə qəbul edilmişdir. X7 ilə Şəxs MMC arasında əmək müqaviləsinin bağlanması ilə bağlı isə heç bir bildiriş daxil edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-237695/2023 nömrəli məktubundan görünür ki, X7 adına “Əmək və Məşğulluq” (ƏMAS) altsisteminə 01 yanvar 2023-cü il tarixdən 01 avqust 2023-cü il tarixədək əmək müqaviləsi bildirişi daxil edilməmişdir. İş materiallarında olan X2 Bakı şəhəri Sabunçu rayon prokurorluğuna verdiyi 07 iyul 2023-cü il tarixli izahatından görünür ki, X6 onun doğma oğludur. Zaur təxminən 6-7 il ərzində onun da fəaliyyət göstərdiyi Bakı Gəmiqayırma Zavodunda daşçı, daha sonra isə qaynaqçı olaraq işləyibdir. Təxminən hadisədən 5 ay əvvəl, əvvəllər bir yerdə qaynaqçı kimi fəaliyyət göstərdiyi Eyyub adlı şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək işlədiyi yerdə qaynaqçıya ehtiyac olduğunu, ona görə də bu sahədə ona köməklik etməsini istəmiş, o da oğlu Zaurun qaynaqçı kimi fəaliyyət göstərə biləcəyini demiş, daha sonra isə bu barədə yenə əvvəllər bir yerdə qaynaqçı kimi fəaliyyət göstərdiyi Məhəmməd adlı tanışına zəng edib Eyyubun dediyi işlə bağlı məlumat vermiş, o da onunla razılaşıb həmin yerdə qaynaqçı işləyə biləcəyini demişdir. Həmin gündən sonra Zaur və Məhəmməd Eyyubun dediyi yerdə müxtəlif çənlərin yığılması məqsədi ilə bir sıra qaynaq işləri görməyə başladılar. Həmin iş daimi olmasa da, Məhəmməd və Zaur müxtəlif sifarişlər alındıqda mütəmadi olaraq gedib qaynaq işi görürdülər. Zaurun ona verdiyi məlumata əsasən həmin sexdə yanacaq çənləri hazırlayırdılar. 02 iyun 2023-cü il tarixdə, təxminən saat 15 radələrində Məhəmməd istifadəsində olan mobil telefon nömrəsinə zəng edib təcili olaraq X10 Publik Hüquqi şəxsinə gəlməyi istəmiş, o, ondan bunun səbəbini soruşduqda Zaurun işləyən zaman bir sıra xsəarat aldğını bildirmişdir. O da dərhal həmin xəstəxanaya gəlmiş, xəstəxanada olarkən isə oğlunun vəziyyətinin yaxşı olmadığını görmüşdür. Məhəmməddən hadisə barədə məlumat aldıqda, o bildirdi ki, Zaur çənlərin birinin içərisində olan köhnə yağ boçqasının üzərinə çıxıb qaynaq işi görən zaman həmin boçqa partlamış və nəticədə bir sıra xəsarətlər almışdır. Sonradan isə dost tanışın tövsiyyəsi ilə oğlunu həmin xəstəxanadan “Məlhəm Hospital“ adlı xəstəxanaya təxliyyə etmişdir. Həmin xəstəxanada isə demək olar ki, təxminən 33-34 gün müalicədə oldu. Hazırda isə ev şəraitində müalicələri davam etdirilir. Səhhətində isə ciddi qüsurlar formalaşıbdır. Ara-sıra şüurunu itirir, hətta ailə üzvlərini belə tanımaqda çətinlik çəkir. Ümumilikdə oğlu Zaurun “Məlhəm” adlı xəstəxanada olan müalicələrinə 40.000 manat məbləğində xərcləri çıxıbdır. Həmin xərcin isə 18.500 manatını Zaurun işlədiyi MMC-nin rəhbərliyi qarşılayıbdır. Sonradan isə rəhbərlik tərəfindən hər hansı bir köməklik edilməmişdir. Hazırda isə Zaurun ev şəraitində müalicələri davam etdiyi üçün, əlavə xərclər yaranmaqdadır. Əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, bildiyi qədəri ilə Zaur Şəxs MMC-də qeyrirəsmi olaraq, yəni əmək müqaviləsi olmadan fəaliyyət göstəribdir. Lakin, buna baxmayaraq Zaurun qaynaq işi ilə məşğul olmaq üçün müvafiq sertifikatı da mövcuddur. Şəxs MMC-nin rəhbərliyindən hər hansı bir şəxsi tanımır. Ümumilikdə isə həmin MMC-dən yalnız Eyyubu və Məhəmmədi tanıyır. Belə ki, onlarla təxminən 1996-cı il tarixdə X11 tikinti tresdində qaynaqçı olaraq fəaliyyət göstərmişdir. Elə həmin tarixdən münasibəti olubdur. Hadisədən sonra isə “X5" MMC-dən xəstəxanaya gələn Füzuli adlı şəxsi tanımışdır. Belə ki, həmin şəxs özünü MMC-nin nümayəndəsi kimi təqdim etmişdir. Bildiyi qədəri ilə “X5" MMC-de oğlu əmək haqqını əlbəəl alıbdır. Zaurun dediyinə görə gündəlik təxminən 20-25 manat əmək haqqı alıbdır. "X5" MMC-də texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarının təmin edilməsi vəzifəsinin kimə həvalə olunması barədə hər hansı bir məlumatım olmayıbdır, nə də ki, Zaur özü ona iş şəraiti barədə, həmçinin zavodda texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarının kimə həvalə olunması və həmin qaydalara riayət olunması barədə hər hansı bir məlumat verməyibdir. Qeyd edilən boçqaların sexə hansı qaydada gətirilməsi və hansı məqsədlə işlədilməsi barədə əvvəllər Zaur Babayev ona hər hansı bir məlumat verməyibdir. Lakin, hadisədən sonra o, Məhəmmədən maraqlandıqda, o, elə işlədikləri ilk gündən həmin boçqalardan ayaq altı kimi istifadə etdiklərini bildirmişdir. Zaur ona “X5" MMC-də gündəlik olaraq işçilərə işə başlamamışdan öncə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları barədə izah verilməsi, təlimatlandırma aparılması barədə hər hansı bir məlumat verməyibdir. Hadisənin baş verdiyi tarixdə və saatda, yəni 02 iyun 2023-cü il tarixdə, saat 15 radələrində hadisənin baş verdiyi ünvan 1 ünvanında yerləşən qazan-qaynaq sexində bildiyi qədəri ilə Zaur və Məhəmməd olubdur. Onlardan başqa kimlərin olması barədə hər hansı bir məlumatı olmayıbdır. Zaur Babayevin və Şahid4 "X5" MMC-də işləmələri barədə MMC rəhbərliyindən kimlərin məlumatlı olması barədə hər hansı bir söz deyə bilmir. O yalnız Əyyubun məlumatlı olduğunu bilir, çünki Əyyub özü ondan xahiş edib qaynaqçı axtardığını demişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şahid4, Şahid1 və X7 2023-cü ilin mart ayından xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi olmadan Şəxs MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən sexdə əmək fəaliyyətinə cəlb edilmiş, Zaur Babayev və Şahid4 qaynaqçı, Şahid1 montajçı işləmişdir. Bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılaraq baxılması üçün Sabunçu rayon prokurorluğu tərəfindən məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.2-ci əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.1.), hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.2.), hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.3.), bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi (18.2.4) tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Beləliklə, iş üzrə şahidlərin izahatı və yuxarıda sadalanan sənədlər ilə Şəxs MMC rəhbərliyi tərəfindən əmək müqaviləsi olmadan qeyd olunan şəxslərin əmək fəaliyyətinə cəlb edilməsi halı öz təsdiqini tapır. Şəxs MMC işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmişdir və bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, inzibati xətaya da yol vermişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 48-51, 114, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN:**********) İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar