Məhkəmə qərarları › İş №3(007)-805/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-805/2021

28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-805/2021 28.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, zərərçəkmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hacıbala oğlunun, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakları ilə, xx xxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Hacıbala oğlunun barəsində Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(007)- 4894/2016 saylı qətnaməsinə əsasən, Şəxs Hacıbala oğlundan xx xxxx 2016-cı il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs Hacıbala oğlundan dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzürsüz səbəbdən icra sənədini icra etməmiş və nəticədə Şəxs Hacıbala oğlunun icra sənədi üzrə 12261 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Buna görə də Şəxs Hacıbala oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Hacıbala oğlu inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, məhkəmə qətnaməsini icra etməməkdə özünü təqsirli bilərək, izahatında bildirdi ki, o, aliment borcunu maddi imkanı pis olduğu üçün ödəyə bilmir. Hazırda işləmir. O zərərçəkmiş şəxsə ona ödənilməli olan aliment borcunu ödəmək üçün müəyyən qədər vaxt verməsini xahiş etmiş lakin zərərçəkmiş borcun birdəfəlik ödənilməsini tələb etmişdir. Sonda Şəxs Hacıbala oğlu göstərilənləri nəzərə alaraq, barəsində inzibati həbsetmə ilə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X1 bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(007)-4894/2016 saylı icra sənədi üzrə borclu tərəfindən ödənilməmiş 12261 manat məbləğində borc vardır. Şəxs Hacıbala oğlu müxtəlif bəhanələr gətirərək 2016-cı ildən ötən müddət ərzində icra sənədi üzrə borcunu ödəməkdən yayınır və bu da, azyaşlı uşaqların mənafeyinə ziddir. 2016-cı ildən bu yana cəmi 375 manat aliment pulu ödəmişdir. Buna görə də o, borclu Şəxs Hacıbala oğlu barəsində ədalətli inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X9 məhkəmədə bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(007)-4894/2016 saylı icra sənədi şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. Hazırda aliment üzrə borc 12261 manat təşkil edir. Borclu Şəxs bu günədək yaranmış 12.261 manat aliment üzrə borcunu ödəməsi tələb olunduqda, o, maddi imkanının pis olmasını səbəb gətirərək borcunu tam olaraq nə vaxt ödəyəcəyini bilmədiyini bildirmişdir. Şəxs Hacıbala oğlunun əmlak vəziyyəti yoxlanılmış, adına hər hansı daşınmaz əmlak, bank hesabları və ya nəqliyyat vasitəsi aşkar edilməmişdir. Beləliklə, Şəxs aliment üzrə yaranmış borcunu ödəməsi tələb olunsa da, o, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tələbkarın nümayəndəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Hacıbala oğlunun şəxsiyyətini, işin hallarını, eləcə də məhkəmə iclasındakı davranışını nəzərə almaqla, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdığı vaxtdan, yəni xx xxxxxx 2021-ci il, saat 16:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Hacıbala oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2021-ci il, saat 16:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar