Məhkəmə qərarları › İş №3(007)-808/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-808/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-808/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi X2 iştirakları ilə, X1 Bakı şəhər BPİ-nin DYPİ-nin xx xxxxxx 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər BPİ-nin DYPİ-nin xx xxxxxx 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2021-ci il tarixdə saat 13:00 radələrındə özünə məxsus “Mercedes-Benz C200 minik” markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu ərazisində hərəkət edən zaman Bakı şəhəri DYPİ-nin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X5 tərəfindən saxlanılmış və Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (Svetoforun və ya nızamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ölmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nışanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə) törətdiyi bildirilmiş və bu barədə qərar çıxarılmışdır. Eyni zamanda bildirilmişdir ki, o, yolu svetoforun sarı rəngli işığı yanıb-sönən zaman keçmişdir. O, bu qərardan narazıdır, qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin 1-ci bəndinə yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Həmin Qanunun 3-cü bəndinə əsasən svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: yaşıl rəngli işığın yanması - bu siqnal hərəkətə icazə verir; yaşıl rəngli işığın yanıb-sönməsi - bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); sarı rəngli işığın yanması - bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; sarı rəngli işığın yanıb-sönməsi - hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi - bu siqnal hərəkəti qadağan edir; qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması - bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. O, sarı işıq yandıqda yol ayrıcına çatmış və tormozlama mümkün olmadığından yol ayrıcını boşaltmaq məqsədilə hərəkəti davam etdirmişdir ki, bu cür hərəkət qanun pozuntusu sayılmır. Belə ki, Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 3-cü bəndinə əsasən, svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Qanunun tələbinə görə, svetoforun sarı işığı yandıqda nəqliyyat vasitəsinin sürücüsü avtomobili kəskin tormozlamadan nizamlayıcının göstərdiyi yerdə saxlaya bilməyəcəksə hərəkəti davam etdirə bilər. Bu icazə yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün nəzərdə tutulmuşdur. Svetoforun sarı işığında keçdiyi yol, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, bir neçə hərəkət istiqamətinin kəsişdiyi, yoldur. O, idarə etdiyi avtomobili tormozlasaydı, artıq yolların kəsişdiyi yerdə dayanacaqdı ki, bu da digər nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudiyyət yaradacaqdı. Bu halları və Qanunun 36cı maddəsinin 3-cü bəndinin, 60-cı maddəsinin 3-cü bəndinin tələbini rəhbər tutaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamaq məqsədilə hərəkətə davam etmişdir ki, bu hal birmənalı olaraq qanun pozuntusu sayılmır. O, hərəkət edən zaman tərəfindən qayda pozuntusu baş verməmişdir. Bakı şəhər DYPİ-nin xx xxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək eyni məzminlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, şikayətində qeyd etdiyi kimi, o, sarı işıq yandıqda yol ayrıcına çatmış və tormozlama mümkün olmadığından yol ayrıcını boşaltmaq məqsədilə hərəkəti davam etdirmişdir, hansı ki, bu cür hərəkət qanun pozuntusu sayılmır. Qeyd edilən ərazi müşahidə və təhlükəsiz şəhər kameralarının görüntüsü altında yerləşsə də, bu görüntülərə baxılmamış, görüntülərə və işin faktiki hallarına uyğun qərar çıxarılmamışdır. Şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi X4 göstərmişdir ki, inzibati xətanın baş verməsi YPX əməkdaşı tərəfindən aşkar olunaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol əsasında X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Belə ki, o, svetaforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Zərurət yaranarsa, videogörüntülərə baxış keçirilərək inzibati xəta hadisəsinin baş verdiyini müəyyən etmək olar. Hesab edir ki, şikayət əsassızdır, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyindən inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin YPX inspektoru, polis kiçik serjantı X5 tərəfindən qəbul olunmuş xx xxxxxx 2021ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X3 barəsində 60 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.8-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin istər törədilməsi ehtimal edilən inzibati xətanın aşkar edilməsi zamanı, istərsə də protokol əsasında qərar qəbulu zamanı X1 İXM-nin 61.1.8-ci maddəsi ilə təsbit olunmuş hüququ təmin edilməmişdir. Hansı ki, belə görüntülərin olması inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut əhəmiyyəti daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə, yaxud maneəni kənardan keçmə-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə istinad olunan maddi hüquq normaılarının tələbləri ilə yanaşı Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən sübutlar, yəni videogörüntülər, barəsində icraat aparılan şəxsin izahatı, digər zəruri sübutlar, o cümlədən inzibati xəta haqqında protokol işə əlavə olunmamış, qərarı barəsində şikayət verilən orqan tərəfindən də məhkəməyə təqdim olunmamışdır. Qərarda xəta törədən şəxsin İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş məhz hansı xətanın törədilməsi göstərilmədiyindən inzibati xəta haqqında protokolun təqdim olunaraq tədqiq olunması zəruridir. Nəzərə alındıqda ki, törədildiyi ehtimal edilən inzibati xəta hadisəsi hərəkətin intensiv olduğu ərazidə baş vermişdir, həmin ərazidə təhlükəsiz şəhər kameralarının görüntüləri müntəzəm olaraq qeydə alınır, ona görə həmin görüntülərə qərardan şikayət vermiş şəxisn iştirakı ilə baxış keçirilməlidir. Məhkəmə hesab edir ki, X1 xx xxxxxx 2021-ci il tarixdə saat 16:10-da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə dair mötəbər və əsaslı hesab ediləcək hər hansı sübut müəyyən edilmədiyi, ilkin araşdırma zamanı həmin hallar araşdırılaraq törədilməsi ehtimal edilən inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyri-mümkündür, inzibati araşdırma qaydasında həmin sübutlar toplanılmalı, videogörüntülərə baxış keçirilməli, müvafiq sübutlar işə əlavə edilməli, zərurət yarandıqda şahidlər dindirilməli və digər hərəkətlər həyata keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X1 barəsindəki xx xxxxxx 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli, xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 barəsindəki xx xxxxxx 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilsin, xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X8 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar