Məhkəmə qərarları › İş №3(007)-809/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-809/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-809/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə barəsində inzibati xəta haqqənda iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 03 fevral 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən idxalatçı Şəxs MMC-nin adına Gürcüstan Respublikasından 99SC024/99ZE025 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində VL**********0004 nömrəli 08 yanvar 2025-ci il tarixli invoys üzrə idxal olunan mallar 12 yanvar 2025-ci il tarixdə saat 02:15 radələrində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda təqdim edilmiş, həmin tarixdən 15 gün müddətində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən sözügedən mallara dair gömrük bəyannaməsi Bakı Baş Gömrük İdarəsinə təqdim edilməmiş, 15 gündən sonra, yəni 31 yanvar 2025-ci il tarixdə saat 14:13 radələrində qeyd olunan yüklərin rəsmiləşdirilməsi ilə bağlı gömrük bəyannaməsi gömrük orqanına təqdim olunmuşdur. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Şəxs MMC-nin barəsində Bakı Baş Gömrük İdarəsi tərəfindən inzibati xəta haqqında 4 protokol tərtib edilərək Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs MMC-nin barəsində 03 fevral 2025-ci il tarixli 00100- 00302/25 nömrəli (EP 0186557), 03 fevral 2025-ci il tarixli 00100-00306/25 nömrəli (EP 0186561), 03 fevral 2025-ci il tarixli 00100-00303/25 nömrəli (EP 0186559) və 03 fevral 2025-ci il tarixli 00100-00301/25 (EP 0186555) nömrəli protokollar tərtib edilmişdir. 00100- 00301/25 (EP 0186555) nömrəli işə hazırda baxılır. Eyni vaxtda, eyni əmələ görə, eyni şəxsin barəsində aparılan inzibati işin müxtəlif icraatlarda aparılması şəxsin iki və daha çox inzibati tənbeh olunmasına şərait yaradır. Bu da Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinin tələbi baxımından prosessual hüquq normalarının pozulması deməkdir. Bu barədə yazılı vəsatət də vermişlər. Qeyd olunan Şəxs MMC-nin barəsində məhkəmənin səlahiyyətinə aid olan, eyni vaxtda törədilən, eyni əmələ görə olan işlərin Nizami Rayon Məhkəməsində eyni vaxtda baxılmasını xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 29 yanvar 2025-ci il tarixli raportdan, gömrük bəyannaməsindən, qısa idxal bəyannaməsindən, gömrük bəyannaməsinin rəsmiləşdirilməsi barədə elektron jurnaldan çıxarışdan və işdə olan digər sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən yuxarıda qeyd edilən qaydada inzibati xətaya yol verilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Lakin hazırda baxılan konkret işə münasibətdə belə bir hal, eyni zamanda inzibati xəta haqqında işin icraatını istisna edən və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməklə işin icraatına xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar