Məhkəmə qərarları › İş №3(007)-817/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-817/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-817/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin Yol-patrul xidməti inspektoru X1 və həmin orqanın nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonu, N.Gəncəvi prospekti, ev 235, mənzil 5-də qeydiyyatda olan, Sumqayıt şəhəri 21-ci MKR, məhəllə 1-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 21 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 21 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Nizami rayonu M.Əliyev küçəsində “Volkswagen Passat minik” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yazılı vəsatətlə məhkəməyə müraciət etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, 21 yanvar 2025-ci il tarixdə, saat təxminən 12:30-13:00 radələrində Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsində istifadəsində olan **-MZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə bir aylıq körpə övladının qızdırması olduğu üçün onu həkimə aparan zaman Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin yol patrul xidməti inspektoru polis baş serjantı X3 tərəfindən saxlanılmışdır. X2 saxlanılma səbəbi kimi nəqliyyat vasitəsinin üzərində ödənilməmiş cərimənin olduğunu bildirsə də, sonradan onun içkili olub-olmadığını yoxlamaq qərarına gəlmişdir. O isə sərxoş olmadığını, spirtli içkilərdən nadir hallarda istifadə etdiyini, iş günlərində ümumiyyətlə spirtli içki qəbul etmədiyini, özünün ayıq olduğunu, həmçinin inspektordan maşında bir aylıq xəstə körpə uşağın olduğunu bildirib, ona uşağın dayanmadan ağladığını göstərib körpənin təcili həkimə çatdırılmalı olduğunu bildirmişdir. Buna baxmayaraq, inspektor israrla sərxoşluq vəziyyətinin yoxlanılacağını bildirdiyindən onun razılığından sonra alkotesterlə yoxlama apararaq sərxoş olduğunu bildirmişdir. O, bir daha inspektora spirtli içki qəbul etmədiyini və alkotesterin nəticəsi ilə razı olmadığını bildirib, həkim narkoloq ilə yoxlanışın aparılmasını tələb etmişdir. Bundan sonra inspektor körpənin dayanmadan ağladığını görüb ona köməklik edəcəyini bildirmişdir. Belə ki, X2 maşını dayanacağa qoymağını, onun sözləri ilə qısa məzmunlu izahat yazmağını və onun çağırdığı taksi maşınına 50 manat ödəniş etdikdən sonra həmin maşınla körpəni həkimə aparmağını, geri qayıtdıqdan sonra maşını dayanacaqdan götürməyini təklif etmişdir. Bundan sonra bir aylıq körpə uşağın vəziyyətinə görə məcbur qalıb X2un sözləri və diqtəsi ilə bir neçə sənədə içkili olmağının etirafına dair izahatları qeyd edib, lakin digər qrafaları boş olan bir neçə sənədi yazıb imzalamışdır. Sonra inspektorun çağırdığı taksi maşını ilə yoldaşını və körpə övladını həkimin yanında qoyub geri qayıtdıqdan sonra maşının cərimə dayanacağının yanında deyil, dayanacağa yerləşdirildiyini, inspektorun Elçin Seyidovun isə orda olmadığını görmüşdür. Bundan sonra X2un bu hərəkətinə çox əsəbləşmiş, hətta taksi sürücüsünə verməli olduğu 50 manatı da verməyib ordan birbaşa sərxoşluq vəziyyətinin yoxlanılması üçün Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən sərxoşluq vəziyyətinin yoxlanılması üçün ayrılmış xüsusi tibb məntəqəsinə getmiş və müayinə nəticəsində həkim narkoloq tərəfindən ayıq olduğu, yəni spirtli içkinin təsiri altında olmadığı müəyyən edilmiş, bununla bağlı müvafiq protokol ona təqdim olunmuşdur. Həmin gün, yəni 21 yanvar 2025-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinə yaxınlaşaraq, polis mayoru Arzuman Arzumanlıya tibbi müayinə protokolunu təqdim edərək sərxoş halda olmadığını bildirib, nəqliyyat vasitəsinin duracaqdan buraxılmasını, sürücülük vəsiqəsinin özünə qaytarılmasını və barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini tələb etmişdir. Lakin polis əməkdaşı həmin müayinə protokolunun saxta olduğunu, həmin protokolu onun hansı yolla əldə etdiyinin bəlli olmadığını bildirib, hətta qeyri prosessual danışıqlarının bir nəticə vermədiyini görüb, sonda işin məhkəməyə göndəriləcəyini bildirmişdir. Bundan sonra 102 və 902 Zəng Xidmətlərinə ünvanladığı şikayətlər də heç bir nəticə verməmişdir. İlkin olaraq bildirir ki, özü ali təhsillidir, evlidir və himayəsində bir azyaşlı uşağı vardır, özü bank sahəsində çalışır. Özünü xarakterizə etməkdə məqsədi, ona qarşı irəli sürülmüş inzibati xətanın şəxsiyyəti ilə uyğunlaşmamasını bildirməkdir. Belə ki, hazırkı vəsatətə əlavə edilməklə Elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş 21 yanvar 2025-ci il tarixli 2/3665 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, 21 yanvar 2025-ci il tarixdə, saat 15:00-da aparılmış tibbi müayinə nəticəsində onda alkoqol qəbulu əlamətləri aşkar olunmamışdır. Bundan əlavə, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, o, 21 yanvar 2025-ci il tarixdə, 08:50də alkotesterdən istifadə etməklə sərxoşluq vəziyyəti yoxlanılmış və 08:55-də inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Halbuki həmin tarixdə o, iş yerində olmuşdur. Belə ki, məhkəməyə bir ədəd diskdə təqdim olunan videogörüntüdən görünür ki, o, 08:57-də iş yerinə gəlmiş və günün birinci yarısı saat 12:00-dək iş yerində olmuşdur. Bundan əlavə X2un əlyazma şəklində tərtib etdiyi bütün sənədlərdən görünür ki, 21 yanvar 2025-ci il tarixdə “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün istifadə edilmiş xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokolda və “Nəqliyyat vasitəsinin mühafizə olan duracağa yerləşdirilməsi barədə” aktda inzibati xətanı törətməsini etiraf etməklə həmin sənədləri imza etdiyi və nüsxələrini qəbul etdiyi halda nədənsə 5 dəqiqə vaxt fərqi ilə tərtib edilmiş “İnzibati xəta haqqında protokol”u imza etməkdən imtina etmişdir. Bu isə onu deməyə əsas verir ki, “İnzibati xəta haqqında protokol” həmin vaxt tərtib edilməmiş, yalnız onun etirazlarından sonra onun iştirakı olmadan tərtib olunmuşdur. Bundan əlavə, “Yolpatrul xidməti haqqında Təlimat”ın tələblərinə görə yol patrul xidməti inspektoru ilə sürücü arasında olan danışıqlarda səs yazısı aparılmalıdır. Odur ki, vəsatətdə qeyd olunan halların təsdiqi kimi həmin səs yazısının məhkəməyə təqdim olunması vacibdir. Qeyd olunanlara əsasən, AR İXM-nin 333.1-ci maddəsi ilə barəsində aparılan 21 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol üzrə inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin Yol-patrul xidməti inspektoru X3 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, işin icraatı zamanı tərəfindən qanunsuz hərəkətə yol verilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, orada texniki səhvlik ola bilər, amma videoda şəxs YPX əməkdaşı ilə deyib gülərək razılıq vermiş, pivə içdiyini qəbul etmişdir. Sərxoş olmasa razılaşmazdı. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yazılı vəsatətində göstərilənlərlə eyni məzmunlu izahat verərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün istifadə edilmiş xüsusi texniki vasitənin nəticəsindən görünür ki, Şəxs 21 yanvar 2025-ci il tarixdə saat 08:46-da keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0.697% olmuşdur. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə olunmasına dair 21 yanvar 2025-ci il tarixli protokolda Şəxs tərəfindən yazılmış izahatdan görünür ki, o, spirtli içki içdiyini etiraf etmiş, alkotestrin nəticəsi onu qane etdiyindən həkim müayinəsinə ehtiyac olmadığını göstərmişdir. Şəxs təqdim etdiyi “Sərxoşluq vəziyyətinin tibbi müayinə”sinə dair 21 yanvar 2025ci il tarixli 2/3665 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 13:10-da keçirilən tibbi müayinəsi zamanı onun ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Sözügedən maddənin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, belə ki, həmin şəxsin alkoqoldan istifadə etməsi və bunun nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı yerində olmaqla xüsusi texniki vasitənin vasitəsi ilə müəyyən olunmuşdur, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Sərxoşluq faktı xüsusi texniki vasitə ilə 21 yanvar 2025-ci il tarixdə yerində aşkar olunmuşdur. Bundan sonrakı müddətdə şəxsin özü təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayıla və sərxoşluq vəziyyətini aradan qaldıra bilərdi. Bundan başqa inzibati araşdırma zamanı, 21 yanvar 2025-ci il tarixdə Şəxs protokolda qeyd etməklə yazdığı izahatında həmin göstərici ilə razılaşaraq, alkoqoldan istifadə etdiyini, alkotestrin nəticəsi ilə razı olduğunu, tibbi müayinədən keçməyə ehtiyac olmadığını göstərmişdir. Ona görə məhkəmə Şəxs hazırda irəli sürdüyü dəlilləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. İnzibati xəta hadisəsinin baş vermə vaxtı ilə mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, inzibati xətanın 21 yanvar 2025-ci il tarixdə baş verdiyi təsdiq olunmuşdur, Şəxs özü də tarixlə bağlı hissəni mübahisələndirmir, saatın düzgün qeydə alınmaması isə inzibati xətanın baş verməməsi və ya onun baş verməsində həmin şəxsin təqsirinin olmaması barədə qənaətə gəlinməsi üçün əsas kimi qəbul edilə və bu formal əsasla işin icraatına xitam verilə bilməz. İşin icraatını istisna edən, icraata xitam verilməsinə əsas olacaq hallar müəyyən edilməmişdir. Bundan başqa, Şəxs izahatında göstərilən digər məsələlərin araşdırılaraq hüquqi qiymət verilməsi hazırkı icraatın predmeti deyildir, o, yol polisi əməkdaşlarının ona qarşı yol verdikləri, neqativ hesab etdiyi hallarla bağlı tabelik qaydasında səlahiyyətli orqana və aidiyyəti prokurorluq orqanına müraciət edə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar