Məhkəmə qərarları › İş №3(007)-818/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-818/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-818/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X3 nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi ev 31, mənzil 26-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ DYPİ-dən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs kimi xx xxxxxx 2021-ci il tarixdə saat 00:30-da Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, əlavə yolda (post) “Mercedes Benz C200 minik” markalı ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış, lakin o, tibbi müayinədən imtina etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X3 nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs həkimin tibbi müayinəsinə polis əməkdaşı tərəfindən aparılmış, onun tərəfindən də sürücünün şəxsiyyəti təsdiq edilmişdir. Lakin Şəxs şəxsiyyətini təsdiq edən sənəd olmadığı halda tibbi müayinədən keçirilməsinə razı olmayaraq bundan imtina etmişdir. Hesab edir ki, protokol əsaslıdır, Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi üçün əsaslar vardır. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, içki içən deyil, sadəcə olaraq koronavirus xəstəliyinə görə işdə və avtomobili ilə hərəkətdə olarkən qorunma vasitəsi kimi spirtdən istifadə edir. xx xxxxxx 2021-ci il tarixdə avtomobili ilə Babək prospektində hərəkətdə olarkən, YPX əməkdaşı onu saxlamış və içki içdiyini demişdir. O, qeyd edilənlər barədə polisə izah etsə də, polis razılaşmayaraq onu Yasamal rayonunda yerləşən müayinə mərkəzinə aparmışdır. Saxlanılarkən şəxsiyyət və sürücülük vəsiqələri, etibarnamə polislərdən birində qalmış, onu digər əməkdaş müayinəyə aparmışdır. Tibbi müayinə zamanı şəxsiyyətini təsdiq edən sənəd özündə olmadığına görə, ortalıqda qalacağından ehtiyat edərək, müayinədən keçirilməsinə etiraz etmişdir. Sənədlərini geri aldıqdan sonra, saat 02:35-də özü müstəqil tibbi müayinədən keçmiş, ayıq olması barədə ona akt verilmişdir. Hesab edir ki, tibbi müayinədən keçməkdən imtina ilə bağlı barəsində protokol tərtib edilməsi əsassız olmuşdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx xxxxxx 2021-ci il tarixli 2/930 nömrəli aktdan görünür ki, Şəxs saat 00:30-da tibbi müayinədən keçməkdən imtina etmişdir. Şəxs məhkəməyə təqdim etdiyi “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx xxxxxx 2021-ci il tarixli 1/100 nömrəli aktın surətindən görünür ki, Şəxs saat 02:35-də tibbi müayinədən keçirilməsi zamanı onun ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs barəsindəki inzibati xəta haqqında protokolla razılaşmayıb, iş üzrə icraata xitam verilməsini xahiş etsə də, məhkəmə iclasında verdiyi izahatında faktiki olaraq sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etdiyini etiraf etmişdir. Onun irəli sürdüyü dəlili isə, məhkəmə Şəxs inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır, qeyd edir ki, iş üzrə icraata xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Belə ki, Şəxs inzibati xəta ilə bağlı saxlanılarkən şəxsiyyəti müəyyən edilmiş, tibbi müayinəyə təqdim edilmə zamanı onun şəxsiyyəti yol-patrul xidməti inspektoru tərəfindən təsdiqlənmişdir. Şəxs saxlanılaraq sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün saat 00:30-a tibbi müayinəyə təqdim edilməsindən sonra, saat 02:35-də özünün fərdi qaydada tibbi müayinədən keçməsinə və bu zaman ayıq olmasının müəyyən edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, baxılan inzibati xətanın mahiyyəti şəxsin sərxoş və ayıq olması ilə bağlı deyil, onun tibbi müayinədən imtina etməsi ilə bağlıdır. Hansı ki, Şəxs özü də, səbəbindən asılı olmayaraq, tibbi müayinədən keçməkdən imtina etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsi - maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, həmin dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar