Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-82/2022 10.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X1 Bakı şəhər BPİ-nin Baş Dövlət Yol Polisi İdarəsinin 13 may 2019-cu il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər BPİ-nin Baş Dövlət Yol Polisi İdarəsinin 13 may 2019-cu il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ-nin 13.05.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 60 manat məbləğində cərimə edilmişdir. 15.06.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon ərazisində yol polisi cərimələrinin olduğunu və ödənilmədiyini bildirərək sürücülük vəsiqəsini almışdır. Həmin qərarlardan məlumatı olmadığından və ona təqdim edilmədiyi üçün AR DİN Baş Dövlət Yol Polis İdarəsinin rəisinə müraciət edərək nə vaxt, nəyə əsasən və AR İXM-nin hansı maddələri ilə cərimə edilməyinə dair protokolun və qəbul edilmiş qərarların ona verilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami RPİ 07.07.2021-ci il tarixli məktubla bildirilmişdir ki, qərarlar geri qaytarılması səbəbindən məlumat vermək mümkün olmamışdır. Bundan sonra isə 26.08.2021-ci il tarixdə 13.05.2019-cu il tarixli TP ******* nömrəli və 13.05.2019-cu il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar rəsmi olaraq ona təqdim edilmişdir. Qərarları alandan sonra müəyyən olunmuş müddətdə ləğv edilməsi haqqında məhkəməyə şikayət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-2272/2021 saylı 10.09.2021-ci il tarixli qərarı ilə şikayəti qeri qaytarılaraq qərarlardan ayrı-ayrılıqda inzibati xətanın törədildiyi yer üzrə və yaxud vəsatətə əsasən yaşadığı yer üzrə ümumi yurisdiksiyalı rayon məhkəməsinə şikayət vermək hüququ izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2305/2021 saylı 05.10.2021-ci il tarixli qərarı ilə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmışdır. Yenidən həmin qərarların ləğv edilməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət və vəsatət verərək, qərarların bir icraatda birləşdirməklə yaşadığı yer üzrə həmin məhkəmədə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)- 2652/2021 saylı 27.10.2021-ci il tarixli qərarı ilə şikayəti qeri qaytarılaraq qərarlardan ayrıayrılıqda inzibati xətanın törədildiyi yer üzrə və yaxud vəsatətə əsasən yaşadığı yer üzrə ümumi yurisdiksiyalı rayon məhkəməsinə şikayət vermək hüququ izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2846/2021 saylı 07.12.2021-ci il tarixli qərarı ilə məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmışdır. İnzibati xəta haqqında qərardan görünür ki, barəsində 13.05.2019-cu il tarixdə İXP ******* nömrəli protokol tərib edilmiş və həmin gün də, 13.05.2019-cu il tarixli TP ******* nömrəli qərar çıxarılmışdır. Qərar ona 26.08.2021-ci il tarixdə təqdim edilmişdir. Bakı şəhər DYPİ-nin 13.05.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Bununla yanaşı, X3 yazılı vəsatətlə məhkəməyə müraciət edərək 13.05.2019-cu il tarixli TP ******* nömrəli qərardan şikayətə yaşadığı yer üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onun müraciətinə rəsmi cavab məktubunda qeyd olunmuşdur ki, qərar ünvan 1 ünvandan köçmüşdür. O, mobil telefonu üstündə gəzdirmir, smsləri isə açıb oxumur. Protokolun yazılmasından və cərimə olunması barədə qərar çıxarılmasından məlumatı olmamışdır. Protokol və ya qərar vaxtında verilsə, cəriməni vaxtında ödəyərdi. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, X3 13 may 2019-cu il tarixdə avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulmasına görə tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsi ilə 60 manat məbləğində inzibati cərimə edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, elektron qərar həmin şəxsin rəsmi qeydiyyatda olduğu ünvana göndərilmiş, şəxs ünvanda yaşamadığına görə məktub geri qaytarılmışdır. Buna baxmayaraq qərarla bağı zəruri məlumatlar sms vasitəsilə mobil telefona göndərilməklə çatdırılmışdır. Lakin qanunla müəyyən olunmuş müddətdə X3 qərardan şikayət verməmişdir. Şikayətin hər hansı əsası yoxdur, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını, mübahisələndirilən 13 may 2019-cu il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər BPİ-nin Baş Dövlət Yol Polisi İdarəsinin 13 may 2019-cu il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından görünür ki, X3 13 may 2019-cu il tarixdə saat 12:48də “Mercedes Benz ML320 minik” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, İstiqlaliyyət-Niyazi küçələrinin kəsişməsində idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulmasına görə 13 may 2019-cu il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbi baxımından inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmasa da, X3 mübahisələndirdiyi qərarla razılaşmamasının hər hansı əsasını göstərməmiş, məhkəmə iclasında da şikayətini həmin qaydada əsaslandırmamışdır. X1 məhkəməyə şikayət verməsinin səbəbi, barəsində inzibati xəta haqqında qərarın ona vaxtında verilməməsi ilə bağlıdır ki, həmin hal qərarın ləğv edilməsinə əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə iclasında eyni zamanda, müəyyən olunmuşdur ki, “Mercedes Benz ML320 minik” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair inzibati xəta haqqında elektron qərarlar kağız daşıyıcıda X1 ünvan 2 ünvanına göndərilmiş, lakin həmin məktublar geri qaytarılmışdır. X3 həmin faktla razılaşaraq qeyd olunan ünvanda yaşamadığını bildirmişdir. Buradan da görünür ki, o, ünvanını dəyişməsi barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməmişdir. Bundan başqa, X1 mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, İXM-nin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərilmişdir. Məhkəmə iclasında X3 bununla bağlı izah etmişdir ki, o, telefonuna daxil olan smsləri açıb oxumur, yəni həmin faktı digər qaydada inkar etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər BPİ-nin Baş Dövlət Yol Polisi İdarəsinin 13 may 2019-cu il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-82/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-82/2022
10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver