Məhkəmə qərarları › İş №3(007)-828/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-828/2020

13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-828/2020 13.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhəri Xətai rayon Pİ-nin DYPŞ-nin xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Xətai rayon Pİ-nin DYPŞ-nin xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxx 2020-ci il tarixdə Məhəmməd Hadi küçəsində piyada hərəkət edərkən saat 09:50 radələrində YPX onu saxlamış və Xətai rayon DYPŞ-nın əməkdaşı X2 tərəfindən barəsində İXP ******* nömrəli protokol tərtib olunmuşdur. X3 Məcəlləsinin 211-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamış və protokola aşağıdakı yazını əlavə etmişdir: “Epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərinin pozulması” Onun etirazı, haqqında çıxarılan qərarın hüquqi əsasının olmamasıdır. Belə ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda da faktiki olaraq yaşayır. İş yeri Məhəmməd Hadi küçəsində yerləşir. O, həmin küçədə yerləşən avto-təmir məntəqələrinin birində avtomobil dəmirçisi işləyir. Həmin gün səhər saatlarında iş yerinə getmişdir. Ona protokol tərtib edilən tarixdə ölkə ərazisində nə iş yerləri bağlı olmuş, nə də xüsusi karantin rejimi tətbiq edilməmişdir. Bundan əlavə iş yerindən rəsmi icazəsi də olmuşdur. Həmin icazəni polis əməkdaşına göstərsə də, bunun heç bir əhəmiyyəti olmamışdır. Rəsmi icazəsi ilə yanaşı vergi ödəyicisidir. İş yerindən rəsmi icazəsi olmuşdur. Özü isə bir tikə çörək pulu qazanmaq üçün səhər saatlarında iş yerinə getmişdir. İXP ******* saylı protokola Bakı şəhəri BPİ tərəfindən çıxarılmış xx xxxxx 2016-cı il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X4 şikayətinin dəlillərini müdafiə edərək, məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Xətai rayon Pİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Xətai rayon Pİ-nin DYPŞ-nin əməkdaşı Cavanşir Ələkbərov tərəfindən qəbul olunmuş xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 xx xxxxx 2020-ci il tarixdə saat 09:50-də Məhəmməd Hadi küçəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozaraq Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat cərimə tənbeh növü tətbiq edilmişdir. -“Ordubad” k/m-nin direktoru R.Ə.Cəfərzadə tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli bildirişindən görünür ki, Xətai rayonu. Gen. Şıxlinski 29/42D məhəllədə yerləşən Ordubad k/müəssisəsinin icarəçisi X4 xx xxxxxx 2019-cu il tarixli müqavilə və ********** nömrəli VÖEN ilə götürdüyü 15 kv.m sahədə dəmirçi (avto) sexi işlədir. Bildirişi ilə icarəçi İlyas Əhmədovun hazırda müqavilə ilə fəaliyyət göstərdiyini xx xxxxx 2020-ci il tarixdən karantin rejimi bitənədək təsdiq edir. Azərbaycan Respublikası İXM-nin, xx xxxx 2020-ci il tarixli 27-VİQD nömrəli Qanunla qüvvəyə minmiş və xx xxxxx 2020-ci il tarixli qərar qəbul edilərkən qüvvədə olmuş, 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması həmin maddədə nəzərdə tutulmuş məsuliyyətə səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Məhkəmə iclasında müəyyən olundu ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, inzibati xəta haqqında qərarda X1 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozduğu qeyd edilsə də, həmin pozuntunun məhz nədən ibarət olması, özünü nədə ifadə etməsi müəyyən edilərək göstərilməmiş, bu faktı, yəni inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən sübut əldə edilməmiş, işə əlavə olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 122 nömrəli qərarına əsasən Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə ölkə ərazisində xüsusi iş (əmək) rejimi və müvafiq məhdudiyyətlər tətbiq edilmişdir. Həmin Qərara 2 nömrəli əlavə ilə Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri iş günlərində işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Siyahısı müəyyən edilmişdir ki, Siyahının Məişət xidmətləri üzrə 6-cı bölməsinin 6.5-ci bəndində “avtomobillərin təmiri” sahəsi qeyd edilmişdir. xx xxxx 2020-ci il tarixli 122 nömrəli qərarla müəyyən edilmiş məhdudiyyətlər və müəyyən edilmiş icazələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2020-ci il tarixli 124 nömrəli və xx xxx 2020-ci il tarixli 144 nömrəli qərarları ilə müvafiq olaraq x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək və xx xxx 2020-ci il saat 00:00-dək uzadılmışdır. Göründüyü kimi, xx xxxxx 2020-ci il tarixdə barəsində “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” əsası ilə inzibati qərar qəbul edilərək tənbeh olunmuş, avtomobil təmiri sexində işləyən və VÖEN əsasında fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyata alınmış X1 işlədiyi belə xidmət sahəsinin fəaliyyətinə Nazirlər Kabinetinin yuxarıda istinad edilən qərarlar əsasında icazə verilmişdir, X4 işlədiyi təmir sexinə gedib-gəlməkdə sərbəst olmuşdur. Belə olan halda, onun tərəfindən karantin rejimi qaydasının pozuntusuna yol vermədiyi müəyyən olunur. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-nin 115.1 və 115.1.4-cü maddələrinin tələbinə görə, inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış vəzifəli şəxsin vəzifəsi; işə baxılarkən müəyyən edilmiş hallar göstərilməlidir. Hansı ki, mübahisələndirilən qərarda qərarı çıxarmış vəzifəli şəxsin vəzifəsi, işə baxılarkən müəyyən edilmiş hallar, yəni X1 inzibati xətanın törədilməsi ehtimal edilən dövrdə qüvvədə olmuş İXM-nin 211-ci maddəsində nəzərdə tutulan “epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması” ilə müşayiət edilən məhz hansı xətaya yol verdiyi göstərilməmiş, onun tərəfindən inzibati xəta törədildiyinə dair hər hansı sübut müəyyən edilməmiş və materiala əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalara və qəbul edilmiş qərarlarla müəyyən edilmiş xüsusi karantin rejimi qaydalarının X4 tərəfindən xx xxxxx 2020-ci il tarixdə pozulmasına yol verilməmişdir, barəsində inzibati icraat aparılarkən və qərar qəbul edilərkən onun işlədiyi “avtomobil təmiri” sahəsi Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri iş günlərində işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Siyahısının təsir dairəsinə düşmüşdür. Bununla yanaşı X4 tərəfindən karantin rejiminin pozulmasına dair sübut əldə edilməmiş, məhz xətaya yol verildiyi qərarda göstərilməmiş və əsaslandırılmamış, məhkəmədə şikayətə baxılarkən də müvafiq sübutlar təqdim edilməmişdir. Ona görə şikayət təmin olunaraq mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai rayon Pİ-nin DYPŞ-nin X1 Azərbaycan Respublikası İXM-nin 211ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilməsinə dair xx xxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar