Məhkəmə qərarları › İş №3(007)-831/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-831/2022

06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-831/2022 06.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs, xx xxxxxxx 1994-cü ildə Zaqatala rayonunun Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də direktor kimi işləyən, ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olan barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 05 aprel 2022-ci il tarixdə, saat 17:20 radələrində, Bakı şəhəri, Heydər Əliyev prospektində yol-patrul xidməti əməkdaşlarına tabesizlik göstərərək, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X3 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Şəxs etdiyi əməldən peşmandır və onlardan üzr istəmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirdi ki, onun iş yeri Heydər Əliyev prospektində yerləşən 5 saylı Asan Xidmət Mərkəzinin yaxınlığında yerləşir. Asan Xidmət Mərkəzinə getməli idi. Məsafə az olduğu üçün maşını özü idarə etmişdir. Maşın onun qardaşının idi və o maşını etibarnamə olmadan idarə etmişdir. Polis ondan maşını saxlamasını tələb etdikdə, polis əməkdaşının göstərişinə tabe olmayaq maşını saxlamadı. Onun əsas səhvi maşının qardaşına məxsus olmasını polis əməkdaşlarına deməməsi olmuşdur. Bundan başqa, hazırkı vaxtadək onun polis əməkdaşları heç bir münaqişəsi olmamışdır. Məhkumluğu olmamışdır. O, əməlindən səmimi peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid, Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ YPX-nin inspektoru, polis serjantı X1 izahatında göstərmişdir ki, 05.04.2022-ci il tarixdə saat təxminən 17:18 radələrində H.Əliyev prospektində xidmət edən zaman 99TT934 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtomobilə təhlükəsizlik kəmərindən istifadə edilmədiyi üçün maşını saxlamaq əmrini vermişlər. Maşına yaxışlaşıb özünü təqdim etmiş, qayda pozuntusunu sürücüyə izah etmiş və sürücüdən sənədləri təqdim edilməsini istəmişdir. Lakin sürücü özünü başqa şəxs kimi təqdim edirdi. Yoxlama zamanı məlum oldu ki, sürücü maşını etibarnamə olmadan idarə edir. Sürücü yayınmaq məqsədi ilə qəflətən maşını sürətləndirdi. Oğlurluq şübhəsi yarandığı üçün maşını müşayiət etməyə başladılar. Sürücü 23-cü Polis Bölməsinin araxasında yerləşən zavoda daxil olub maşından düşərək qaçmaq istədikdə sürücünün kimliyinin müəyyən etmək məqsədi ilə ona mane olmuşlar. Kənardan özünü sürücünün qardaşı kimi təqdim edən şəxs gələndə Nizami RPİ-nin DYPŞ-nin əməkdaşları köməyə gəldilər. Sürücü və onun qardaşı tabesizlik göstərərək, onlara qeyri-etik ifadələr səsləndirmişlər və əl-qol hərəkətləri etmişlər. Məlum olmuşdur ki, sürücü Şəxs avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. O, əməkdaşların köməkliyi ilə həmin şəxsi 23-cü polis bölməsinə təhvil verərək barəsində müvafiq tədbir görülməsi üçün raportla müraciət etmişdir. İş materiallarında olan 05.04.2022-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05.04.2022-ci il tarixdə yol-patrul xidməti əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 05.04.2022-ci il tarixli protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 05.04.2022-ci il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. Beləliklə məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 05.04.2022-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə ki, iş materiallarında olan inzibati qaydada tutma haqqında 05.04.2022-ci il tarixli protokoldan da göründüyü kimi Şəxs 05.04.2022-ci il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə fiziki şəxslərə iki yüz manat məbləğində cərimə nəzərdə tutulduğundan və Şəxs inzibati qaydada tutulduğundan məhkəmə hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 (yüz əlli) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxxxxx 1994-cü il tarixdə Zaqatala rayonunun Tala kəndində anadan olmuş, ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar