Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-831/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X2, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X2 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 02 yanvar 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. X2 vəsatəti əsasında onun, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli qərarı ilə qeyd olunan qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti təmin edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, etibarnamə ilə idarə etdiyi “Volkswagen Passat R-line” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 30 dekabr 2024-cü il saat 15:40 radələrində İXP ******* nömrəli protokol qeydə alınmışdır. Protokolda cərimənin qeydə alınma yeri “Koroğlu” metrostansiyasının yaxnlığı qeyd olunmuşdur. Qeyd edir ki, həmin tarixdə nəqliyyat vasitəsi həmin ərazidə olmayıb və protokolda heç bir videogörüntü təqdim edilməmişdir. Bununla bağlı o, 06 fevral 2025-ci il tarixdə BDYPİ-nə yaxınlaşmış, lakin nə icraçı tərəfindən, nə də digər əməkdaşlar tərəfindən ona köməklik göstərilməyib. Bundan əlavə, kamera görüntüləri tələb etməyinə baxmayaraq, bu məsələ ilə bağlı da ona heç bir köməklik göstərilməyib. Qeyd olunanlara əsasən məhkəmə araşdırması aparılmaqla, kamera görüntüsünə məhkəmə iclasında baxış keçirib hüquqi qiymət verərək, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin onun barəsindəki 02 yanvar 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qanunsuz və əsassız qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onun 30 dekabr 2024-cü il tarixdə pozuntu törətdiyi yazılıb, amma həmin vaxt o, işdə olub, maşın da özündə olub. 30 dekabr 2024-cü il tarixdə onu yol polisi saxlamayıb. Baş X8 İdarəsinə dəfələrlə müraciət edib, amma müraciəti həll olunmayıb, məhkəməyə şikayət verməsi deyilib. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə bilvasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyünün YPX baş inspektoru X6 izahatında göstərmişdir ki, X2 barəsindəki 30 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol onun tərəfindən tərtib edilmişdir. Belə ki, “Koroğlu” metrostansiyası yaxınlığında xidməti ərazidə olarkən ona idarədən zəng vurub demişlər ki, belə hadisə baş verib, “Volkswagen Passat R-line” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Giriş qadağandır” olan yerə daxil olub. Həmin yerə getdikdə sürücü onu görüb piyada keçidindən Heydər Əliyev prospekti istiqamətinə getmişdir. O da yaxınlaşmış, qayda pozuntusunu izah etmişdir. Hətta, X3 və yanındakı hərbçi ona rüşvət təklif etmişlər, lakin o, qəbul etməyib protokol tərtib etmişdir. X3 həmin vaxt demişdir ki, sübut etsin, o da demişdir ki, “siz bura necə gəldiniz, təyyarə ilə gəlmədiniz ki, “Giriş qadağandır” hissədən çıxaraq dönüb gəldiniz, bunu vizual aşkar etmişəm”. X1 Baş X8 İdarəsinə müraciətlər etmiş, özünün iştirakı ilə videolara baxılmış, görüntülərlə də müəyyən edilmişdir ki, o, protokolda qeyd olunan vaxt “Giriş qadağandır” hissəsinə girmışdır. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, şikayətdə əksini tapan dəlillər əsassızdır, inzibati xəta haqqında protokolu tərtib edən YPX inspektorunun məhkəmə iclasında verdiyi izahatla da öz təsdiqini tapmışdır ki, “Volkswagen Passat R-line” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən 30 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunan tarixdə və vaxtda Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədilmişdir. YPX əməkdaşı həmin xətanı vizual aşkar etmişdir. Sürücünün müraciəti Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsində ətraflı araşdırılmış və müraciətin əsassız olması müəyyən edilməklə ona rəsmi qaydada bu barədə iki dəfə rəsmi cavab məktubu ünvanlanmışdır. Qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 02 yanvar 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Volkswagen Passat R-line minik” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 Bakı şəhəri BNA Koroğlu ünvanında 30 dekabr 2024-cü il tarixdə saat 15:41-də “3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulmasına görə” 30 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 64-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Onların dairəvi forması, ağ fonu, 3.27-3.30 işarələrinin mavi və qırmızı haşiyəsi vardır. 3.1, 3.21, 3.23, 3.25 və 3.31 nişanlar rəngli tərtibatla fərqlənirlər. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 30 dekabr 2024-cü il tarixdə saat 15:41-də “Volkswagen Passat R-line minik” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri BNA Koroğlu ünvanında idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməyib, “3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozmuşdur ki, bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qərardan şikayət vermiş X2 şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin 02 yanvar 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-831/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-831/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver