Məhkəmə qərarları › İş №3(007)-832/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-832/2024

23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-832/2024 23.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclas katibi Dadiyev Fərahim Balaş oğlunun katibliyi, qərardan şikayət verən şəxs X4 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən inzibati qaydada cərimələnmiş, cərimələndiyi gün, yəni xx.xx.2024-cü il tarixində ona verilən protokol və qərarı aldıqdan sonra xəbərdar olmuşdur. Həftə sonu olduğundan növbəti iş gününü gözləmiş və etibarnamə üzrə nümayəndəsi X8 Miqrasiya Xidmətində məsələnin aydınlaşdırılması üçün xahiş etmişdir. Məlum olmuşdur ki, Dövlət Miqrasiya Xidməti xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərara əsasən onu İXM-nin 578.1-ci maddəsinə əsasən təqsirli bilib 4000 Azn cərimələyib. Səbəb isə Gürcüstan Respublikası vətəndaşı Mustafabeili Abulfatla iş icazəsi olmadan əmək müqaviləsi bağlamağı göstərilib. Halbuki, Gürcüstan Respublikası vətəndaşı Mustafabeili Abulfatla xx.xx.2023-cü il tarixlə müddətli əmək müqaviləsi bağlamış və onu elektrik vəzifəsi üzrə işə qəbul etmişdir. ƏMAS sistemində xx.xx.2023-cü il tarixli 2E7A0EO000300 nömrəli bildirişlə müqavilə təsdiqlənib. Müqavilə müddətli olub və bitmə tarixi xx.xx.2023-cü il olaraq tərəflər arasında razılaşdırılıb. Mustafabeili Abulfat əmək müqviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq ona ərizə ilə müraciət edərək onun əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş edib. Həmin tarixdə onun əmək müqaviləsinə ƏM-nin 68.2.a bəndi ilə xitam vermişdir. ƏMAS sistemində əmək müqviləsi üzrə bildiriş çap edilərkən heç bir problem olmayıb və hansısa xüsusi icazə tələb olunmayıb. Xitam tarixini ƏMAS sistemində səhvən xx.xx.2023-cü il tarixlə qeyd etmişdir. Hesab edir ki, Dövlət Miqrasiya Xidməti Gürcüstan Respublikası vətəndaşı Mustafabeili Abulfatın icazə müddətinin 2023-cü ilin sentyabr ayında bitdiyini əsas tutaraq 1 aylıq gecikməyə görə onu inzibati qaydada cərimələyib. Gürcüstan Respublikası vətəndaşı X5 Miqrasiya Xidmətinin rəisinə ünvanladığı müraciətdə də xx.xx.2023-cü il tarixdən sonra onunla əmək münasibətlərində olmadığını bildirmişdir. Dövlət Miqrasiya Xidməti xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı qanunvericiliyin tələblərinə zidd olduğu üçün ləğv edilməlidir. Beləki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman iş üzrə məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada izahatım alınmayıb. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman protokol və qərar eyni gündə tərtib olunub. Halbuki Qanunvericiliyin tələblərinə əsasən inzibati xəta haqqında protokol tərtib olunduqdan 10 gün sonra qərarın müzakirəsinə dəvət olunmalı idi, onun izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda göstərilməyib. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsində təsbit olunduğu kimi, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsində təsbit olunduğu kimi,İnzibati xəta halı olmadıqda və 53.2 Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə,o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati iş üzrə icraat rədd edilir. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulan, İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan halların mövcud olmaması bir daha Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş qərarın əsassız olduğunu sübut edir.Həmin məcəllənin 100.1.1. bəndində protokolun tərtib edildiyi tarix və yer göstərilməli olduğuna baxmayaraq Dövlət Miqrasiya Xidməti tərəfindən protokol inzibati xətanın törədildiyi ehtimal olunan iş yerində tərtib edilməmişdir. Həmin Məcəllənin 102.2-ci maddəsinin tələbinə əsasən barəmdə inzibati icraatın başlanması haqqında müvafiq Qəradad qəbul edilməmişdir.Həmin Məcəllənin 102.4 və 102.5-ci maddələrinin tələbləri Dövlət Miqrasiya Xidməti tərəfindən pozulmuşdur. Yuxarıda qeyd edilənləri, İnzibati Xətalar məcəlləsinin 2,53,75,100 və 102-ci maddələrini və qüvvədə olan Normativ hüquqi aktların tələblərini nəzərə alaraq Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, Gürcüstan Respublikası vətəndaşı Mustafabeili Abulfatın əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, lakin səhvən elektron sistemə xx.xx.2023-cü il tarixlə qeyd olunmuşdur. Onun icazəsi isə 2023-cü ilin sentyabr ayında bitmişdir. 01 aylıq müddətə görə Dövlət Miqrasiya Xidməti tərəfindən sanksiyanın yuxarı həddində - 4000 manat cərimə edilmişdir. Həmşinin şəxsin müqaviləsini sistemə daxil edərkən, hər hansı bir icazə tələb olunmamış, bununla bağlı problem əks olunmamışdır. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin olunmasını və qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəblər barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunanlara əsaslanaraq məhkmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Dövlət Miqrasiya Xidmətinin X9 izahatında bildirmişdir ki, Gürcüstan Respublikası vətəndaşı Mustafabeili Abulfatın Azərbaycan Respublikasında yaşamaq üçün icazəsi olmuş, lakin iş icazəsi olmamış, iş icazəsinin alınması üçün Miqrasiya xidmətinə müraciət edilməmişdir. Bu səbəbdən X6 İXM-nin 578.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Dövlət Miqrasiya Xidməti Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli İnzibati Tənbeh vermə haqqında qərara əsasən vəzifəli şəxs X6 İXM-nin 578.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, İXM-nin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə baxılarkən İXM-nin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında qərar çıxarıla bilər. Həmçinin İXM-nin 135.1.5-ci maddəsinin tələbinə əsasən tətbiq edilmiş tənbeh İXM-nin 31-34-cü maddəsinə uyğun olmadan tətbiq edildikdə qərarın dəyişdirilməsi üçün əsaslar yaranır. Hazırki iş üzrə vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilərkən onun barəsində məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan maddənin sanksiyasında nəzərdə tutulmuş yüksək həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Dövlət Miqrasiya Xidməti Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Lakin sözügedən qərar dəyişdirilməli, vəzifəli şəxs X6 İXM-nin 578.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Dövlət Miqrasiya Xidmət Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında qərar dəyişdirilsin, vəzifəli şəxs X6 İXM-nin 578.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar