Məhkəmə qərarları › İş №3(007)-833/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-833/2022

06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-833/2022 06.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Mirzəyevin sədrliyi, Ramil Firudin oğlu Qurbanovun katibliyi, Protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Gürcüstanda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, R.Şahsuvarov küçəsi ev 29, mənzil 1-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü PB-i tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. 06 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs polis əməkdaşı baş leytenantına tabesizlik göstərmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X2 izahat verərək bildirdi ki, 06.04.2022-ci il tarixdə Şəxs Polis Bölməsinə dəvət olunmuşdur. O, Bölmədə olan zaman polis əməkdaşının qanuni tələblərinə tabe olmamış, ona qarşı nalayiq ifadələr işlətmişdir. Bununla bağlı müvafiq sənədlər tərtib tərtib olunaraq aidiyyət üzrə baxılması üçün məhkəməyə təqdim olunmuşdur.Qeyd olunanları nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilmədi, izahat verərək göstərdi ki, o, Vəfa adlı vətəndaşla aralarında bağlanan müqavilə əsasında görülən təmir işlərinin düzgün aparılmaması,eyni zamanda yarımçıq aparılması ilə bağlı həqiqətən də, polis bölməsinə dəvət olunan kimi dərhal özü polis bölməsinə gəlmiş və orada görülən işlərin tam olduğunu bildirmişdir. Lakin sonradan Şayiq adlı polis əməkdaşı onu kobudcasına təhqir etmiş və itələyərək nalayiq ifadələr söyləmişdir. Hətta bunu sübut edən şahidlərin də orada olduğunu, eyni zamanda kameranın olduğunu bildirsə də, polis bölməsində həmin sübutlar araşdırılmadan, sənədlər toplanılaraq məhkəməyə təqdim olunmuşdur. Bir daha qeyd edir ki, polis əməkdaşına qarşı hörmətsizlik etməmiş, onlara tabesizlik göstərməmişdir. Buna görə də, xahiş edir ki, barəsindən tərtib olunan iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasında şahid X3 ifadə verərək göstərdi ki, 06.04.2022-ci il tarixdə şikayətlə əlaqədar olaraq Vüsal adlı şəxsi PB-nə dəvət etmişdir. Bölmədə olan zaman həmin şəxs aqressiv danışmağa başlamış və səsini yüksəltmişdir. Onu sakitləşdirməyə dəvət etsələr də, həmin şəxs onların qanuni tələblərinə məhəl qoymamış və onlara qarşı nalayiq ifadələr işlədərək, əl-qol hərəkətləri ilə bildirmişdir ki, “siz polis işçiləri hamıya qarşı beləsiniz, hamıya qarşı kobud şəkildə yanaşırsınız”.Bundan əlavə o, dövlət və dövlətçiliyə qarşı narazılığını bildirmiş və nalayiq sözlər ifadə etmişdir. Məhkəmə, protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta üzrə iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır,ona görə də qeyd olunan maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 43.1 maddəsindən görünür ki, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətalara rayon məhkəmələrində baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta hadisəsi baş vermişdir və məhkəmə prosesinin gedişində həmin xətanın barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan Şəxs tərəfindən törədilməsi sübuta yetirilmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs himayəsində yetkinlik yaşına çatmayan 4 uşağın olmasını,eləcə də inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki,onun barəsində cərimə cəzası tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar