Məhkəmə qərarları › İş №3(007)-835/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-835/2020

18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-835/2020 18.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, şikayət vermiş şəxs X3, onun vəkili-“Ədalət” Vəkil Bürosunun vəkili Vəkil və qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin nümayəndəsi X5 iştirakları ilə, X3 Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılır ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi xx xxxx 2020-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 5000 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Qeyd edilən qərar onunla əsaslandırılmışdır ki, o, rəhbər işlədiyi “xxxxxxx” MMC-də Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, 24/03 ünvanda restoranda açıq məkanda restoranda xüsusi karantin rejiminin tələblərini pozaraq, 150- 200 nəfərlik yas mərasimi keçirmişdir. Aşağıda qeyd edilənlərə əsasən, hesab edir ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuzdur, İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə qəbul edilmişdir və bu səbəbdən ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 178 nömrəli qərarına əsasən: 1.6. dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi qadağan olunmuş; 1.10. ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan olunmuşdur. Qərardan göründüyü kimi, dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi qadağan olunmuşdur. Hazırkı qərarın qəbul edilməsinə səbəb olan hal isə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkibini yaratmır. Belə ki, şikayət verilən qərardan da göründüyü kimi, qardaşının rəhmətə getməsi ilə əlaqədar ona başsağlığı verməyə gələn şəxslər (qohumlar, tanışlar və s.) mərasim zalında, çadırda və digər qapalı məkanda deyil, restoranın həyətində açıq məkanda, bir-birindən 2 metr məsafədə olan 8 nəfərlik stollarda, 15-20 dəqiqə müddətində oturmaqla həyata keçirilmişdir. Eyni zamanda, tərəfindən hər stola tibbi maskalar və dezinfeksiyaedici məhlullar qoyulmuşdur. Digər tərəfdən, həmin restoran hüquqi şəxsin adına deyil, fiziki şəxs olaraq onun VÖEN-i altında fəaliyyət göstərir. Yuxarıda da qeyd edildiyi kimi, qərarın qəbul edilməsinə əsas kimi göstərilən hal inzibati xəta hesab edilə bilməz və bu səbəbdən istinad edilən maddələrə əsasən başlanmış icraata xitam verilməlidir. Cavabdeh orqan tərəfindən hazırda mübahisələndirilən qərar qəbul edilərkən, inzibati xətanın mövcud olmaması nəzərə alınmamışdır ki, bu da həmin qərarın ləğv edilməsi üçün kifayət qədər əsasların olduğuna dəlalət edir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin xx xxxx 2020ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 şikayətin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq göstərmişdir ki, o, vergi ödəyicisi kimi qeydə alınaraq adına VÖEN verilmişdir, ümumi sahəsi 7431,8 kv.m olan əmlak kompleksi kimi müəssisə mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmışdır. O, həmin müəssisəni X1 rəsmi müqavilə əsasında icarəyə vermişdir, hazırda da yeni müddətə uzadılmış müqavilə əsasında həmin şəxsin icarəsindədir. Şikayətdə qeyd edilən pozuntuları nəzərə alaraq, inzibati qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxsin vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək, məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin nümayəndəsi, həmin PŞ-də sahə rəisi vəzifəsində xidmət edən polis mayoru X9 bildirmişdir ki, xidməti ərazidə xüsusi karantin rejimi qaydalarına əməl edilməsi vəziyyəti yoxlanılarkən, X4 rəhbər işlədiyi “xxxxxxx” MMC-yə məxsus ünvan 2 ünvanında restoranda açıq məkanda xüsusi karantin rejiminin tələblərini pozaraq 150-200 nəfərlik yas mərasimi keçirməsi müəyyən edilmişdir. X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə onun tərəfindən xx xxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol əsasında 24-cü Polis Şöbəsinin rəisi Məmmədov Cövdət Səttar oğlu tərəfindən qəbul olunmuş xx xxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X8 barəsində 5000 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Şikayətdə qeyd olunan hallar əsassızdır, xüsusi karantin rejimi qaydaları pozulmuşdur. Şikayətin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilərək qərar ləğv olunmalı, lakin iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyindən və inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar 24-cü Polis Şöbəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X9 tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Vət. M.Həsənli rəhbər işlədiyi “xxxxxxx” MMC-də ünvan 2 ünvanında restoranda açıq məkanda xüsusi karantin rejiminin tələblərini pozaraq 150-200 nəfərlik yas mərasimi keçirmişdir”. Nəticədə X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin rəisi Məmmədov Cövdət Səttar oğlu tərəfindən qəbul olunmuş xx xxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, xx xxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X8 barəsində 5000 manat cərimə tənbeh növü tətbiq edilmişdir. -xx xxxxxx 2014-cü il tarixdə verilmiş Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (VÖEN **********) vergi ödəyicisi kimi qeydə alınmışdır. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 2403/04-cü məhəllədə icarədə olan 1.2732 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 7431,8 kv.m olan əmlak kompleksi kimi müəssisə (Şadlıq Sarayı) tam mülkiyyət hüququ üzrə xx xxxxxx 2008-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. -X8 (İcarəyə verən) ilə X2 (İcarəçi) arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanaraq Bakı şəhəri 15 saylı notariat kontorunda təsdiqlənmiş və Reyestrdə 3M-9 nömrə ilə qeyd edilmiş icarə müqaviləsinin surətindən görünür ki, İcarəyə verən Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 2403/04-cü məhəllə ünvanında yerləşən ümumi sahəsi 7431,8 kv.m olan əmlak kompleksi kimi müəssisəni (Şadlıq Sarayını) ictimai iaşə məqsədləri üçün tam hissədə icarəçi X1 icarəyə verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 18.6-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olundu ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, inzibati xəta haqqında protokoldan, protokol əsasında qəbul edilmiş qərardan və digər sənədlərdən görünür ki, inzibati icraat X4 barəsində aparılaraq o, inzibati qaydada tənbeh edilmişdir. X8 vəzifəli şəxs kimi qəbul edilib tənbeh edildiyi halda, İXM-nin 211.1-ci maddəsinin sanksiyasında vəzifəli şəxslərin yalnız üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur, hansı ki, qərarla o, beş min manat məbləğində cərimə edilmişdir. İnzibati icraat hüquqi şəxsin barəsində aparıldığı halda isə hüquqi şəxs barəsində inzibati tənbehin yalnız hakim tərəfindən tətbiq edilməsi, inzibati xəta haqqında protokolun baxılmaq üçün məhkəməyə göndərilməli olması nəzərə alınmamışdır. Bundan başqa, inzibati xəta haqqında iş üzrə icraat zamanı ilk növbədə inzibati xəta hadisəsinin, inzibati xətanın törədilib-törədilməməsi, sonra inzibati xətanı törətmiş şəxs, daha sonra isə digər zəruri hallar müəyyən edilməli və müvafiq sübutlar toplanmalıdır. Baxılan şikayətə dair iş üzrə inzibati xətanın törədilib-törədilməməsinin yoxlanılması, əmələ hüquqi qiymət verilməsi hazırkı işdə mümkün deyil. Ona görə ki, həmin inzibati xətanı törətmiş şəxs düzgün müəyyən edilməmişdir. Yuxarıda istinad edilən sənədlərdən görünür ki, törədilməsi ehtimal edilən inzibati xəta mülkiyyət hüququ üzrə X4 adına qeydiyyata alınmış Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 2403/04-cü məhəllədə yerləşən “xxxxxxx” MMC-yə məxsus əmlak kompleksi kimi müəssisədə (Şadlıq Sarayı) baş versə də, həmin müəssisə xx xxxxxx 2019-cu il tarixdə notarial qaydada bağlanmış icarə müqaviləsinə əsasən X1 icarəyə verilmişdir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 4-cü hissəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır; 5-ci hissəsinə əsasən isə müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli müqavilənin müddəti xx xxxxxx 2020-ci il tarixədək müəyyən edilsə də, inzibati xəta törətmiş şəxsin düzgün müəyyən edilərək onun fiziki, vəzifəli və ya hüquqi şəxs olaraq inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli üçün sözügedən icarə müqaviləsinin qüvvədə olub-olmamasının, eyni müddət üçün uzadılıb-uzadılmamasının müəyyən edilməsi zəruridir. İnzibati araşdırma zamanı qeyd olunan pozuntuların müəyyən edilməsi səbəbindən məhkəmə hesab edir ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması hallarına yol verilməməsi ilə bağlı şikayətdə irəli sürülən dəlillər hazırkı icraatda yoxlanıla bilməz, ona görə məhkəmə hesab edir ki, şikayət həmin hissədə araşdırılmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayətində irəli sürülən dəlillər əsasında olmasa da, mübahisələndirilən qərarı qəbul etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmadığına, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin X3 barəsindəki xx xxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli, xx xxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 53, 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 5000 manat məbləğində inzibati cərimə edilməsinə dair xx xxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin, xx xxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar