Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-835/2022 08.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır; 75.0.1 və 75.0.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs. 99.2-ci maddəsinə əsasən inzibati xətalara dair məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Qanunvericiliyin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hansı ki, təqdim edilmiş materialda belə bir sorğunun özü, eləcə də sorğunun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə poçt vasitəsi ilə göndərilməsini, poçt xəbərnaməsinə imza edərək sorğunu qəbul etdiyi güman edilən şəxsin hüquqi şəxsə münasibətdə kimliyini, adını, soyadını, vəzifəsini göstərən, ümumiyyətlə hüquqi şəxsin müvafiq vəzifəli şəxsi tərəfindən alınmasını təsdiq edən sübutlar mövcud deyildir. Hansı ki, inzibati xətaya dair əməlin tövsifedici əlaməti məhz bu hal və sübutla müəyyən edilir və hüquqi qiymətləndirilir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün, Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş 24 fevral 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-835/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-835/2022
08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver