Məhkəmə qərarları › İş №3(007)-838/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-838/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-838/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov tərəfindən tərtib edilmiş 31.03.2022ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC 27900 Avro məbləğində vəsaiti 21.02.2020-ci il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də 27900 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmətlər) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşı tərəfindən protokol tərtib edilərkən Şəxs MMC-yə hər-hansı məlumat verilməmiş və izahat verilməsi üçün şərait yaradılmamışdır. Bununla da Azərbaycan Respublikası İXM-nin 61-ci və 100.4-cü maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulan hüquqları kobud surətdə pozulduğundan, zəruri izahat vermək və sübutları təqdim etmək imkanından məhrum olunduğundan, barəsində əsassız protokol tərtib edilmişdir. Belə ki, “Audi AG” şirkətinin Azərbaycan Respublikası üzrə rəsmi distribütoru Şəxs MMC-nin fəaliyyət sahəsi “Audi” markalı avtomobillərinin Azərbaycanda satışını həyata keçirmək və təmir işlərini yerinə yetirməkdən ibarətdir. Bu fəaliyyətin həyata keçirilməsindən ötrü Şəxs MMC “Audi AG”-dən avtomobilləri sifariş edərək Azərbaycanda rəsmi satışını həyata keçirir. “Audi AG” üzləşdiyi istehsal və təchizat çətinliklərinə görə Şəxs MMC-yə digər mənbələrdən “Audi” markalı avtomobillərin idxal edilməsinə razılıq verdikdən sonra, Lixtenşteyn knyazlığında fəaliyyət göstərən "xxxx" şirkəti həmin şirkətin əməkdaşları Katharina Wullinger (icraçı direktor) və Stefan Wullinger (biznesin inkişafı şöbəsinin meneceri) vasitəsilə Şəxs MMC-yə müraciət etmiş və “Audi” markalı avtomobilləri xaricdən Azərbaycan Respublikasına gətirilməsi xidmətini həyata keçirdiklərini bildirmişlər. Daha sonra tərəflər arasında müxtəlif vaxtlarda danışıqlar aparılmış və nəhayət 3 (üç) ədəd müxtəlif konfiqurasiyalı “Audi A8” markalı avtomobillərinin Azərbaycana gətirilməsi barədə razılıq əldə edilmişdir. Həmin razılığın nəticəsi olaraq "xxxx" şirkəti 17.02.2020-ci il tarixdə təchizat şərtləri və müqavilə göndərmiş və həmin müqavilənin əlavəsi olaraq fakturalar təqdim etmişdir. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən avtomobillərə görə avans ödənişi edildikdən sonra avtomobillər Azərbaycana göndərilməli idi. Tərəflər arasında razılaşma təsdiqləndikdən sonra "xxxx" şirkətinin tələbi ilə təqdim edilmiş 17.02.2020-ci il tarixli fakturaya əsasən Şəxs MMC "xxxx" şirkətinin “Deutsche Bank AG”də yerləşən hesabına 20.02.2020-ci il tarixdə "xxxx" ASC vasitəsilə avtomobillərin ümumi dəyərinin 10 %-i məbləğində, yəni 27900 Avro məbləğində avans ödənişini həyata keçirmişdir. Avans ödənişi həyata keçirdikdən sonra "xxxx" şirkətinin əməkdaşları hər üç avtomobili 20.05.2020-ci il tarixədək Azərbaycana göndərəcəklərini bildirmişlər. Avtomobillər təchiz edilməsi üçün göndərildikdən və buna dair təsdiqedici sənədlər təqdim edildikdən sonra isə qalıq ödəniş həyata keçirilməli idi. Avans ödənişi edildikdən sonra "xxxx" şirkətinin əməkdaşları müxtəlif bəhanələrlə avtomobilləri göndərməkdən yayınmağa başlamışlar. Belə ki, onlar əvvəlcə pandemiyanı bəhanə gətirməklə avtomobillərin göndərilməsinin mümkün olmadığını bildirməklə müəyyən vaxt istəmişlər. Həmin vaxt keçdikdən sonra isə avtomobillərin göndərilməyəcəyi anlaşılandan sonra Şəxs MMC ödədiyi avans məbləğinin geri qaytarılmasını "xxxx" şirkətindən tələb etmişdir. Əvəzində isə "xxxx" şirkəti maliyyə vəziyyətlərinin böhrana uğradığını və borclarının kəskin artdığını bəhanə gətirərək pulun hissə-hissə ödənilməsinin razılaşdırılmasını xahiş etmişlər. Həmin razılıq əldə edilsə də heç bir nəticəsi olmamışdır. Sonralar gah şirkətlərinin iflasa uğradığını, şirkəti ləğv etdirdiklərini və s. bəhanələrlə pulun ödənilməsindən imtina etmişlər. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, "xxxx" şirkəti səhmdarların 18.05.2020-ci il tarixli ümumi yığıncağının qərarı ilə ləğv edilmiş və ləğvetmə prosesindədir. Lixtenşteyn Knyazlığının 29.03.2021-ci il tarixli (05 KO.2021.168) qərarı ilə borcların ödənilməsi üçün yetəri qədər vəsait olmadığı üçün müflis olma haqqında verilmiş ərizələri isə rədd edilmişdir. Hər dəfə müxtəlif bəhanələr gətirən "xxxx" şirkətinin əməkdaşları (xüsusən şirkətin biznesin inkişafı şöbəsinin meneceri Stefan Wullinger) tərəfindən ödənilən 27900 Avro pulun geri qaytarılmayacağı müəyyən edildikdən sonra Şəxs MMC aidiyyəti üzrə araşdırmanın aparılması və qanuni tədbir görülməsi üçün Azərbaycan Respublikasının Lixtenşteyn Knyazlığındakı Səfirliyinə, Lixtenşteyn Knyazlığının Ədliyyə Nazirliyinə və Almaniya Federal Ədliyyə Nazirliyinə müraciət edilməsi qərarını vermiş və bu barədə qabaqcadan "xxxx" şirkətinin əməkdaşı Stefan Wullingerə məlumat verilmişdir. Bundan sonra Stefan Wullinger Şəxs MMC-nin direktoru Vüqar Məmmədova müraciət edərək hesablarının dondurulduğunu bildirmiş və ödənişin 14000 Avro hissəsinin başqa şirkət tərəfindən həyata keçirilməsi təklifini etmişdir. Bununla bağlı Şəxs MMC ilə Lixtenşteyn Knyazlığının qanunvericiliyi əsasında yaradılan, orada fəaliyyət göstərən və Stefan Wullinger şəxsində təmsil olunan “SKK Consulting GMBH” arasında Şəxs MMC ilə "xxxx" şirkəti arasında bağlanan 17.02.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 25.02.2022-ci il tarixli əlavə sazişi təsdiqlənmişdir. Həmin sazişin müddəalarına əsasən "xxxx" şirkəti ilə Şəxs MMC arasında bağlanan alqı-satqı müqaviləsi üzrə "xxxx" şirkəti tərəfindən Şəxs MMC-yə təhvil verilməli 3 (üç) ədəd “Audi A8” markalı avtomobillərinin alqı-satqısı üçün "xxxx" şirkəti tərəfindən təqdim edilmiş fakturaya əsasən Şəxs MMC 20.02.2020-ci il tarixdə "xxxx" ASC vasitəsilə "xxxx" şirkətinin “Deutsche Bank AG”də yerləşən hesabına avtomobillərin ümumi dəyərinin 10 %-i məbləğində, yəni 27900 Avro məbləğində avans ödənişini həyata keçirmiş, lakin "xxxx" şirkəti tərəfindən avtomobillərin Azərbaycan Respublikasına göndərilməsi mümkün olmamışdır. "xxxx" şirkətinin səhmdarlarının 18.05.2020-ci il tarixli ümumi yığıncağının qərarı ilə "xxxx" şirkətinin ləğvetmə prosesində olmasını və ödəmə qabiliyyətinin olmamasını nəzərə alaraq Şəxs MMC və Üçüncü şəxs razılaşmışdır ki, Şəxs MMC tərəfindən "xxxx" şirkətinin bank hesabına avans məbləği kimi ödənilmiş vəsaitin 50.2 %-i olan 14000 Avro Üçüncü şəxs tərəfindən Şəxs MMC-nin bank hesabına köçürmə yolu ilə geri qaytarılsın. Həmin sazişin 3.1-ci bəndinin tələbi yerinə yetirildikdən sonra Avans məbləğinin geri qaytarılmayan qalıq hissəsi olan 13900 Avro "xxxx" şirkətindən onun ləğv prosesində olduğu və ödəmə qabiliyyətinin olmadığı dövrdə Şəxs MMC tərəfindən tələb edilməyəcəkdir. Lakin "xxxx" şirkəti öz fəaliyyətini bərpa etdiyi və ya ödəmə qabiliyyətinin yarandığı zaman, habelə bu barədə Şəxs MMC-yə hər hansı məlumatın daxil olduğu zaman Şəxs MMC qeyd edilən qalıq məbləği geri tələb etmək hüququ formalaşacaqdır. Qeyd edilən saziş təsdiq edildikdən sonra, Üçüncü şəxs tərəfindən Şəxs MMC-nin "xxxx" ASC-də olan hesabına 01.03.2022-ci il tarixdə 14000 Avro köçürülmüşdür. Qalıq məbləğin köçürülməməsi isə Şəxs MMC-nin təqsirindən baş verən hal deyil və "xxxx" şirkəti öz fəaliyyətini bərpa etdiyi və ya ödəmə qabiliyyətinin yarandığı zaman, habelə bu barədə Şəxs MMC-də hər hansı məlumatın daxil olduğu zaman Şəxs MMC qeyd edilən qalıq məbləği geri tələb edəcəkdir. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Şəxs MMC 2018-ci ildən bəri fəaliyyət göstərir və hal-hazıradək onun barəsində hər hansı inzibati xəta haqqında protokol və ya qərar qəbul edilməmişdir. Hazırki vəziyyətdə isə təqsiri yoxdur, protokolun tərtib edilməsi MMC-nin xarici şirkət tərəfindən etibarından sui-istifadə zəminində malın təqdim edilməməsi, sonradan müxtəlif bəhanələrlə ödənişin geri qaytarılmamasından irəli gəlmişdir. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından və MMC-nin təqsirliliyi sübuta yetirilmədiyindən, onun barəsində başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 19.02.2020-ci il tarixli xaricə köçürməyə dair ərizədən görünür ki, "xxxx" şirkəti ilə Şəxs MMC arasında bağlanmış 17.02.2020-ci il tarixli, RE-5100 saylı müqavilə üzrə Şəxs MMC tərəfindən "xxxx" şirkətinin hesabına 27900 Avro köçürülmüşdür. - Lixtenşteyn knyazlığı Knyazlığın rayon məhkəməsinin 05 KO.2021.168 nömrəli qərarından görünür ki, "xxxx" şirkətinin ləğvetmə komissiyasının ərizəsi əsasında MMC-yə məxsus olan əmlak üzrə müflis olma proseduru açılmış və kreditorun borclarının ödənilməsi üçün yetəri qədər vəsait yaxud da əmlak olmadığı üçün prosedur ləğv edilmişdir. Eyni zamanda MMC-nin Ədliyyə İdarəsinin ticarət reyestrindən çıxarılması üçün göstəriş verilmişdir. - “Alıcı” Şəxs MMC ilə “Üçüncü şəxs” “SKK Consulting GMBH” şirkəti arasında bağlanmış 25.02.2022-ci il tarixli, 01 nömrəli əlavə sazişdən görünür ki, "xxxx" şirkəti ilə Şəxs MMC arasında bağlanan 17.02.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə "xxxx" şirkəti tərəfindən Şəxs MMC-yə təhvil verilməli 3 ədəd “Audi A8” markalı avtomobillərinin alqı-satqısı üçün "xxxx" şirkəti tərəfindən təqdim edilmiş fakturaya əsasən Şəxs MMC 20.02.2020-ci il tarixdə "xxxx" ASC vasitəsilə "xxxx" şirkətinin “Deutsche Bank AG”-də yerləşən hesabına avtomobillərin ümumi dəyərinin 10%-i məbləğində, yəni 27900 Avro məbləğində avans ödənişini həyata keçirmiş, lakin "xxxx" şirkəti tərəfindən avtomobillərin Azərbaycan Respublikasına göndərilməsi mümkün olmamışdır. "xxxx" şirkətinin səhmdarlarının 18.05.2020-ci il tarixli ümumi yığıncağının qərarı ilə "xxxx"-ın ödəmə qabiliyyətinin olmaması və silindiyini nəzərə alaraq Alıcı və Üçüncü şəxs hazırkı Saziş ilə razılaşır ki, Şəxs MMC tərəfindən "xxxx" şirkətinin bank hesabına avans məbləği kimi ödənilmiş vəsaitin 50.2%-i olan 14000 Avro Üçüncü şəxs tərəfindən Alıcının bank hesabına köçürmə yolu ilə geri qaytarılacaqdır. Həmin sazişin 3.1-ci bəndinə əsasən Üçüncü şəxs avans məbləği kimi "xxxx" şirkətinə ödənilən 27900 Avronun 50.2%-ni, yəni 14000 Avronu birdəfəlik ödəniş kimi 01.03.2022-ci il tarixədək Alıcıya ödəməlidir. Həmin sazişin 3.2-ci bəndinə əsasən Hazırkı sazişin 3.1-ci bəndinin tələbi yerinə yetirildikdən sonra avans məbləğinin geri qaytarılmayan qalıq hissəsi olan 13900 Avro "xxxx" şirkətindən onun ləğv olduğu və ödəmə qabiliyyətinin olmadığı dövrdə Alıcı tərəfindən tələb edilməyəcəkdir. Lakin "xxxx" şirkəti öz fəaliyyətini bərpa etdiyi və ya ödəmə qabiliyyətinin yarandığı zaman, habelə bu barədə Alıcıya hər hansı məlumatın daxil olduğu zaman Alıcının qeyd edilən qalıq məbləğin 25%-ni geri tələb etmək hüququ formalaşır. Qalan 25% isə Alıcı nə "xxxx", nə də 3-cü tərəfdən tələb etməyəcək. Hazırkı bəndə əsasən ləğvedilməyə və ya ödəmə qabiliyyətinin olmadığına dair sübutetmə yükü "xxxx" şirkətinin vəzifəsidir. - MT103 nömrəli bildirişdən görünür ki, 01.03.2022-ci il tarixdə “SKK Consulting GMBH” şirkəti tərəfindən Şəxs MMC-ni hesabına 14000 Avro köçürülmüşdür. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 17.02.2020-ci il tarixli müqavilə üzrə 21.02.2020-ci il tarixdə Şəxs MMC tərəfindən "xxxx" şirkətinin hesabına 27900 Avro köçürülmüşdür. Dünyada baş vermiş pandemiya ilə əlaqədar və "xxxx" şirkətinin kifayət qədər vəsaiti və ya əmlakı olmadığından həmin şirkət tərəfindən, köçürülmüş 27900 Avro məbləğində pulun müqabilində mal göndərilməmiş və ya həmin vəsait geri qaytarılmamışdır. Şəxs MMC ilə "xxxx" şirkəti arasında bağlanmış 17.02.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Şəxs MMC ilə “SKK Consulting GMBH” şirkəti arasında 25.02.2022-ci il tarixli, 01 nömrəli əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən Şəxs MMC tərəfindən ödənilmiş 27900 Avro məbləğin 14000 Avro hissəsi 01.03.2022-ci il tarixdə “SKK Consulting GMBH” şirkəti tərəfindən Şəxs MMC-nin hesabına köçürülmüşdür. Həmçinin həmin sazişə əsasən "xxxx" şirkəti öz fəaliyyətini bərpa etdiyi və ya ödəmə qabiliyyətinin yarandığı zaman, habelə bu barədə Şəxs MMC-yə hər hansı məlumatın daxil olduğu zaman Şəxs MMC-nin qalıq məbləğin 25%-ni geri tələb etmək hüququnun formalaşacağı və qalan 25%-i isə tələb etməyəcəyi barədə razılığa gəlmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin təqsiri üzündən baş vermədiyi üçün Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur və bu səbəbdən də onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar