Məhkəmə qərarları › İş №3(007)-841/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-841/2022

07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-841/2022 07.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X2, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, 29 avqust 1982-ci il tarixdə Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləyən, Sabirabad rayonunun Qaraqaşlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi ev 4, mənzil 37-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 07 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 07 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 07 aprel 2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan 3(007)-840/2022 nömrəli və Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan 3(007)-841/2022 nömrəli inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(007)-841/2022 nömrəsi saxlanılmışdır. 07 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 24 mart 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki 81 nömrəli yaşayış binasına gedərək, Zərərçəkmiş şəxs yaşadığı 174 nömrəli mənzilin qapısını döymüş, onun ünvanına nalayiq söyüşlər işlədib səs-küy salmış, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə onu narahat etməklə xırda xuliqanlıq etmişdir. 07 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 07 aprel 2022-ci il tarixdə saat 21:30-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən 24-cü polis şöbəsinin inzibati binasında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X4 protokolların məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, əvvəllər qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs Hövsan qəsəbəsinə onun yaşadığı evə gedərək narazılıq yaratmış, ona görə o da 24 mart 2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı binaya gedərək mənzilinin qapısını döymüş, mənzilinin qapısı ağzına yeşik qoymuş, zibil atmışdır. Bunu ona görə etmişdir ki, Xəyalə ondan əl çəksin, ondan əl çəksin. 24-cü polis şöbəsində olarkən isə polislərə qarşı tabesizlik göstərməmişdir, buna dair hər hansı sübut yoxdur. Protokolu ona görə tərtib etmişlər ki, ona həbs verilsin. Həmin hissədə əməlində inzibati xəta tərkibi olmadığına görə işin icraatına xitam verilməsini, xırda xuliqanlıq əməlinə görə barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs ilə 2018-ci ildən tanış olmuşlar, münasibətləri pozulduğuna görə ayrılmışlar, daim münaqişəli vəziyyətdə olmuşlar. Buna baxmayaraq Şəxs onu rahat buraxmır, daim narahat edir, hər gecə yaşadığı mənzilin qapısına gəlir, onu güdür, izləyir, ölümlə hədələyir, üstünə kislota atacağını, oğluna spid iynəsi vuracağını bildirir. Şəxs onu ölüm həddinə çatdırmışdır. Şəxs onu təhdid edir ki, barışmasa onu öldürəcəkdir. Şəxs bu hərəkətləri azyaşlı uşaqlarının psixologiyasına mənfi təsir göstərir. Növbəti dəfə 24 mart 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 2 ünvanında olarkən qapı döyülmüş, gözlükdən baxanda Şəxs olduğunu görmüşdür. Şəxs hərəkətlərindən onun sərxoş vəziyyətdə olması açıq görünmüş, o, dayanmadan yumruğu və təpiyi ilə qapını döymüş, qışqıraraq qapını açmasını tələb etmiş, onun ünvanına ucadan nalayiq söyüşlər söymüşdür. Şəxs bu hərəkətlərindən narahatlıq keçirmiş, binanın blokunda səs-küy yaranmış, qonşular da bundan narahat olmuşlar. Şəxs mənzilin qapısı ağzına boş yeşik qoymuş, zibil tökmüşdür. Mənzilin qapısının gözlüyündən baş verənləri videoya çəkmiş, baş verənlərlə bağlı polisə şikayət etmişdir. Şəxs barəsində ciddi inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili X5 izahatında göstərmişdir ki, 24 mart 2022-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə və 24-cü polis şöbəsinə müraciət edərək Şəxs ona qarşı xuliqanlıq hərəkətlərinə yol verməsi, onu nalayiq söyüşlərlə söyüb təhqir etməsi, narahat etməsi barədə məlumat vermişdir. Görülmüş tədbirlər nəticəsində Şəxs 06 aprel 2022-ci il tarixdə saat 21:30 radələrində “Neftçilər” metrostansiyası yaxınlığında saxlanılaraq 24-cü polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin inzibati binasında olarkən Şəxs heç bir səbəb olmadan ucadan səs-küy yaratmış, inzibati binanı tərk edərək getməyə cəhd etmişdir. Bunun qarşısı alınarkən və nizam-intizama dəvət olunarkən Şəxs onların qanuni tələblərinə tabe olmaq istəməmiş, öz qanunsuz hərəkətlərini davam etdirməklə səs-küy yaratmağa davam etmiş, habelə polislərin ünvanına qarşı nalayiq ifadələr işlətmiş, polis şöbəsinin iş rejimini pozmuşdur. Şəxs hərəkətlərindən və ondan spirtli iy gəlməsinə görə içkili olduğu hiss olunmuş, buna görə tibbi müayinədən keçirilmiş və onun orta dərəcəli sərxoşluq vəziyyətində olduğu müəyyən edilmişdir. Raportla şöbə rəhbərliyinə müraciət edərək həmin şəxsin barəsində inzibati qaydada tənbeh tədbiri görülməsini xahiş etmişdir. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 06 aprel 2022-ci il tarixli 2/6888 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:25-də keçirilən tibbi müayinəsi zamanı orta dərəcəli sərxoş olması müəyyən edilmişdir. İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 3(007)-181/2022 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 535.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə Şəxs izahatında göstərilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhdi kimi qiymətləndirir və qeyd edir ki, irəli sürdüyü dəlillər məhkəmə iclasında toplanaraq tədqiq olunmuş sübutlarla təkzib olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətaya görə inzibati tənbeh almış şəxs kimi eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyətini yüngülləşdirən halın olmamasını, məsuliyyətiu ağırlaşdıran halın olmasını nəzərə alaraq, İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı iş üzrə 06 aprel 2022-ci il tarixdə saat 21:30-da inzibati qaydada tutulmuşdur, lakin bunun ardınca onun sərxoşluq vəziyyəti yoxlanılaraq orta dərəcəli sərxoş olması müəyyən edilmişdir, ona görə məhkəmə hesab edir ki, inzibati həbsinin başlanğıcı həmin vaxtdan hesablana bilməz, materialın məhkəməyə təqdim edildiyi vaxtdan, 07 aprel 2022-ci il saat 15:15-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 07 aprel 2022-ci il saat 15:15-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X3 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar