Məhkəmə qərarları › İş №3(007)-844/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-844/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-844/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 iştirakı ilə, Bakı şəhər BPİ X9 İdarəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər BPİ X9 İdarəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 22 yanvar 2025-ci il tarixində, saat 15.00 radələrində həyat yoldaşını təcili həkim müayinəsinə apararkən Qara Qarayev prospekti və Nəsimi küçəsinin kəsişdiyi dörd yolayrıcından üzü Nizami rayon İcra Hakimiyyətinin inzibati binasına tərəf gedərkən yolayrıcına çatmağına çox az məsafə qalmış öncə svetoforun yaşıl işığının sönüb yandığını və dərhal ardınca sarı işığın yandığını görmüş, “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsinin İV bəndini, həmçinin, bu zaman qarşıda-yolların kəsişmə hissəsində heç bir avtomobil və piyadaların olmadığını əsas götürüb, sərt tormozlanma etmədən yolu keçməyi qərarlaşdırmış və heç bir təhlükə yaratmadan keçmişdir. Bu zaman həyat yoldaşının yüksək təzyiq və temperatur içərisində, halsız vəziyyətdə olması da yol ayrıcını təcili keçməyinə əsas səbəblərdən olmuşdur. Lakin yolu keçdikdən bir neçə saniyə sonra arxasınca DYP-yə məxsus, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini və oradakı DYP əməkdaşının “saxla” əmri verdiyini görmüş və dərhal əmrə uyğun olaraq avtomobilini yolun kənarında saxlamışdır. Ona yaxınlaşan DYP əməkdaşı öncə avtomobili svetoforun qırmızı işığında keçdiyini bildirmişdir. O isə öz növbəsində həmin DYP əməkdaşına yolayrıcını yuxarıda göstərdiyi şəraitdə və “Yol hərəkəti haqqında” qanunun 60-cı maddəsinin İV bəndini, həmçinin, bu zaman qarşıda-yolların kəsişmə hissəsində heç bir avtomobil və piyadaların olmadığı, habelə, həyat yoldaşının yüksək təzyiq və temperatur içərisində halsız vəziyyətdə olması və ən tez zamanda həkimə çatdırmaq istəyi səbəbindən tələsdiyi üçün keçdiyini bildirmişdir. Ancaq bütün bunlara rəğmən həmin DYP əməkdaşı elektron sistemdən onun İmişli rayonundan olduğunu öyrəndikdən sonra sifət ifadələrini sərtləşdirib, polis etikasına uyğun olmayaraq səlahiyyətlərinə aid olmayan ictimai-siyasi məzmunlu suallar və iradlar ünvanlamışdır. İradları bu günlərdə yüksək sürətlə hərəkət edən, heç bir nəqliyyat sıxlığı və qəza təhlükəsi olmayan birtərəfli geniş yolda DYP avtomobilinin 5 gənci vurması, 3 məktəblinin ölməsinə səbəb olan yol qəzası və ictimaiyyətin buna etirazı ilə bağlı olmuşdur. Daha sonra o, İmişlililərin DYP əməkdaşlarına qərəzli və xoş olmayan münasibətlərindən xüsusi narazılığını bildirməyə başlamış və o da öz növbəsində insanların DYP əməkdaşının səhlənkarlığı səbəbindən baş verən bu hadisəyə etirazı və emosional reaksiyasının təbii olduğunu bildirmişdir. Bütün bunlardan sonra həmin DYP əməkdaşı avtomobildə oturan əməkdaşa yaxınlaşıb onun İmişlidən olduğunu da əsas gətirib dərhal cəzalanmalı olduğunu bildirmişdir və onunla olduqca saymazyana, etik davranışdan uzaq davranış sərgiləyərək dərhal protokol yazılmalı olduğunu vurğulamış və İXM-nin 327.2-ci bəndini əsas gətirərək İXP seriyalı, ******* nömrəli elektron protokol tərtib etmişdir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, ABŞ-da “İqtisadi düşüncə mərkəzlərinin yaradılması və idarəedilməsi” proqramının müdavimi, habelə, dünyanın onlarla ölkəsində böyük konfrans və Assambleyalarda ölkəni təmsil edən ekspert, ictimai xadimdir. Tələbələrə isə hər zaman qanun və qaydalara xüsusi diqqət göstərməyi və əməl etməyi təbliğ edən müəllimdir. Həmin polis əməkdaşının DYP və YPX əməkdaşı adına adekvat olmayan davranışı, o cümlədən, sürücünü səlahiyyətlərinə aid olmayan fərqli ictimai-siyasi motivli suallarla sorğulamağı, vətəndaşa regional mənsubluğunu irad tutması və s. kimi əməl və rəftarını nəzərə alıb ona qanunvericilik əsasında lazımi tənbeh tədbiri verilməsi üçün hüquqi prosedurların həyata keçirilməsini, həmçinin Bakı şəhər BPİ X9 İdarəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən Bakı şəhər BPİ X9 İdarəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər BPİ X9 İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər BPİ X9 İdarəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə, saat 15:11-də idarə etdiyi “Toyota Corolla” minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Qara Qarayev prospektində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9-cu maddinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, inzibati orqana məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, lakin X2 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən əməlində inzibati xətanın olub-olmamasının, inzibati xəta törədən şəxsin təqsirinin və işin düzgün həlli üçün əhəmiyyətli olan halların müəyyən edilməsi üçün hansı sübutlara istinad edilməsinə dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. İş üzrə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübut toplanılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Bakı şəhər BPİ X9 İdarəsi isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi sübutları əldə etməli, onları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli, bu zaman şəxsin təqsirli olmasına dair yaranmış şübhələri onun xeyrinə həll etməli olduğu halda, qeyd edilən halları ümumiyyətlə müəyyən etmədən X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli olması qənaətinə gəlmişdir. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Həmin Məcəllənin İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər BPİ X9 İdarəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar